Məhkəmə qərarları › İş №2(004)-2613/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2613/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2613/2021 20.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxara MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21-M-2-0-137-14 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC – nin xeyrinə xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4515,81 manat əsas borcun, 318,81 manat faiz borcunun, 25,24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4859,86 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxxx 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 28 faizlə 24 ay müddətinə 12,700 ABŞ dolları kredit götürmüşdür. Həmin müqavilə üzrə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. xx xxxxx 2017-ci il tarixdə kredit müqaviləsinə edilən Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 4937.2 ABŞ dolları Mərkəzi Bankın xx xxxxx 2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 8406.08 AZN təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2021-ci il fevral 09-dək Cavabdeh1 banka xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 4515.81 AZN əsas borc, 318.81 AZN faiz borcu və 25.24 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 4859.86 AZN borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında kredit müqaviləsi üzrə bankdan qeyd edilən məbləğdə kredit götürdüyünü, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən kredit müqaviləsi üzrə hesablanmış faiz məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “xxxx” İKB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li kredit müqaviləsindən görünür ki, Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 28% dərəcəsi ilə 12,700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li kredit və xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li zaminlik müqavilələrinə xx xxxxxx 2015-ci il tarixdə dəyişiklik edilmiş, “xx.xx.2016” sözləri xx.xx.2018 sözləri ilə əvəz edilmiş və kreditin bağlanma tarixi xx.xx.2018-ci il hesab edilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə “xxxx” İKB ASC arasında bağlanmış xx xxxxx 2017-cü il tarixli, 21-M-2-0-137-14 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li kredit müqaviləsinə edilən xx xxxxx 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 4937.2 ABŞ dolları Mərkəzi Bankın xx xxxxx 2017-ci il tarixə olan məzənnəsi ilə (və ya Bankın müəyyən etdiyi məzənnə ilə) kovnertasiya edilməklə 8406.08 AZN təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. İş materiallarında olan xx xxxxx 2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li zaminlik müqaviləsinə edilən xx xxxxx 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, kreditin qalıq məbləği 8406.08 AZN təşkil edir, kreditin müddəti xx.xx.2022-ci il tarixədək təyin edilir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx xxxxxx 2022ci il tarixədək hər ay 218.93 (iki yüz on səkkiz manat doxsan üç qəpik) manat sonuncu ay 218,32 (iki yüz on səkkiz manat otuz iki qəpik) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, həmin tarixə Cavabdeh1 xx.xx.2017-ci il tarixli M-2-0-137-14 №-li kredit müqaviləsi üzrə 4515,81 manat əsas, 318,81 manat faiz və 25,24 manat cərimə olmaqla, cəmi 4859.86 (dörd min səkkiz yüz əlli doqquz manat səksən altı qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx xxxxxx 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehlərə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borclarını 5 gün müddətində ödəməyəcəkləri təqdirdə qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş qəbzindən (№7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli 21-M-2-0-137-14 №-li kredit müqaviləsinə əsasən iddiaçı “xxxx” İKB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28% ilə 12700 (on iki min yeddi yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 ilə “xxxx” İKB ASC arasında bağlanmış M-2-0-137-14 saylı xx.xx.2014-ci il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, nəticədə onun bank qarşısında əsas borc üzrə 4515,81 manat, faiz borcu üzrə 318,81 manat faiz borcu və 25,24 manat məbləğində cərimə yaranmışdır. Məhkəmə xx.xx.2014-cü il tarixli 21-M-2-0-137-14 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz borcu və cərimə hissəsində tam təmin edilməli, 4515.81 manat məbləğində əsas kredit borcu, 318.81 manat məbləğində faiz borcu, 25.24 manat cərimə olmaqla, cəmi 4859.86 manat pul Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa, məhkəmə iddia tələbinin iddiaçı “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21-M-2-0-137-14 №-li kredit müqaviləsinin ləğv edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də, əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 21-M-2-0-137-14 №-li bank hesab, kredit və zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4515.81 (dörd min beş yüz on beş manat səksən bir qəpik) manat əsas borc, 318.81 (üç yüz on səkkiz manat səksən bir qəpik) manat faiz borcu, 25.24 (iyirmi beş manat iyirmi dörd qəpik) manat cərimə olmaqla, cəmi 4859.86 (dörd min səkkiz yüz əlli doqquz manat səksən altı qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehlərə aid edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 21-M-2- 0137-14 №-li bank hesab, kredit və zaminlik müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4515.81 (dörd min beş yüz on beş manat səksən bir qəpik) manat əsas borc, 318.81 (üç yüz on səkkiz manat səksən bir qəpik) manat faiz borcu, 25.24 (iyirmi beş manat iyirmi dörd qəpik) manat cərimə olmaqla, cəmi 4859.86 (dörd min səkkiz yüz əlli doqquz manat səksən altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı ASC – nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar