Məhkəmə qərarları › İş №2(004)-262/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-262/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-262/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2553,41 manat əsas borc, 16,49 manat faiz borcu olmaqla ümumilikdə 2569,90 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulub "xxxx" KB ASC-yə ödənilməsi baradə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 2998,46 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverərənə qaytarmağı öhdəsinə götürüb. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Nəticədə cavabdehin banka 15.09.2021-ci il tarixə 2553,41 manat əsas, 16,49 manat faiz olmaqla, cəmi 2569,90 manat borcu yaranmışdır. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsini və məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş və bunun səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə iddiaçı "xxxx" KB ASC arasında 20.09.2019-cu il tarixli, 2610rstBANK/19 saylı kredit müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən Cavabdeh 60 ay müddətinə, illik 1% ödəmək şərti ilə 2998,46 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 15.09.2021-ci il tarixli, BANK/PİKMD/983260 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 20.09.2019-cu il tarixli, 2610rstBANK/19 saylı müqavilə üzrə 15.09.2021-ci il tarixə ümumilikdə 2569,90 manat məbləğində borcu vardır. İş materiallarında olan 9/8075 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh 20.09.2019-cu il tarixli, 2610rstBANK/19 saylı kredit müqaviləsi üzrə 25.01.2022-ci il tarixə banka əsas borc üzrə 2511,79 manat və faiz borcu üzrə 9,27 manat məbləğində pul vəsaiti borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş digər pul vəsaitlərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan digər pul vəsaitlərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam olaraq yerinə yetirməmişdir. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, məhkəmə mübahisənin tam və ədalətli həlli üçün mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 9/8075 nömrəli ekspert rəyinə əsasən isə, Cavabdeh 20.09.2019-cu il tarixli, 2610rstBANK/19 saylı kredit müqaviləsi üzrə 25.01.2022-ci il tarixə 2511,79 manat əsas, 9,27 manat faiz olmaqla, cəmi 2521,06 manat məbləğində borcu olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğu üçün qismən təmin edilməli, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 20.09.2019-cu il tarixli, 2610rstBANK/19 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh əsas borc üzrə hesablanmış 2511,79 manat və faiz borcu üzrə hesablanmış 9,27 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1, 216-220-ci, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2511,79 (iki min beş yüz on bir manat yetmiş doqquz qəpik) manat əsas, 9,27 (doqquz manat iyirmi yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2521,06 (iki min beş yüz iyirmi bir manat altı qəpik) manat borc pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar