Məhkəmə qərarları › İş №2(004)-2620/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2620/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2620/2025 15.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş ziyana görə 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat və dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat pulun, ümumilikdə 3938 (üç min doqquz yüz otuz səkkiz) manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli “Nəqliyyat vasitəsinin icarə müqaviləsi”-nə əsasən ona məxsus BYD QİNG PLUS PLUG-İN HİBRİD minik markalı, 77SL401 dövlət nömrə nişanlı, ağ rəngli, 2024-cü il buraxılış ili olan avtomaşını xx.xx.2024-cü il tarixinə qədər aralarında bağlanmış müqavilənin 3.1-ci bəndinə əsasən hər gün üçün 55 (əlli beş) manat icarə haqqı ödəmək şərti ilə cavabdehin istifadəsinə vermişdir. Həmçinin həmin müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflərin etirazı olmadıqda müqavilə daha 1 ay müddətinə uzadılması razılaşdırılmışdır. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsinin qorunması və saz vəziyyətdə saxlanması üçün icarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır. Bütün avtoqəza hallarında avtomobilə dəymiş ziyanı icarəçi ödəyir. Avtomobilin cərimələri maksimum 3 gün ərzində ödənilməlidir. Bundan başqa Cavabdeh və onun tərəfindən xx.xx.2024-cü il tarixində imzalanmış “Təhviltəslim aktı”-da da cavabdeh avtomobili təhvil aldığını, kosmetik və digər heç bir problemi olmadığını qeyd edərək avtomobili təhvil götürmüşdür. Eyni zamanda xx.xx.2024-cü il tarixində xx.xx.2025-ci il tarixinə qədər qüvvədə olan “X1 Edilməsinə Dair” etibarnamə ilə avtomaşını onun istifadəsinə vermişdir. Bundan sonra sözügedən nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olduğu müddətdə onun törətmiş olduğu inzibati xətalara görə ümumilikdə 2768 (iki min yeddi yüz almış səkkiz) manat cərimə ödəmişdir (qəbzlərin surətləri əlavə edilir). Qeyd edir ki, sözegedən cəriməni ödəmək üçün bir il müddətinə aylıq 192 manat ödəməklə 2.000 (iki min) manat kredit götürmüş və yekunda həmin məbləğə əlavə olaraq 300(üç yüz) manat fazi ödəməlidir. Məlumat üçün bildirir ki, Cavabdeh avtomobili gətirən zaman inzibati xətaların onun tərəfindən törədildiyini etiraf edərək, cərimələri ödəyəcəyini bildirib bu barədə qəbz yazmışdır (qəbzin surəti əlavə edilir). Bundan başqa avtomobili Cavabdeh alındıqdan sonra 300 ABŞ dolları dəyərində (510 AZN) olan sarj aparatının avtomaşında olmadığı, həmçinin avtomaşında bəzi cızıqların olduğu müəyyən edilmişdir. Buna görə avtomaşında 300 (üç yüz) manat dəyərində kosmetik işlər görülmüşdür (qəbzin surəti əlavə edilir). Qeyd edilən xüsusatlardan da göründüyü kimi Cavabdeh tərəfindən ona ümumilikdə 3878 (üç min səkkiz yüz yetmiş səkkiz) manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyəverən İddiaçı, qanuni əsaslarla ona məxsus olan “BYD QİN PLUS” markalı minik nəqliyyat vasitəsini (sonradan «Nəqliyyat vasitəsi» adlandırılır; Dövlət nömrə nişanı: **-SL-***; Buraxılış ili: 2024; Rəngi: ağ, Tip: sedan; Ban:-) icarəyə verir, İcarəçi Cavabdeh isə həmin Nəqliyyat vasitəsini qanunla qadağan olunmayan ehtiyacları üçün öz istifadəsinə qəbul edir və nəqliyyat vasitəsinin 1 (bir) təqvim günü müddətinə icarəsi üçün icarəverənə 55 manat məbləğində icarə haqqını ödəyir. Həmin müqavilənin 5-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbyacan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. İcarəçi qanunvericilikə müəyyən olunmuş qaydada icarəyə alınmış nəqliyyat vasitəsinin qorunması və saz olunması üçün icarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır. Bütün avtoqəza hallarında avtomobilə dəymiş ziyanı icarəçi ödəyir. Avtomobil cərimələri maksimum 3 gün ərzində ödənilməlidir. İş materiallarına əsasən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən “15” avqust 2024-cü il tarixli “Nəqliyyat vasitəsinin icarə müqavi!əsi”-nin tərəflərini təmsil edən, “İcarəyəverən” “İddiaçı Əli oğlu” nümayəndəsi və icarəçi “Cavabdeh” nümayəndəsi bu aktı ona görə tərtib etmişlər ki, icarəyəverən göstərilən Müqavilənin şərtlərinə müvafiq “BYD QİN PLUS” markalı minik Nəqliyyat vasitəsi (Dövlət nömrə nişanı: **-SL-***; Buraxılış ili: 2024; Rəngi: ağ; Tip: sedan; Ban:-) icarəçinin xidməti ehtiyacları üçün İcarəçinin istifadəsinə icarəyə təhvil verir, icarəçi isə həmin Nəqliyyat vasitəsini icarəyə qəbul edir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona idarə etmək üçün kirayə götürdüyü **-SL-***, BYD GİN PLUS markalı avtomobildə var olan cərimələr ona aiddir. İXP 6530148, EQ 23504295, İXP 6548015, EQ 23600315, EQ 23683143, İXP 6571396, EQ 23759801 cərimələri zamanında ödəməyi üzərinə öhdəlik kimi qəbul etmiş və gecikmiş ödənişlərə görə dəymiş bütün maddi ziyanı üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23504295 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən “BYD QİNG PLUS PLUG-İN HİBRİD” minik markalı, 77SL401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı EQ 23504295 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara görə 400 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23600315 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən “BYD QİNG PLUS PLUG-İN HİBRİD” minik markalı, 77SL401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı EQ 23600315 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara görə 400 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23683143 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən “BYD QİNG PLUS PLUG-İN HİBRİD” minik markalı, 77SL401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı EQ 23683143 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara görə 400 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 23759801 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən “BYD QİNG PLUS PLUG-İN HİBRİD” minik markalı, 77SL401 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı EQ 23759801 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara görə 360 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə 400 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə 408 manat cərimə məbləğini ödəmişdir. İş materiallarında olan “X2” ASC-nin Leobank kartından çıxarışa əsasən İddiaçı İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə 400 manat cərimə məbləğini ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə əsasən icarəyəverən İddiaçı ona məxsus “BYD QİN PLUS” markalı, **-SL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verməyi, icarəçi Cavabdeh isə həmin nəqliyyat vasitəsini qanunla qadağan olunmayan ehtiyacları üçün öz istifadəsinə qəbul etmişdir. Nəqliyyat vasitəsi icarəçi Cavabdeh istifadəsində olduğu müddətdə onun barəsində EQ 23504295, EQ 23600315, EQ 23683143, EQ 23759801 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar və İXP 6571396, İXP 6530148, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Müqavilənin şərtlərinə əsasən avtomobil cərimələri maksimum 3 gün ərzində icarəçi tərəfindən ödənilməlidir. Lakin həmin cərimələr (EQ 23504295 - 400 manat, EQ 23600315 - 400 manat, EQ 23683143 - 400 manat, EQ 23759801 - 360 manat, İXP ******* - 400 manat, İXP ******* - 408 manat, İXP ******* - 400 manat) icarəyəverən İddiaçı tərəfindən ödənilmişdir. Hazırda İddiaçı ona dəymiş zərərə görə 3878 manat və dövlət rüsumu olaraq ödənilmiş 60 manat, ümumilikdə 3938 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, sözügedən nəqliyyat vasitəsi Cavabdeh istifadəsində olduğu müddətdə onun törətmiş olduğu inzibati xətalara görə ümumilikdə 2768 manat cərimə ödəmiş, sözegedən cəriməni ödəmək üçün bir il müddətinə aylıq 192 manat ödəməklə 2.000 manat kredit götürmüş və yekunda həmin məbləğə əlavə olaraq 300 manat faiz ödəməli olacağını bildirmiş, Cavabdeh avtomobili gətirən zaman inzibati xətaların onun tərəfindən törədildiyini etiraf edərək, cərimələri ödəyəcəyini bildirib bu barədə qəbz yazmış, bundan başqa avtomobil Cavabdeh alındıqdan sonra 300 ABŞ dolları dəyərində (510 AZN) olan sarj aparatının avtomaşında olmadığı, həmçinin avtomaşında bəzi cızıqların olduğu müəyyən edilmiş, buna görə avtomaşında 300 manat dəyərində kosmetik işlər görülmüş və nəticədə ona ümumilikdə 3878 manat dəyərində maddi ziyan dəymişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi və ya lazım olan şəkildə yerinə yetirilməməsi hallarında təqsirli tərəf Azərbyacan Respublikasının qüvvədə olan mülki qanunvericiliyinə müvafiq olaraq, zərərçəkmiş tərəfə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərəri ödəməlidir. İcarəçi qanunvericilikə müəyyən olunmuş qaydada icarəyə alınmış nəqliyyat vasitəsinin qorunması və saz olunması üçün icarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır. Göründüyü kimi, icarəyəverən İddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, lakin icarəçi Cavabdeh öz öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə təqdim edilmiş sübutlara və yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, göründüyü kimi, icarəyəverən İddiaçı məxsus “BYD QİN PLUS” markalı, **- SL-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi icarəçi Cavabdeh istifadəsində olduğu müddətdə onun barəsində inzibati cərimə növündə tənbeh tədbirləri tətbiq edilmiş və həmin cərimələr (ümumi 2768 manat məbləğində) İddiaçı tərəfindən ödənilmişdir. Həmçinin iş materiallarında olan Cavabdeh tərəfindən əllə yazılmış xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən ona idarə etmək üçün kirayə götürdüyü **-SL-***, BYD GİN PLUS markalı avtomobildə var olan cərimələrin ona aid olduğunu, İXP 6530148, EQ 23504295, İXP 6548015, EQ 23600315, EQ 23683143, İXP 6571396, EQ 23759801 cərimələri zamanında ödəməyi üzərinə öhdəlik kimi qəbul etdiyini və gecikmiş ödənişlərə görə dəymiş bütün maddi ziyanı üzərinə götürdüyünü bildirmişdir. Məhkəmə iddiaçının digər pul tələblərinə münasibətdə qeyd edir ki, iddiaçı iddiasını həmin hissədə əsaslandıra bilməmiş, bu barədə kifayət qədər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat məbləğində dövlət rüsumunun 47.68 manat məbləği Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə,məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2768 manat və dövlət rüsumu olaraq ödənilmiş 47.68 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2768 (iki min yeddi yüz altmış səkkiz) manat və dövlət rüsumu olaraq ödənilmiş 47.68 (qırx yeddi manat altmış səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar