Məhkəmə qərarları › İş №2(004)-2639/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2639/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2639/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3340/2021 nömrəli qətnaməsi ilə təyin edilmiş hər bir uşaq üçün hər ay 175 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, qiymətlər qalxdığı üçün uşaqların aylıq xərcləri də artıb. Cavabdehin daimi iş yeri olmasa da, borcları və kreditləri olduğunu bildirsə də, əlavə evi var və kirayə verir. Yalnız keçən ay keçmiş aliment borcundan əlavə 50 manat ödəyib. Onun da kredit ödənişləri var. O, özü “Bakı Baş Səhiyyə Mərkəzi” X6 qeydiyyatçı işləyir və 586 manat əmək haqqı alır. Cavabdehin iki uşağa ödədiyi 350 manat alimentin hesabına uşaqların aylıq xərclərini qarşılamaq mümkün olmur. Odur ki, alimentin miqdarının artırılmasını və cavabdehdən hər ay hər uşaq üçün 220 manat aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, əvvəllər aylıq 550 manat əmək haqqı aldığı üçün alimenti ödəyə bilirdi. Teatr və televiziya sahəsində rejisor işləyirdi. Lakin hazırda işsiz olduğu üçün alimenti ödəməkdə çətinlik çəkir. İşsiz kimi qeydiyyata alınmayıb, yalnız kütləvi tədbirlərdə rejisor kimi fəaliyyət göstərir və qazanc əldə edir. Bu tədbirlər isə daimi olmur. O, üçüncü qrup əlildir. İddiaçıya mənzildə olan istifadə hüququna görə 15.000 manat kompensasiya ödəmişdir. Həmin pulu tanışlarından və bankdan borc alaraq iddiaçıya ödəmişdir. Hazırda aldığı borclara görə hər ay banka 165 manat pul ödəyir və xx.xx.2024-cü il tarixdə banka olan borcunu tam ödəyəcəkdir. O, kredit ödənişləri ilə bərabər hər ay 350 manat aliment ödəyir. Hər ay 350 manat aliment vaxtında ödəyə bilmədiyinə görə borcu yaranıb. Onun hər ay hər uşağa 220 manat aliment ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh xx.xx.2008-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı iki uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3340/2021 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2008-ci ildə 1187 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 200 manat müəyyən edilməlidir. Bu zaman cavabdehin hazırda işləmədiyini, üçüncü qrup əlil olmasını və AZEMİS məlumatlarına əsasən 423,52 manat pensiya almasını, cavabdehin hər ay 350 manat aliment ödəməsi ilə yanaşı, hazırda hər ay banka 165 manat pul ödəməsini və banka olan borcun xx.xx.2024-cü il tarixdə tam ödəniləcəyini, AZEMİS məlumatlarına əsasən iddiaçının da “Bakı Baş Səhiyyə Mərkəzi” X6 qeydiyyatçı işləyərək ayda 586 manat əmək haqqı almasını, uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olmasını nəzərə alır. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə, uşaqların mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3340/2021 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa 175 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar