Məhkəmə qərarları › İş №2(004)-2641/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2641/2022

02.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2641/2022 02.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3818 (üç min səkkiz yüz on səkkiz) manat məbləğində pul və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq, hadisədən artıq 5 ayın keçdiyini, eyni şeylərin həmin müddət dövründə təkrarlandığını, vaxtın uzadılması ilə onun işdən usandırmaq istədiklərini, heç bir şişirdilmiş məbləğin olmadığını və dəymiş ziyanın ödənilməsi barədə istəyini qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, göstərilmiş ziyanın məbləği nə onun tərəfindən, nə də ki, Wolksvagen servis tərəfindən hesablanmamışdır. Ziyanın məbləği sığorta şirkəti tərəfindən hesablanmışdır. 5000 manat pul sığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan 3818 manatın ödənilməsi öhdəliyi cavabdehin üzərinə düşür. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında iddia tələbini qismən qəbul etdiyini, bəzi məbləğlərin şişirdildiyini, avtomobili öz ustasına apardığını, bəzi detalların dəyişərək düzələ biləcəyini və ustası ilə hesabladığı ziyanın 7000 manat təşkil etdiyini bildirmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən təqdim edilmiş sığorta aktına əsasən müəyyən olunur ki, “Volkswagen Passat” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 5000 manat məbləğində sığorta edilmişdir. 20.01.2022-ci il tarixli sığorta hadisəsinə əsasən “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 8818 manat məbləğində ziyan vurmuş, 5000 manat sığorta ödənişi hesablanmış və ödənilmişdir. İş materiallarında olan “AutoColorS” tərəfindən tərtib edilmiş avtomobilin təmiri üçün tələb olunan xərclər siyahısına əsasən müəyyən olunur ki, yekun məbləğ 8818 manat təşkil etmişdir. İş materiallarında olan AD № 705084 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən olunur ki, “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3r. İş materiallarında olan etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X1 Könül Sovet qızına “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürcülük vəsiqəsi olduqda idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən müəyyən olunur ki, 20.02.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Nissan Sunny” markalı **-KA-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri Nəsimi rayonu Xan Şuşinki küçəsi “STOP” nişanının tələblərinə riayət etmədən hərəkət edərək Vagif pr ilə sağdan gələn İddiaçı idarə etdiyi “Volkswagen Passat” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və “Nissan Sunny” markalı **-KA-*** dövlət nömrə nişanlı avtomobil yol ayrıcında dayandığı üçün “Volkswagen Passat” markalı **-OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxası ilə hərəkət edən “Toyota Rav-4” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobil “Nissan Sunny” markalı **-KA-*** dövlət nömrə nişanlı avtomobilin arxasından dəymişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, “Nissan Sunny” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh “Volkswagen Passat” markalı **- OA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçı maddi ziyanın vurulma faktı sübuta yetirilərək təsdiq edilmişdir. Cavabdeh iddia tələbini qismən qəbul etmiş, lakin məbləğin şişirdildiyini bildirsə də qeyd edilən halları məhkəmədə sübut edə bilməmiş, iddiaçının irəli sürdüyü halları təkzib edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 3818 (üç min səkkiz yüz on səkkiz) manat məbləğində pul və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 3818 manat pul və 59 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar