Məhkəmə qərarları › İş №2(004)-2649/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2649/2021

27.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2649/2021 27.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, İsmayıllı oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33000 manat əsas, 1650 manat faiz borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, onunla cavabdeh arasında 11 saylı dövlət notariat kontorunda 07 yanvar 2020-ci il tarixli kredit müqaviləsi bağlanaraq, həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 12400 manat və 23 may 2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5600 manat məbləğində borc pul vermişdir. Cavabdeh birinci borc müqaviləsi üzrə borcu 31.03.2020-ci il tarixədək, ikinci kredit müqaviləsi üzrə borcu 30.06.2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilələr üzrə notarius tərəfindən icra qeydləri verilmişdir. Lakin bu günə gədər cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Bundan əlavə 2019-cu ilin may ayında onun tərəfindən cavabdehə 12400 manat, sonradan 2600 manat pul borc verilmiş, cavabdeh həmin borcu 2020-ci ilin may ayının 15-dək qaytaracağına dair qəbz vermiş, lakin həmin borcu da hal-hazıradək qaytarmamışdır. Cavabdeh ona borclu olduğu məbləği 2020-ci ildən hal-hazıradək geri qaytarmadığından əsas borcla yanaşı məhkəmə qəraının çıxarıldığı günədək ona əsas borcun məbləğindən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi nəzərə alınmaqla faizlər ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı Nəsimi Seydizadənin 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2019-cu ilin may ayında kömür biznesi ilə məşğul olmaq üçün Cavabdeh 15000 manat pul verdiyini, lakin sonuncunun onu aldadaraq pulunu mənimsədiyini bildirmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış cavabdeh qeyd etmişdir ki, 2019-cu il tarixdə ona pul lazım olduğu üçün İddiaçı borc pul almış və halhazırda İddiaçı 8000 manat borcu qalmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası ücün müəyyənləsdirilmiş müddətdə icra edilməməyi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 77.1. -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1. -ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 07 yanvar .2020-ci il tarixli və 23 may 2020-ci il kredit müqavilələri üzrə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş və aldığı borcu müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilələr üzrə cəmi 18000 manat məbləğində borcun tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 2019-cu ildə borca aldığı cəmi 15000 manat pulun tam geri qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 27-ci PB-nin qərarı ilə həmin tələb qismən 8000 manat hissəsində təsdiq edildiyindən tələb təsdiq olunmuş hissədə təmin edilməlidir. Məhkəmə 1650 manat məbləğində faiz tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 449.1.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2.-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mərkəzi Bankın rəsmi internet səhifəsində alınmış məlumata əsasən 27 iyul 2021-ci il tarixə olan vəziyyətə bank uçot dərəcəsi 6,25% təşkil edir. 2019-cu ildə aldığı borcdan 8000 manatının 15.05.2020-ci il tarixdən (bir il 12 gün), 07.01.2020-ci il tarixli müqavilə üzrə 12400 manat borcun 31.03.2020-ci il tarixdən (bir il 3 ay 27 gün), 23.05.2020-ci il tarixli müqavilə üzrə 5600 manat borcun 30.06.2020-ci il tarixdən hal-hazıradək geri qaytarılmaması, iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlanılması müəyyən edildiyindən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə borc məbləğlərinin gecikdirildiyi müddətə faizlər tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, alınmış borc vəsaitləri üzrə faizlər gecikdirilmiş müddət üçün müvafiq olaraq 516,44 manat + 1023,43 manat + 375,89 manat = 1915,76 manat təşkil edir. İddiaçı isə 1650 manat məbləğində faizlərin tutulmasını tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, qüvvədə olan qanunvericiliklə hazırki tələblərdən kənara çıxılması nəzərdə tutulmadığından faizi məbləği tələb olunan məbləğdə, yəni 1650 manat məbləğində təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 24 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 26000 manat borc, 1650 manat faiz, cəmi 27650 (iyirmi yeddi min altı yüz əlli) manat borc pul və 24 (iyirmi dörd) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar