Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-266/2021 05.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, cavabdeh Cavabdeh ASC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin müşahidə şurasının xx.xx.2020-ci il tarixli qərarını “X2” struktur bölməsinin ləğv olunması hissəsində qanunsuz hesab edilməklə, həmin hissədə qərarın ləğv edilməsi, cavabdehin ona ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişxəbərdarlığın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia ərizəsində göstərilən tələblə yanaşı “X2” struktur bölməsinin direktoru vəzifəsinin ixtisar edilməsinin qanunusuz hesab edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ya tutduğu vəzifəyə və aldığı əmək haqqına uyğun vəzifəyə təyin olunması, cavabdehdən onun xeyrinə məcbur ödənişsiz məzuniyyətə göndərildiyi mart, aprel və may ayları üçün ödənilməmiş əmək haqqının, habelə xx xxxxxx 2020-ci il tarixdən məcburi iş buraxmaya görə əmək haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh ASC xx.xx.2020-ci il tarixli məhkəmə iclasında etiraz ərizəsi verərək əmək müqaviləsinə AR Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq xitam verildiyindən, iddia tələbi əsassız olduğundan iddianın rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək öz izahatında bildirir ki, İddiaçı Cavabdeh ASC-də rəsmi fəaliyyətinə 2009cu ilin fevral ayında başlamışdır. 12 il bundan əvvəl sözü gedən bankın quruculuğunda iştirak etmiş və onun infrastrukturunun yaradılmasında böyük əməyi var. Bankdakı fəaliyyətinə İT departamentinin tərkibində Texniki xidmət şöbəsinin rəisi kimi başlamışdır. Qısa müddət sonra eyni departamentin direktoru vəsifəsinə, bir müddət sonra sahənin rəhbəri kimi baş direktor vəzifəsinə təyin edilmişdir. 2011-ci ildə rəhbərliyin dəyişilməsi və yeni rəhbərlik tərəfindən struktur dəyişdirilməsi ilə əlaqədar olaraq baş direktor vəzifələri ləğv edilmiş və yenidən İT departamentin direktoru vəzifəsinə geri qaytarılmışdır. Çalışdığı dövr ərzində qüsursuz fəaliyyət göstərmiş, dəfələrcə müvəffəqiyyətlərə nail olaraq maddi şəkildə mükafatlandırılmışdır. İşlədiyi dövr ərzində özünü nümunəvi işçi kimi göstərmiş olmağı ilə bərabər, bir dəfə olsun belə nizam-intizam qaydalarının pozuntusuna yol verməmiş, əksinə, dəfələrlə rəhbərlik tərəfindən fəaliyyəti müsbət qiymətləndirilmiş, bir sözlə, daima Bankın ona göstərdiyi yüksək etimadın doğrultması üçün çalışmış və bütün işini bu prinsip əsasında qurmuşdur. 2018-ci ildə Banka Baş icracı direktor təyin edilən Samir Şirinov hal hazırda da fəaliyyət göstərən bankın Müşahidə Şurası heyətinə təkid edərək, şəxsi qərəzlik zəminində İT departamentin 2 hissəyə bölünməsini tələb etmiş və ehtiyac olmadığı halda bu strukturun dəyişdirilməsinə nail olmuşdur. Beləliklə, İT departamenti İT inkişaf və İT İnfrastruktur adlı hissələrə bölünmüşdür. Bu bölünmədən sonra mən İT İnfrastruktur bölməsinə direktoru təyin olunmuşdur. Belə bir strukturun yaradılmasının məqsədəuyğun olmadığı iddaçı tərəfindən dəfələrlə bildirilsə də, buna məhəl qoyulmamış, üstəlik yuxarıda adı çəkilən iki departamenti idarə etmək üçün Baş Direktor vəzifəsi də təsis edilərək həmin vəzifəyə kadr təyin olunmuşdur. Bütün bunlara baxmayaraq iddiaçı fəaliyyətini davam etdirmiş və bunun nəticəsi olaraq 2018-ci il ərzində daha bir neçə böyük nailiyyətlərə imza atmışdır. Bütün bu müvəffəqiyyətlərə baxmayaraq baş icracı direktor Samir Şirinov öz vəzifə səlahiyyətlərindən istifadə edərək iddiaçının işdən kənarlaşdırmaq üçün əlinən gələni etmişdir. Samir Şirinov həmin ilin may ayında tutduğu vəzifəsindən kənarlaşdırılmış, lakin sonradan ona qarşı öz şəxsi ambisiyalarını bankın Müşahidə Şurasının üzvü kimi davam etdirmişdir. 2019-cu ilin iyul ayında onun təklifi ilə X8 üzvü kimi işə cəlb edilmiş İqbal Rüstəmovun İT sahəsinə kurator olaraq fəaliyyətə başlaması ilə iddiaçıya qarşı olan şəxsi münaqişəni onun vasitəsilə davam etdirmişdir. Bunun nəticəsində iddiaçının gündəlik işlərdən kənarlaşdınlmağı, işçiləri arasında iddiaçıya qarşı təbliğatın aparılması, yersiz narazılıqlar və s. 2019-cu ilin sonuna kimi davam etmişdir. Bundan əlavə İ.Rüstəmov tərəfindən Cavabdehın aid olduğu Holdinqdə aidiyyatı olmayan müxtəlif qurumların rəhbərlərinin iddiaçıya qarşı “mənfi rəy”də olduğu haqqında fikir digər strukturların rəhbərləri və işçiləri arasında geniş təbliğ olunub. Nəhayət 2020-ci ilin yanvar ayında iddiaçının öz vəzifəsinə uyğun olmadığı şifahi olaraq açıqlanaraq işdən tamamilə kənarlaşdırmağına qərar verildiyi bildirilib. Bu ilin mart ayının əvvəllərinə qədər əlindən gələn bütün səyləri ortaya qoysa da, bu müddət ərzində ona psixoloji təzyiq edilmiş, işlərdən kənarlaşdırılaraq dəfələrlə təhdidlərə məruz qalmışdır. Bundan əlavə baş direktor onu tez-tez otağına çağırıb işdən çıxmaq üçün ərizə verməli olduğunu bildirib. Nəhayət iddiaçı öz iradəsi xaricində işdən azad olma ərizəsi yazdırmağa nail olublar. İşdən çıxma haqqında ərizə 4 ay ödənişsiz məzuniyyətə göndərilməklə 1 iyul tarixinə yazdırılmışdır. Ərizə qanunsuz olaraq, öz iradəsi xaricində, kəskin təhdidlər altında altında yazdırılıb. Mart ayının əvvəlindən başlayan koronavirus pandemiyası ilə əlaqədar mart ayı daxil həmin aydan 3 ay ərzində əmək haqqı almadan, evdə qaldıqları üçün daha çox düşünərək öz yerinə qayıtmalı olduğumna qərar vermiş və ödənişsiz məzuniyyətin dayandırılması və işdən azad olmağı ilə bağlı ərizəni geri almaq üçün hüquq normaları çərçivəsində yeni ərizələr təqdim etdi və bu ərizələr qanun çərçivəsində qəbul edildi. x xxxx 2020-ci ildən işinə başlayaraq sakit şəkildə tabeçiliyində olduğu Baş Direktor Rüfət Quliyevlə birlikdə fəaliyyətini davam etdirmişdir. Belə ki, ona qarşı şəxsi qərəzli mövqe tutan rəhbər şəxslər onun haqlı olduğunu nəzərə alaraq istənilən halda geri yerinə gələcəyini nəzərə almış və öz səlahiyətlərindən istifadə edərək bu vəziyyətdə nə ediləcəyini düşünərək onu istənilən halda işdən kənarlaşdırmaq üçün ‘tədbir” görmüşdür. Bu gedişlə x xxxx 2020-ci il tarixində ididaçının hal hazırda çalışdığı vəzifənin ixtisara düşməsi ilə əlaqədar bildiriş verilmişdir ki, bu bildirşdə tamamilə uyğun olmayan “Baş Mütəxəssis” vəzifəsi təklif edilmişdir. Bildirişlə müəyyən olunmuşdur ki, direktoru olduğu “X2” struktur bölmə Cavabdeh ASC-nin Müşahidə Şurasının xx.xx.2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Bildirişlə eləcə də müəyyən olunur ki, zamanında yersiz 2 hissəyə bölünmüş İT sahəsi yenidən birləşdirilib adı “İnnovasiyalar İdarəsi” qoyulmuş, mənə isə vəzifə təlimatı bəlli olmayan “Baş Mütəxəssis” vəzifəsi təklif edilmişdir. 2020-ci ilin 8 iyun tarixində təklif olunan vəzifənin uyğun olmadığını bildirsə də, bunu qəbul etmirəm kimi qələmə verərək, xx xxxx 2020-ci il tarixində tutduğu vəzifədən 9 həftə sonra azad ediləcəyi barədə bildiriş verilmişdir Bildirişdə eləcə də bildirilmişdir ki, 2020-ci ilin 8 iyun tarixində bildirişi qəbul etməkdən imtina etdiyinə görə xx xxxxxx 2020-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəkdir. Bildirişlərdə sözü gedən strukturun ləğvi barədə məlumat verilsə də, təsadüf deyil ki, bu rəsmi olaraq yalnız iddiaçıya həm şifahi həm də yazılı, o cümlədən, elektron məktub vasitəsilə bildirilmişdir. Bildiyiniz kimi strukturun bu şəkildə ləğvi baş verərkən həmin gündən etibarən ləğv edilən strukturda çalışan bütün əməkdaşlara bildiriş verilməlidir, onlar ixtisar edilməsə də, ən azından yeni strukturda hansı vəzifəni daşıyacaqları və istənilən halda təklif formasında bildirişlər verilməli idi. Yalnız bu günə kimi bu barədə heç bir əməkdaşa bildirilməsə də, tələsik ilk olaraq iddiaçıya verilib və ard-arda şifahi, yazılı elektron müraciətlər edilərək tez cavab verməli olduğu bildirilib. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh» ASC-nin nümayəndəsi X5 izahat verərək bildirir ki, iddianı qəbul etmir. Bank fəaliyyətinin daha səmərəli, daha da təkminləşməsi üçün struktur dəyişiklik edilməsi barədə qərar qəbul edib. İxtisar qanunvericiliyin tələbinə uyğun olaraq aparılmışdır. Şəxs ixtisara görə deyil, struktur dəyişikliyi olduğu üçün işdən çıxarılmışdır. Heç bir qərəzli mövqe yoxdur. İxtisarlar iqtisadi geriləmə və mövcud pandemiya vəziyyəti ilə bağlı olan qaçılmaz prosesdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli struktur bölmənin ləğv və ştatın ixtisar edilməsi ilə bağlı başqa vəzifə təklif edilməsinə dair bildirişə əsasən Cavabdeh ASC tərəfindən İddiaçı bankın “İnnovasiyalar idarəsinin Baş mütəxəssisi” vəzifəsi təklif olunması barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli struktur bölmənin ləğv və ştatın ixtisar edilməsi ilə bağlı əmək münasibətlərinə xitam verilməsinə dair bildirişə əsasən Müşahidə şurasının xx.xx.2020-ci il tarixli qərarı əsasında İddiaçı direktor olduğu “X2” struktur bölməsi ləğv edilməsi, vəzifə üzrə ştatın ixtisar olunması və buna əsasən əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin işdən azad olunma və əmək müqaviləsinin ləğv olunması haqqında xx.xx.2020-ci il tarixli, 126-K saylı əmrdən müəyyən olunur ki, İddiaçı “İT infrastruktur” struktur bölməsinində tutduğu vəzifədən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi son haqq-hesab aparılmaqla ləğv edilmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Müşahidə Şurasının xx.xx.2020-ci il tarixli iclasının protokolundan xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh ASC-nin ştat cədvəlinin yeni redaksiyada təsdiq edilməsi və “İT infrastruktur” bölməsinin ləğv edilməsi qərara alınmışdır. Məhhəmə hesab edir ki, iddiaçının işdən azad edilməsi aşağıda qeyd edilənlərə əsasən qanunsuz olmuşdur. İddiaçı “X2” struktur bölməsinin direktoru vəzifəsindən həmin struktur bölmə ixtisar olunduğuna görə azad edilmişdir. İşə götürən tərəfindən Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbinə müvafiq olaraq əmək müqaviləsi ləğv olunmazdan əvvəl işçi ixtisarla bağlı lazımı qaydada xəbərdar olunmuşdur. Lakin məhkəmə hesab edir ki, “X2” struktur bölməsinin ixtisar edilməsi formal xarakter daşımışdır. Çünki, X1 vəzifələri ilə yeni yaradılmış İnnovasiyalar İdarəsinin əsas vəzifələri eynilik təşkil edir. Belə ki, X1 aşağıda sadalanan bütün vəzifələri olduğu kimi yeni yaradılmış İnnovasiyalar İdarəsinin vəzifələri kimi qeyd edilmişdir. 4.1.1. Bankın biznes strategiyasına uyğun İT strategiyasının layihəsini, ona əlavə və dəyişiklikləri hazırlayır və İdarə Heyətinə təqdim edir; 4.1.2. Bankın İT strategiyasına əsasən İT prosedurlarının, illik İT Plan layihəsini, onlara əlavə və dəyişikləri hazırlayır və İdarə Heyətinə təqdim edir; 4.1.3. İnformasiya və Telekommunikasiya sistemlərinin yaradılması, tətbiqi və inkişaf etdirilməsi sahəsində beynəlxalq təcrübəni öyrənir və müvafiq informasiya bazasın yaradır; 4.1.4 İnformasiya sistemlərinin, telekommunikasiya sistemlərinin etibarlı və davamlı fəaliyyətini təmin edir; 4.1.5. Bankın əsas binasında və Ehtiyyat Mərkəzində istismar olunan kompüter texnikasına texniki dəstəyi xidmətini göstərir; 4.1.6. Bank qurumlarından daxil olan kompüter avadanlıqlarına texniki xidmət göstərir; 4.1.7. Pul köçürmələri sistemlərinə nəzarət və keçirilməsini təmin edir; 4.1.20. İnformasiya və Telekommunikasiya sistemlərinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Bankın normativ bazasının hazırlanması və daim təkmilləşdirilməsi qayğısına qalır; 4.1.21 Bankın inkişaf konsepsiyasına uyğun olaraq strukturun strateji və taktiki planlarının və büdcəsinin layihələrini hazırlayır və İdarə Heyətinin müzakirəsinə təqdim edir; 4.1.22. Filiallar arasında onlayn əlaqəyə nəzarət və onların fasiləsiz işləməsini təmin edir; 4.1.23. BƏS və digər tətbiqi proqramlarının məlumat bazalarının arxivləşməsini təmin edir; Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə əsasən “işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur. Lakin hazırkı halda işəgötürən tərəfindən ixtisarın aparılması iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Hətta yeni yaranacaq, lakin eyni funksiyaları yerinə yetirəcək İdarədə baş mütəxəssis vəzifəsi barədə təklifin direktor vəzifəsində çalışmış işçi tərəfindən qəbul edilməyəcəyi də gözlənilən olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun xx.xx.1993-cü il tarixli “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 5 nömrəli qərarının 14-cü bəndinə əsasən işçi ilə əmək müqailəsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv olunduqda və bununla əlaqədar mübahisə yarandıqda əmək mübahisəsinə baxan məhkəmə ixtisarın məqsədəuyğunluğu məsələsini müzakirə etmədən işçilərin sayının və ya ştatının ixtisar edilib-edilmədiyini, işçinin işdə saxlanmaq üçün üstünlük hüququnun nəzərə alınıb-alınmadığını, işçinin razılığı ilə onun peşəkarlığı, ixtisası nəzərə alınmaqla müvafiq işə keçirilməsi üçün işəgötürənin əməl edib-etmədiyini yoxlamağa borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC-nin idarə heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 126-K saylı əmri etibarsız hesab edilməli, İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə tutduğu vəzifə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa olunmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia əmək haqqı ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirinə alınmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-nin idarə heyətinin sədri tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli, 126-K saylı əmri etibarsız hesab edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməklə tutduğu vəzifə və aldığı əmək haqqına uyğun vəzifəyə bərpa olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh ASC-dən 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-266/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-266/2021
05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver