Məhkəmə qərarları › İş №2(004)-2666/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2666/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2666/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə 29.03.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.924,99 manat əsas borc, hesablanmış 278,90 manat faiz borcu, 494,71 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.728,60 manat pulun cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcalana aylıq faiz dərəcəsi 2.25% olmaqla 18 ay müddətinə 2.500 manat kredit verilmişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında 20.09.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zamin zaminlik müqaviləsi əsasında borclunun kredit razılaşması üzrə öhdəliyini icra etməsinə görə birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borcalan Cavabdeh1 20.09.2019-cu il tarixli müqaviləsi üzrə 15.02.2021-ci il tarixədək 1.924,99 manat əsas borc, 278,9 manat faiz borcu və 494,71 manat cərimə borcu olmaqla, cəmi 2.698,60 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsini təmin etməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və “AZEMİS” sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddələrinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 20.09.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsinə əsasən kreditor İddiaçı QSC ilə borcalan Cavabdeh1 18 ay müddətinə ilik 2,25 % hesablanmaqla 2.500 manat kredit vermişdir. Kreditin təminatı kimi İddiaçı QSC ilə Cavabdeh2 arasında 20.09.2019-cu il tarixli 001G**********01 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zamin zaminlik müqaviləsi əsasında borclunun 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliyini icra etməsinə görə bankın qarşısında birgə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Əsas borcun və hesablanmış faizlərin məbləği kredit müqaviləsinin şərtlərinə uyğun olaraq düzgün müəyyən edilmişdir. Lakin dəbbə pulu tənasübsüz surətdə yüksək hesablanmışdır. İddiaçı QSC-nin 15.02.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, borcalan Cavabdeh1 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 15.02.2021-ci il tarixə 1.924,99 manat əsas borc, 278,9 manat faiz borcu və 494,71 manat cərimə borcu olmaqla, cəmi 2.698,6 manat borc yaranmışdır. Borcalan öhdəliyini lazımi qaydada icra etmədiyi üçün zamin Cavabdeh2 həmin borcun ödənilməsi üçün bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. Çünki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yüksək hesablanmış 494,71 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, 20.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 1.924,99 manat əsas borc, hesablanmış 278,90 manat faiz borcu, 50 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.303,89 manat pul cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İddia tələbi qalan, yəni - “444,71 manat dəbbə pulunun tutulması” hissəsində rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi ləğv edilsin. 20.09.2019-cu il tarixli 001A********** nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.924,99 manat əsas borc, hesablanmış 278,90 manat faiz borcu, 50 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2.303,89 manat (iki min üç yüz üç manat səksən doqquz qəpik) manat pul cavabdehlər (borcalan) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan, yəni - “444,71 manat dəbbə pulunun tutulması” hissəsində rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar