Məhkəmə qərarları › İş №2(004)-2702/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2702/2022

13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2702/2022 13.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış 19 Mart 2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsinə əsasən illik 15 % dərəcəsi olmaqla 12 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilmişdir. 19 Mart 2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 Mart 2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli Kreditin ödəniş cədvəli əsasında, hər ayın 19-dan gec olmayaraq hər ay 1353.88 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 19 Mart 2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 5250.24 manat, faiz borcuna görə 303.42 manat, dəbbə borcuna görə 3000 manat, borcun cəmi məbləği 8553.66 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh 19 Mart 2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 5250.24 manat, faiz borcuna görə 303.42 manat, dəbbə borcuna görə 3000 manat, cəmi 8553.66 manat məbləğində pulun və 106 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı “Rabitəbank“ ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılıb iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə) Azərbaycan Respublikasında qeydiyyatda olduğu (yaşadığı) sonuncu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda məhkəmə tərəfindən bildiriş qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Azərbaycan Respublikasının MPM-nin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə illik 15 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdehin İddiaçı ASC-yə 5250.24 manat əsas, 303.42 manat faiz, 3000 manat cərimə, cəmi 8553.66 manat borcu yaranmışdır. Borcluya dəfələrlə şifahi və yazılı müraciət edilməsinə baxmayaraq o, müqavidən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 3000 manat cərimə (dəbbə pulu) onu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 500 manat məbləğədək azaldılmalıdır. Beləliklə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsi üzrə 5250 (beş min iki yüz əlli) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 303 (üç yüz üç) manat 42 (qırx iki) qəpik faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 6053 (altı min əlli üç) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun 29.23 %, yəni 30 (otuz) manat 99 (doxsan doqquz) qəpiyi iddiaçıya aid edilsin, qalan 70.77 %, yəni 75 (yetmiş beş) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, RBNPU-07840 saylı kredit müqaviləsi üzrə 5250 (beş min iki yüz əlli) manat 24 (iyirmi dörd) qəpik əsas borc, 303 (üç yüz üç) manat 42 (qırx iki) qəpik faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 6053 (altı min əlli üç) manat 66 (altmış altı) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İş üzrə ödənilmiş 106 (bir yüz altı) manat məbləğində dövlət rüsumunun 29.23 %, yəni 30 (otuz) manat 99 (doxsan doqquz) qəpiyi iddiaçıya aid edilsin, qalan 70.77 %, yəni 75 (yetmiş beş) manat 01 (bir) qəpik məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar