Məhkəmə qərarları › İş №2(004)-2729/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2729/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2729/2021 30.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İş № 2(004)-2729/2021 Azərbaycan Respublikası adından QƏTNAMƏ 30 aprel 2021-ci il Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış WTCN-002391/20 nömrəli 07.09.2020-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alıcı Cavabdeh 12 ay müddətinə 2998 manat dəyərində olan əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 500 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 2498 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən iddiaçıya hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmiş və heç bir ödəniş etməmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi, 01.03.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Tərəflər arasında bağlanmış 14.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsəsən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.3 faizi həcmində cərimə ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərim yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona 01.03.2021-ci il tarixə 259.67 manat məbləğində cərimə hesablanmışdır. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı MMC-nin xeyrinə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat məbləğində əsas borc, 259 (iki yüz əlli doqquz) manat 67 (altmış yeddi) qəpik məbləğində cərimə və 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Məhkəmkə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir, bildiriş cavabdehin anası tərəfindən qəbul edilmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə tərəflər arasında bağlanmış müqavilələrinin hərfi mənasını onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alaraq, tərəflərin iradə ifadəsinin həqiqi mənasını müəyyənləşdirib belə bir nəticəyə gəlir ki, tərəflər arasında faktiki olaraq hissəhissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Buna görə məhkəmə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında müqavilə bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Belə ki, cavabdeh iddiaçı «xxxx» MMC-dən aldığı mobil telefonun müqabilində verməli olduğu pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmayaraq müqavilədə nəzərə tutulmuş öhdəlikləri yerinə yetirməmişdir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh arasında 07.09.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən sonuncu aldığı 2998 manat dəyərində olan İphone 11 Pro 64 markalı mobil telefonu ilkin ödəniş 500 manat edərək, 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 07.09.2020-ci il tarixli müddətli (nisyə) alqısatqı müqaviləsindən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən onun MMC qarşısında əsas borc üzrə 2498 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 259.67 manat cərimə (dəbbə pulu) onun əsas və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək cərimə hesab olunmalı və tələb olunan cərimə (dəbbə pulu) 150 manat məbləğədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu qaydada qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı «xxxx» MMCnin xeyrinə əsas borc üzrə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat, cərimə borcu üzrə 150 (bir yüz əlli) manat, ümumilikdə 2648 (iki min altı yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı « xxxx » MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı «xxxx» MMC-nin xeyrinə əsas borc üzrə 2498 (iki min dörd yüz doxsan səkkiz) manat, cərimə borcu üzrə 150 (bir yüz əlli) manat, ümumilikdə 2648 (iki min altı yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı « xxxx » MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar