Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-273/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 5125 manat, 200 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə onun arasında bağlanmış 01 iyun 2020-ci il tarixli ALY-84 saylı “X1” əsasında lizinqə verilmiş “Ravon R3” markalı, **- PK-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD780549 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA050130, mühərrik №B15D212200617GRPX0376, ağ rəngli) avtomobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər Cavabdeh2 həmin sürücünü iddiaçı ilə tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh avtomaşını idarə edərkən 28.07.2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 6-cı dalan ərazisində manevr qaydalarını pozmuşdur və 11 avqust 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP-4535147 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 200 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomobilə 5125 manat və 200 manat məbləğində zərər dəymişdir. Həmin məbləği ödəməkdən sonuncu imtina etmişdir. Digər Cavabdeh2 isə şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 01.06.2020-ci il tarixli ALY-84 nömrəli X1nə əsasən lizinq verən ("xxxx" MMC) lizinq alanın (İddiaçı) sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (“Ravon R3” markalı, Ban: №XWBTF69V9LA050130, ağ rəngli avtomobil, qiyməti: 12.450 manat) muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 22.06.2021-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı **- PK-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” minik markalı avtomobili Cavabdeh1 icarəyə vermişdir. Həmin müqavilə ilə Cavabdeh1 (nəqliyyat vasitəsini icarəyə götürən şəxs) ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə müqavilədə bəyan edilən öhdəlikləri yerinə yetirməyə borcludur. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən Cavabdeh1 yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan 22.06.2021-ci il tarixli etibarnamədə qeyd edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 01.06.2020-ci il tarixli ALY-84 saylı “X1” əsasında lizinqə verilmiş 1 ədəd RAVON R3 markalı, **-PK-*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD780549 seriyalı, 2020-ci il buraxılışlı, Ban: №XWBTF69V9LA050130, mühərrik №B15D212200617GRPX0376, ağ rəngli) avtomobilin yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsi səlahiyyəti Cavabdeh1 "xxxx" MMC tərəfindən verilmişdir. İş materiallarında olan 042725 nömrəli “Nəqliyyat vasitəsinin zədələnməsi” barədə arayışa əsasən Cavabdeh1 28.07.2021-ci il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 6-cı dalan ərazisində **-PK-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” minik markalı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli, TP-4535147 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 **-PK-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” minik markalı avtomobillə 28.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək, İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan RS Avtoservis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair Akta əsasən, **-PK-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” minik markalı avtomobilə dəymiş zərər 5125 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 12 saylı mütəxəssis rəyinə əsasən, **-PK-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” minik markalı avtomobilə dəymiş ziyan 4960 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 törətdiyi yol nəqliyyat hadisəsi zamanı muzdla iddiaçı-lizinq alan İddiaçı müvəqqəti sahibliyi və istifadəsinə verilən **-PK-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” minik markalı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyanın müəyyən edilməsi üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş və iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.03.2022-ci il tarixli 12 saylı mütəxəssis rəyindən görünür ki, **-PK-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” minik markalı avtomobilə dəymiş ziyan 4960 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı müvəqqəti sahibliyi və istifadəsində olan **-PK-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” minik markalı avtomobilə dəymiş ziyan cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bundan əlavə qeyd edilən Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Qədirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 dekabr 2017-ci il tarixli Qərarına əsasən əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli Qərarında şəxsin subyektiv hüququ ilə bağlı əks olunmuş hüquqi mövqeyinə istinad edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda göstərilən hüquqi mövqedən çıxış edərək qeyd edir ki, lizinq müqaviləsi əsasında əmlaka sahiblik edən şəxsdə əmlaka dair mülkiyyət hüququnun iki elementinin - sahiblik və istifadə hüquqlarının mövcudluğu onun həmin hüquqları pozulduğu təqdirdə pozuntuya son qoyulmasını, dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək kimi subyektiv hüququnun olmasına dəlalət edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq və mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1 vurulmuş maddi ziyana görə 4960 manat məbləğində pul vəsaiti İddiaçı ödənilməlidir. İddia tələbinin maddi ziyanın digər Cavabdeh2 tutulması hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, sözügedən avtomobilə dəymiş maddi ziyan Cavabdeh2 hərəkət və ya hərəkətsizliyi ilə bağlı deyildir və həmin şəxs sözügedən avtomobilə dəymiş zərərin ödənilməsi ilə bağlı hər hansı formada öhdəlik götürməmişdir. Bundan əlavə Cavabdeh2 maddi ziyanın vurulmasında məsuliyyətini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin inzibati tənbeh vermə ilə bağlı 200 manat cərimənin ödənilməsi hissəsində əsassız hesab etdiyindən tələb bu hissədə də təmin olunmamalıdır. İş materiallarında olan 11.08.2021-ci il tarixli, TP-4535147 nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 **-PK-*** dövlət qeydiyyat nişanlı, “Ravon Nexia R3” minik markalı avtomobillə 28.07.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi törədərək, İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmişdir. Belə ki, sözügedən cərimə 200 manat məbləğində deyil 40 manat məbləğindədir. Habelə bu məbləğin Cavabdeh1 iddiaçının xeyrinə tutulması tamamilə əsassızdır, çünki Cavabdeh1 məhz özü törətdiyi inzibati xətaya görə inzibati qaydada tənbeh edilmişdir. İnzibati xətalar haqqında qanunvericliyin tələblərinə əsasən isə inzibati cərimə təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Belə olduğu halda iddiaçının tələbi həmin hissədə təmin oluna bilməz. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 vurulmuş maddi ziyana görə 4960 (dörd min doqquz yüz altmış) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-273/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-273/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver