Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2737/2023 26.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X2 üçün hər ay 800 (səkkiz yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh sahibkarlıq fəaliyyət ilə məşğuldur. Maddi imkanı, gəlirləri yüksək səviyyədədir. Cavabdehin daşınmaz əmlakları vardır, lakin, həmin əmlaklar onun adına qeydiyyata alınmamışdır. Cavabdeh bir neçə qeyri-yaşayış sahəsini obyekt kimi işlədir, bir neçəsini icarəyə vermişdir. İddiaçının özünün maddi durumu aşağıdır. Yetkinlik yaşına çatmayan övladı onun himayəsindədir və o, övladını saxlamaqda maddi çətinliklər çəkir. Bu səbəbdən hesab edir ki, aliment məbləği artırılmalı, uşağın saxlanması üçün cavabdehdən 800 (səkkiz yüz) manat aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3321/2022 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün aliment məbləği artırılmış və Cavabdeh hər ay 200 (iki yüz) manat pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə qeyd olunan xüsusatlar işin mübahisəsiz halıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞB/2-02232 nömrəli Barışıq sazişinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh aralarında barışıq sazişi bağlamaqla xx.xx.2015-ci il təvəllüdlü X1 üçün aliment məbləğini 220 (iki yüz iyirmi) manat miqdarında müəyyən etmişlər. Məhkəmə iş materiallarını araşdırıraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, iddiaçı üzərinə düşən sübutetmə yükünü layiqincə həyata keçirməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbləri rəhbər götürülməklə İddiaçı tərəfindən Cavabdeh sahibkarlıq fəaliyyət ilə məşğul olması, mülkiyyətində daşınmaz əmlaklar olması, geniş sahibkarlıq fəaliyyəti ilə məşğul olması, yüksək gəlirlərə sahib olması, icarəçi qismində daşınmaz əmlaklarını ayrı-ayrı şəxslərə icarəyə verməsi və digər xüsusatlar, aliment məbləğinin 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmiş, ümumiyyətlə, iddiaçı qeyd edilən xüsusatları təsdiq edən sənəd, sübut və materialların sərəncamında olmamasını bildirmişdir. İddiaçı tərəfindən mülki iş üzrə yalnız 1 (bir) vəsatət verilmiş, həmin vəsatət məhkəmə tərəfindən təmin edilmiş və vergi orqanlarından məlumatların əldə edilməsi üçün məhkəmə tərəfindən müvafiq sorğu göndərilsə də, sorğuya verilmiş cavab üzrə iddia tələbinə dair əhəmiyyət daşıyan hallar aşkar edilməmişdir. İddiaçı cavabdehə məxsus olan daşınmaz əmlakların özünün mülkiyyətində olmamasını, başqa şəxslərin mülkiyyətində olması xüsusatını qeyd etmişdir. İddiaçı tərəfindən cavabdehin maddi vəziyyətində olan artım hallarını təsdiq edən xüsusatlar sübuta yetirilmir. Nəticədə, iddiaçı iddia tələbində göstərilən xüsusatları sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Mülki işin araşdırılması nəticəsində xx.xx.2023-cü il tarixli MŞB/2-02232 nömrəli Barışıq sazişinə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh aralarında barışıq sazişi bağlamaqla xx.xx.2015-ci il təvəllüdlü X1 üçün aliment məbləğini 220 (iki yüz iyirmi) manat miqdarında müəyyən etmişlər. Deməli, xx.xx.2015-ci il təvəllüdlü G.V.Bağırzadənin saxlanılması üçün aliment miqdarı hazırda 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir və sözügedən saziş icra olunur. Məhkəmə iddiaçıya izah edir ki, sözügedən barışıq sazişinin şərtləri cavabdeh tərəfindən icra olunmasa, ərizəçi qismində İddiaçı Azərbaycan Respublikası MPM ilə nəzərdə tutulmuş xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır, iddiaçı tərəfindən sübuta yetirilmir və bu səbəbdən, təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2737/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2737/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver