Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-275/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5000 manat vurulmuş zərərin, 200 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə aralarında bağlanmış 08.01.2020-ci il tarixli MAS-1890 saylı “X4 əsasında lizinqə verilmiş “Ravon R3” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtobil etibarnamə ilə idarə olunması üçün Cavabdeh1 istifadəsinə verilmişdir. Digər cavabdeh X5 həmin sürücünü iddiaçı ilə tanış etmişdir və onun öhdəliklərinin tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürmüşdür. Cavabdeh1 avtomaşını idarə edərkən 24.02.2021-ci il tarixdə saat 11:08 radələrində Ələt- Astara-İran sərhəddi yolunda manevr qaydalarını pozmuşdur və 24.02.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 200 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Cavabdeh1 hərəkətləri nəticəsində avtomobilə 5000 manat və 200 manat məbləğində zərər dəymişdir. Həmin məbləği sonuncu ödəməkdən imtina etmişdir. Digər cavabdeh X5 şifahi öhdəliklərindən imtina edərək bu məbləği ödəməkdən imtina edir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yei və vaxtı barədə lazımı qaydada məlumat veilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlmələrinin üzrlü səbəbləi barədə məhkəməyə məlumat veməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 08.01.2020-ci il tarixli MAS-1890 saylı X2 surətindən görünür ki, lizinq verən "xxxx" MMC lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı lizinq alan İddiaçı müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürmüşlər. Həmçinin, tərəflər lizinq obyektini əldə edilməsini və 48 ay müddətində lizinq ödənişlərini həyata keçirilməsini öhdələrinə götürmüşlər. Lizinq müqaviləsinin 5.2-ci bəndinə əsasən, bu Müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla), həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. İş materiallarına əlavə edilmiş 08.01.2020-ci il tarixli MAS-1890 saylı X3 08.01.2020ci il tarixli 1 saylı əlavədən görünür ki, lizinq obyekti “Ravon R3 minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 02.02.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan 08.01.2020-ci il tarixli MAS-1890 X4 əsasında lizinqə verilmiş 1 ədəd “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsini Cavabdeh1 02.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixi də daxil olmaqla səlahiyyət vermişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 08.02.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC mülkiyyətində olan 08.01.2020-ci il tarixli MAS-1890 X4 əsasında lizinqə verilmiş 1 ədəd “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsini Cavabdeh1 08.02.2021-ci il tarixdən 08.03.2021-ci il tarixi də daxil olmaqla səlahiyyət vermişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 02.02.2021-ci il tarixli 37 saylı İcarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürən Cavabdeh1 icarəsinə verilmişdir. İcarə müqaviləsinin 1, 1.7-ci bəndlərində göstərilmişdir ki, nəqliyyat vasitəsini icarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsini istifadə etmə məsuliyyətini öz üzərinə götürməklə yol nəqliyyatı, yanğın,oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən zərəri ödəməyə borcludur. Həmin müqavilənin 1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və haslilata olan borc qalığını ödəməyə borcludur. İş materiallarında olan AD 745803 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi ilə bağlı 24.02.2021-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cvabdeh Cavabdeh1 24.02.2021-ci il tarixdə saat 11:08 radələrində Ələt-Astara-İran sərhəddi yolunda “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan “RS Avtoservis” tərəfindən tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Ravon R3” minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği ehtiyat hissələri üzrə 3470 manat, təmir xərci 1530 manat olmaqla, cəmi 5000 manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi MEM-nin 9/8615 saylı, 12.01.2022-ci il tarixli ekspert rəyindən görünür ki, “RS Avtoservis” tərəfindən təqdim edilmiş 28.02.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon R3” minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4795 manat müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, lizinq alan İddiaçı ilə lizinq verən "xxxx" MMC arasında bağlanmış 08.01.2020-ci il tarixli MAS-1890 X3 əsasən tərəflər lizinq obyektini əldə edilməsini və 48 ay müddətində lizinq ödənişlərini həyata keçirilməsini öhdələrinə götürmüşlər. "xxxx" MMC tərəfindən X4 əsasında lizinqə verilmiş “Ravon R3” minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh1 02.02.2021-ci il tarixdən 08.02.2021-ci il tarixədək və 08.02.2021-ci il tarixdən 08.03.2021-ci il tarixədək etibarnamələr verilmişdir. Cavabdeh1 24.02.2021-ci il il tarixdə “Ravon R3” minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törətmiş və bu hal 24.02.2021-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Həmin qərara əsasən sonuncu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Hadisə nəticəsində lizinq müqaviləsinə əsasən İddiaçı istifadəsində olan “Ravon R3” minik” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymiş və Ədliyyə Nazirliyi MEM-nin 9/8615 saylı, 12.01.2022-ci il tarixli ekspert rəyinə əsasən dəymiş ziyanın məbləği 4795 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə barədə qərarla sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçının əmlakına dəymiş zərər cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin ödənilməmiş hissəsini zərərvurandan tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.12.2017-ci il tarixli Qərarına əsasən sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının pozulmasına gətirib çıxara bilər (V.Q.Teryoxinin şikayəti üzrə 15 yanvar 2010-cu il tarixli Qərar). Qeyd olunduğu kimi, lizinq müqaviləsi üzrə lizinq verən lizinq obyektinin mülkiyyətçisi olaraq qalsa da, sahiblik və istifadə hüquqlarının lizinq alana verilməsi sonuncunu əmlakın qanuni sahibinə çevirir. Eləcə də mülkiyyətçi müqavilə əsasında özünə mənsub olan əmlaka dair sahiblik və istifadə hüququnu qarşı tərəfə vermişsə, münasibətlərin tənzimlənməsi zamanı tərəflərin qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən müqavilə şərtləri nəzərə alınmalıdır. Belə ki, müqavilə əsasında əmlakda sahiblik və istifadə hüququnu əldə edən tərəf əmlaka dair hansı həcmdə öhdəlik götürərək məsuliyyət daşıyırsa, o həcmdə də üçüncü şəxslər qarşısında tələb etmək hüququna malik olmaqla öz sahiblik hüquqlarını müdafiə edə bilməlidir. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir və qeyd edir ki, ekspert rəyinə əsasən, “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 4795 manat maddi zərər Cavabdeh1 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “dəymiş zərərin cavabdehlərdən müştərək qayada tutulması” hissəsi ilə razılaşmır. Belə ki, şəxsin öhdəliklərinin yerinə yetirilməsi üçün digər şəxsin şifahi öhdəlik götürməsi mülki qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, mülki qanunveriyin tələbinə əsasən, fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Odur ki, Cavabdeh2 baş vermiş yol nəqliyyat vasitəsində təqsiri olmadığından dəymiş zərərə görə də məsuliyyət daşımır. Həmçinin, iddia tələbi inzibati xətaya dair ödənilmiş cərimə hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində 24.02.2021-ci tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh1 200 manat məbləğində cərimə edildiyi qeyd edilsə də, iş materiallarına əlavə edilmiş həmin qərardan Cavabdeh1 barəsində 40 manat cərimənin tətbiq edildiyi görünür. Bundan başqa, iddiaçı cərimə məbləğinin onun tərəfindən ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cərimə məbləği iddiaçı tərəfindən ödənildiyi halda belə, törədilmiş inzibati xətaya dair məsuliyyət fərdi xarakter daşıdığından və şəxsin inzibatı cəriməsi 3-cü şəxs tərəfindən könüllü ödənildiyindən bu hal mülki məsuliyyətə səbəb olmur və Cavabdeh1 tutula bilməz. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 “Ravon R3” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş 4795 manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 100 (yüz) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216- 220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 4795 (dörd min yeddi yüz doxsan beş) manat vurulmuş maddi zərər və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 100 (yüz) manat pul Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK: CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudatev
Məhkəmə qərarları › İş №2(004)-275/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-275/2022
10.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver