Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2759/2021 30.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borcun etirafı müqaviləsi üzrə borc məbləğinin ödənilməsi» tələbinə dair iddia ərizəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 292300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları məbləğində borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə 497640,75 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh 04.07.2013-cü ildə 292.300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları borc pul vermişdir. 20.11.2016-ci ildə notarial qaydada cavabdehlə iddiaçının arasında borcun etirafı müqaviləsi bağlanmışdır. Müqavilədə göstərilmişdir ki, cavabdeh borclu olduğu məbləği 30.06.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürür. Göstərilən müddətdən 1 il 7 ay keçməsinə baxmayaraq cavabdeh borcu qaytarmamışdır. Mövcud müqavilənin icrası ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Lakin buna baxmayaraq o borcu qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Cavabdehin borclu olduğu məbləği vaxtında qaytarmaması onu maddi cəhətdən çox əlverişsiz və sıxıntılı vəziyyətə salmış, şəxsi həyatında və işgüzar əlaqələrində ciddi çətinliklər yatarmaqdadır. Cavabdeh müqavilə şərtlərini pozduğundan müqavilənin 5-ci bəndində qeyd olunan borcun qaytarılması üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş bütün qanuni tədbirlərdən istifadə etmək hüququ vardır. Bununla bağlı onun məhkəməyə müraciət edərək hüquqlarının bərpasına zərurət yaranmışdır. Aralarında bağlanmış müqavilənin şərtlərindən aydın olur ki, onlar qanunvericiliyin tələbinə uyğun müqavilə bağlamaqlarına baxmayaraq cavabdeh üzərinə götürdüyü öhtəliyi yerinə yetirməmişdir. İddia verilən günə onun iddiaçıya ümumilikdə 292.300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları məbləğində ödənilməmiş borcu var. Müqavilədə gecikmə ilə bağlı hallar nəzərdə tutulmadığına görə əlavə maliyyə sanksiyası tələb olunmamışdır. Yaranmış borc barəsində cavabdehə dəfələrlə həm telefon, həm şifahi formada müraciət etməyimə baxmayaraq hər dəfə müxtəlif bəhanələrlə borcu qaytarmaqdan yayınmışdır. Bütün bunlar göstərir ki, o borcu qaytarmaqdan dolayısı ilə boyun qaçırır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları məbləğində borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”-nə dair 2(004)-2759/2021 saylı mülki iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində tanınmışdır. Belə ki, İddiaçı ilə aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6594/2018 saylı, 26.10.2018-ci il tarixli qətnaməsi ilə ləğv ediləndən sonra birgə nikah dövründə əldə olunan əmlakların tərəflər arasında bölünməsinə dair məhkəmədə iddia qaldırılmış və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-846/2020 saylı, 19.02.2020 tarixli qətnaməsi ilə ... İddiaçı və Cavabdeh arasında bağlanmış 20.11.2016-cı il tarixdə borcun etirafı haqqında müqavilə üzrə İddiaçı 292.300 ABŞ dolları tələb hüququ üzərində X4 1/2 əmlak hüququ tanınmışdır. Həmin qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlmişdir. Yəni İddiaçı Cavabdeh tələb etdiyi 292.300 ABŞ dollarının 1/2 hissəsi ona məxsus olduğuna görə həmin məbləğin 146.150 (yüz qırx altı min yüz əlli) ABŞ dolları borcu ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə Cavabdeh tutularaq ona ödənilməlidir. Ona görə də, Cavabdeh 146.150 (yüz qırx altı min yüz əlli) ABŞ dolları məbləğində borcun ödənilən ana görə Azərbaycan manatının məzənnəsi ilə tutularaq mənə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, izahatında müstəqil tələblər irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızı və onun nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, İddiaçı iddia tələbini iddiaçıya dair hissədə təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, Cavabdeh ona bildirmişdir ki, onun iddiaçıya olan borcu 292.300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları deyil, təxminən 100 000 (yüz min) ABŞ dolları məbləğindədir. Qalan məbləğ cavabdehin iddiaçıdan aldığı materiallar üzrə yaranmış borcdur. Həmin materialların dəyəri hesablanmalıdır. Ona görə də, iddia tələbini 292.300 ABŞ dolları məbləği hissəsində qəbul etmirlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilməli və müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının “pul” tələbinə dair iddiası təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İş materiallarında olan 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən və həmin müqavilə üzrə notariat işindən görünür ki, Cavabdeh İddiaçı 292300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları məbləğində borclu olduğunu etiraf etmiş və həmin borcu 31.06.2018-ci il tarixinədək İddiaçı qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Müqavilə, Bakı şəhəri 27 saylı xüsusi notariat kontorunda təsdiqlənmiş və reyestrdə 3M-405 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən yazılmış və imzalanmış iltizamdan görünür ki, Cavabdeh 04.07.2013-cü il tarixdə almış olduğu 292300 ABŞ dollarını və ya bu məbləğə ekvivalent Azərbaycan manatın borcun olduğunu etiraf etmiş və bu borcun 2018-ci ilin ilk yarısınadək ( 31 iyun 2018-ci il tarixinədək) ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26.10.2018-ci il tarixli 2(004)-6594/2018 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilərək, 21.10.2003-cü il təvəllüdlü X2, 05.10.2004-cü il təvəllüdllü X3 və 25.12.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 510 (beş yüz on) manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, alimentin tutulmasının başlanğıcının 25 iyul 2018-ci il tarixdən müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı ilə X7 arasında 31.08.2002-ci il tarixdə Hacıqabul rayon VVADQ şöbəsində bağlanmış və 226 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra 21.10.2003-cü il təvəllüdlü X2, 05.10.2004-cü il təvəllüdllü X3 və 25.12.2014-cü il təvəllüdlü X1 anaları X4 yanında qalmaları qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)-846/2020 saylı qətnaməsindən görünür ki, X7 və İddiaçı apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2912/2019 saylı iş üzrə 26 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ‘‘VAZ-21074” markalı, **-ML-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı, **-NK-*** dövlət nömrə nişanlı, “X14” markalı, **-RC-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı, ** XM *** dövlət nömrə nişanlı, “VAZ-21214” markalı, ** SD *** dövlət nömrə nişanlı və “VAZ-21074” markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobillərə, habelə İddiaçı və Cavabdeh arasında bağlanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə 292.300 ABŞ dolları borc pula aid hissələrdə ləğv olunması və həmin hissələrdə iş üzrə yeni qətnamənin qəbul edilməsi, “VAZ-21074” markalı, **-ML-*** dövlət nömrə nişanlı, “Volkswagen Passat” markalı, **-NK- *** dövlət nömrə nişanlı, “X14" markalı, **-RC-*** dövlət nömrə nişanlı, “Ford Tranzit” markalı, ** XM *** dövlət nömrə nişanlı və "VAZ-21214” markalı, ** SD *** dövlət nömrə nişanlı avtomobilin satış dəyərinin yarısı olan 56.050 (əlli altı min əlli) manat məbləğində pulun İddiaçı tutularaq X5 ödənilməsi, “VAZ-21074” markalı, ** MZ *** dövlət nömrə nişanlı avtomobil üzərində X4 1/2 payla mülkiyyət hüququnun tanınması, İddiaçı və Cavabdeh arasında baglanmış 20.11.2016-cı il tarixli borcun etirafı haqqında müqavilə üzrə İddiaçı 292.360 ABŞ dolları tələb hüququ üzərində X4 ½ payla əmlak hüququnun tanınması, həmin tələbin qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 25.08.2020-ci il tarixli 2(102)-4176/2020 saylı qərarından görünür ki, iddiaçı Fətiyeva (Bağırova) Könül Aydın qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)-846/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, iddia ərizəsi üzrə Cavabdeh iddiaçı ilə borcun etirafı haqqında müqavilə bağlamış, lakin müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də qeyd edilən müqavilə üzrə Cavabdeh öhdəliyi icra etmədiyi üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyır. Eyni zamanda, məhkəmə qeyd edir ki, İddiaçı ilə Fətiyeva (Bağırova) Könül Aydın qızı 31.08.2002-ci il tarixdə nikaha daxil olmuş, 26.10.2018-ci il tarixdə məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 19.02.2020-ci il tarixli 2(103)-846/2020 saylı qətnaməsi ilə 20.11.2016-cı il tarixli borcun etirafı müqaviləsi üzrə 292300 (iki yüz doxsan iki min üç yüz) ABŞ dolları məbləğində borcun tələb hüququ üzərində tərəflərin bərabər (hər birinin ½ ) payla əmlak hüquqları müəyyən edildiyindən, həmin məbləğdə pul vəsaiti İddiaçı Fətiyeva (Bağırova) Könül Aydın qızı ilə olan birgə nikah dövründə birgə təsərrüfat nəticəsində əldə edildiyindən və 04.07.2013-cü il tarixdə cavabdehə borc verildiyindən və cavabdeh tərəfindən həmin borcun iddiaçıya qaytarılmadığı məhkəmə araşdırması zamanı sübuta yetirildiyindən, müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızı Cavabdeh 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsi üzrə 292.300 ABŞ dolları məbləğində borcun ½ hissəsi, yəni 146150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları məbləğində pulun tələb edilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ərarvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir Aİlə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ailə Məcəlləsinin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsini 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsi üzrə 292.300 ABŞ dolları məbləğində borcun ½ hissəsi, yəni 146150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) məbləğində pul İddiaçı xeyrinə tutulmalı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının iddiası təmin edilərək, Cavabdeh 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsi üzrə 292.300 ABŞ dolları məbləğində borcun ½ hissəsi, yəni 146150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) məbləğində pul Fətiyeva (Bağırova) Könül Aydın qızının xeyrinə tutulmalıdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ödənilmiş dövlət rüsumunun qaytarılmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumları özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.12.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsi üzrə 292.300 ABŞ dolları məbləğində borcun ½ hissəsi, yəni 146150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Fətiyeva (Bağırova) Könül Aydın qızının iddiası təmin edilsin. Cavabdeh 20 noyabr 2016-cı tarixli borcun etirafı müqaviləsi üzrə 292.300 ABŞ dolları məbləğində borcun ½ hissəsi, yəni 146150 (bir yüz qırx altı min yüz əlli) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) məbləğində pul Fətiyeva (Bağırova) Könül Aydın qızının xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumları iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2759/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2759/2021
30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver