Məhkəmə qərarları › İş №2(004)-2763/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2763/2024

03.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2763/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2014-cü ildə X4 və 17 sentyabr 2017-cü ildə X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü hər uşağa hər ay 235 manat sabit pul məbləğində alimentin Cavabdeh Zülləli oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuşdur. Nikahları Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə, 1147 nömrə ilə qeydə alınmışdır. Birgə yaşadıqları müddətdə 04 dekabr 2014-cü ildə Zeynəb və 17 sentyabr 2017-cü ildə Cəbrayıl adlı iki övladı olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyi üçün cavabdehlə ayrılmış və aralarında olan nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1354/2023 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən hər iki övladı onun himayəsinə verilmiş və onun saxlanılması üçün hər uşağa hər ay 170 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Hazırda bu məbləğ uşağın saxlanması üçün yetərli deyildir. Çünki uşağın qidalanması, sağlamlığı, geyimi, təhsili, normal həyat tərzi keçirməsi üçün daha çox pul tələb olunur, onun isə maddi vəziyyəti o qədərdə yaxşı deyildir. Üstəlik qızının səhhətində olan problemlər, müalicə xərcinin olması maddi vəziyyətini daha da ağırlaşdır. Valideynlərinin himayəsində yaşayır, işləmədiyi üçün övladını saxlamaqda çətinlik çəkir. Bu günə olan hazırki dövrün tələbatını, eyni zamanda ölkədə baş vermiş qiymət artımı və s. hallar nəzərə alınarsa 170 manat aliment məbləğinin olduqca az olmasını görmək olar. Bu səbəbdən də məhkəməyə hazırki iddia ilə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, cavabdeh bir valideyin olaraq övladının saxlanmasına borludur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bildirmişdir ki, o özüdə qeyri rəsmi olaraq baxıcı işləyir və 600 manat maas alsada, hal-hazırda onun aldığı aliment heç nəyə bəs etmir. Cvabden tutulmuş alimenti də, vaxdı vaxtında ödəmir. Aliment onun valideyinləri tərəfindən ödənilir. Hal-hazırda yaşayış minimumu uşaqlar üçün 2024-cü il üçün 235 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o, hal-hazırda işləmir. Əvvəllər sürücü işləsə də, hazırda avtomobili xarab olduğu üçün işləyə bilmir. Məhkəmə qətnaməsi ilə təyin olunmuş 170 manat məbləğində alimenti belə çətinliklər ödəyir. Odur ki, göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ilkin iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2010-cu il tarixdə, 1147 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, qarşılıqlı iddia qismən təmin edilərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 anaları İddiaçı yanında saxlanılması, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 28 fevral 2023-cü il tarixdən başlayaraq, qarşılıqlı iddia üzrə Cavabdeh hər ay hər uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı birgə nikahdan anadan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etsə də, iddiaçı tərəfindən cavabdehin kifayət qədər gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, «Azərbaycan Respublikasında yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilsə də, alimentin artırılması üçün bu əsas ola bilməz. Alimentin artırılması üçün qanunda göstərilən paralel əsaslar da mövcud olmalıdır. Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşaqları saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəm iclasında iddiaçının etirafedici izahatı ilə onun baxıcı işləməsi və ayda 600 manat əmək haqqı alması da, müəyyən edildi Lakin buna baxmayaraq, məhkəmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş 170 (yüz yetmiş) manat aliment məbləğini hazırki halda uşaqların mənafeyinə uyğun hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1354/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar