Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-278/2021 15.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh vuruduğu maddi ziyana görə 31746 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin artırılması ilə bağlı ərizə verərək Cavabdeh ona vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 izahat verərək bildirir ki, xx.xx.2020-ci il tarixdə saat 14:50 radələrində İddiaçıya məxsus olan «BMW 3281» minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospektində idarə edərkən Cavabdeh tərəfindən idarə olunan "Range Rover" markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşma nəticəsində idarəetməni itirərək yolun kənarında olan reklam dirəyinə dəymişdir. Bakı şəhər Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokola əsasən Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Habelə Nəsimi rayon Təhqiqat Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirlidir və onun təqsirli hərəkəti nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Eyni zamanda yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı bir ilə yaxındır ki, avtomobilindən istifadə edə bilmir və maddi ziyanla yanaşı mənəvi zərərə də məruz qalmışdır. Belə olan halda hesab edir ki, cavabdehdən maddi ziyanla yanaşı 5000 manat məbləğində mənəvi zərər də iddiaçının xeyrinə tutulmalıdır. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, iddia ərizəsində əvvəlcə 31000 manat tələb edilsə də, sonradan iddiaçı tərəfindən təqdim edilmiş rəydə dəymiş zərərin 57000 manat olması qeyd edilmişdir. Bu uyğunsuzluğa əsasən hesab edir ki, iddiaçı əsassız olaraq varlanmaq istəyir. Ekspert rəyində dəymiş zərərin 15600 manat olması müəyyən edilmişdir. Sonradan “xxxx” ASC-yə verilmiş sorğudan müəyyən olunur ki, sığorta şirkəti tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir. İddia təmin edildiyi halda bu nəzərə alınaraq dəymiş zərərin məbləğindən 5000 manat çıxılmalıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Nəsimi RPİ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətinə əsasən İddiaçı yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi və Cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədilə qərarın Nəsimi rayon RPİ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Nəsimi RPİ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, AP ******* nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Range Rover” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 327.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan “xxxx” MMM tərəfindən tərtib edilmiş 29.10 2020-ci il tarixli, ********** saylı qüsur aktına əsasən «BMW 3281» minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı, F348700 ban nömrəli avtomobilin yol nəqliyyat hadisəsi zamanı zədələnmiş ehtiyyat hissələrinin dəyişdirilməsi və təmiri üçün tələb olunan məbləğ 57526,16 manat təşkil edir. İş materiallarında olan “xxxx” ASC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı 24769 manat məbləğində maddi ziyan dəymiş və sığorta şirkəti tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin edilməsi müəyyən edilmişdir. İş materiallarında olan Paşa Bank”xxxx“xxxx” ASC tərəfindən İddiaçı hesabına 5000 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 9/3728/20 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, tədqiq edilən 2012 -ci il buraxılışlı «BMW 3281» minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 15600 manat müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi «BMW 3281» minik markalı, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı Cavabdeh oğlundan dəymiş ziyanın tutulmasını tələb etsə də, məhkəmə iddianı ancaq cavabdehdən 10600 manat tutulması hissəsində əsaslı hesab edir. Çünki, ekspert rəyinə əsasən hadisə nəticəsində iddiaçıya 15600 manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilmişdir. 2020-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıya dəymiş zərərin əvəzi olaraq 5000 manat məbləğində söğorta ödənişi edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dəymiş ümumi maddi ziyanın ödənilmiş hissəsi də nəzərə alınmaqla (15600-5000=10600) cavabdehdən iddiaçının xeyrinə 10600 manat məbləğində pul tutulmalıdır. Məhkəmə mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pul tutulması hissəsində iddianı əsassız hesab edir. Belə ki, iddiaçı cavabdehdən mənəvi zərərin əvəzini tələb etsə də iddianı həmin hissədə sübut etməmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 10600 (on min altı yüz) manat İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərci və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 10600 (on min altı yüz) manat İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-278/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-278/2021
15.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver