Məhkəmə qərarları › İş №2(004)-281/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-281/2022

14.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-281/2022 14.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2978,14 manat əsas borc, 1911,97 manat faiz borcu, 154,15 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 49,64 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə cəmi 5093,90 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC tərəfindən Cavabdeh 03.06.2019-cu il tarixli 05209 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, aylıq 36% olmaq şərtilə 3300 manat məbləğində kredit verilmişdir. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 23 avqust tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. 28 sentyabr 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 2978,14 manat əsas borc, 1911,97 manat faiz borcu, 154,15 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış 49,64 manat gecikdirilmiş faiz borcu olmaqla, ümumilikdə borcu 5093,90 manat təşkil edir. Daha sonra, "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə 03.06.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2945,36 manat əsas borc, 1876,19 manat faiz borcu, 154,15 manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsinin müddəti bitdikdən sonra illik 5% hesablanmış 85,90 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5061,60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, ərizədə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş və iddianının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli, 05209 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 36% dərəcəsi ilə 3300 manat məbləğində kredit verilmişdir; Ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh 03.06.2019-cu il tarixli 05209 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 625 manat ödəniş etmiş, həmin məbləğdən 321,86 manat əsas borca, 270,83 manat faiz borcuna və 31,31 manat cərimə borcuna çıxılmışdır. 13 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 03.06.2019-cu il tarixli 05209 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin "xxxx" MMC-yə 2945,36 manat məbləğində əsas, 1876,19 manat məbləğində faiz, 154,15 manat məbləğində cərimə borcu və kredit müqaviləsi üzrə geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 85,90 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 5061,60 manat məbləğində borcu vardır. "xxxx" MMC-nin Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 3 (üç) gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdeh xəbərdar edilmişdir; 28.09.2021-ci il tarixli ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı “Bank Olmayan Kredit Təşkilatı İDK" MMC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2021-ci il tarixli, 9/8616 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları nəzərə alınmaqla sual üzrə kredit müqaviləsinin bitdiyi 03.06.2021-ci il tarixə Cavabdeh iddiaçı "xxxx" MMC-yə olan borcu əsas borc üzrə 2945,36 manat, faiz borcu üzrə 1876,19 manat məbləğində müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh 3300 manat məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə üzrə müəyyənləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilə üzrə yaranmış əsas borcun, ona hesablanmış faizin, cərimənin və əldən çıxmış faydanın ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 154,15 manat məbləğində cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 15 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə 03.06.2019-cu il tarixli 05209 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz, cərimə və gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2945,36 manat əsas borc, 1876,19 manat faiz borcu, 15 manat cərimə borcu və kredit müqaviləsi üzrə 13.01.2022-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 85,90 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4922,45 manat Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı, cavabdehdən iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi (30 manat) əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi cəmi 50 (əlli) manat pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2945.36 (iki min doqquz yüz qırx beş manat otuz altı qəpik) manat əsas borc, 1876.19 (bir min səkkiz yüz yetmiş altı manat on doqquz qəpik) manat faiz borcu, 15 (on beş) manat cərimə borcu və kredit müqaviləsi üzrə 13.01.2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 85.90 (səksən beş manat doxsan qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 4922.45 (dörd min doqquz yüz iyirmi iki manat qırx beş qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar