Məhkəmə qərarları › İş №2(004)-283/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-283/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-283/2021 01.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MM QBKT-nin xeyrinə 3361.00 manat məbləğində kredit borcu, 984,34 manat məbləğində faiz borcu və 124,50 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4469 (dörd min dörd yüz altmış doqquz) manat 84 (səksən dörd) qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MM QBKT xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 32% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 229 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2020-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 oglunın əsas borc üzrə 3361.00 AZN, faiz borcuna görə 984.34 AZN, cərimə borcuna görə 124.50 AZN, cəmi 4469.84 AZN təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar həll edilməsi barədə danışıqlar kreditor tərəfindən aparılmışdır, lakin, danışıqlar heç bir nəticə verməmişdir və kreditor “FİNCA Azerbaijan” MM QBKT öz tələbini məhkəmə yolu ilə həll edilməsi üçün müvafıq məhkəməyə ərizə ilə müraciət edərək bu hüquqdan istifadə etmək qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirir ki, ekspert rəyi ilə razıdır. Pandemiya ilə əlaqədar işləyə bilməmiş və bu səbəbdən də ödənişi edə bilməmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0485 saylı kredit müqaviləsinə əsasən bank borcalana biznes məqsədləri üçün 24 ay müddətinə illik 32% ödəmək şərtilə 4000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, olan İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0485 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MM QBKT tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3361 manat məbləğində əsas borc, 984,34 manat məbləğində faiz borcu, 124,5 manat məbləğində cərimə borcu, cəmi 4469,84 manat məbləğində borcu vardır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/4200 saylı ekspert rəyinə əsasən X1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli **********0485 №-li kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020ci il tarixə İddiaçı MM QBKT-yə 3365,51 manat əsas, 325,42 manat faiz borcu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik münasibəti yaranmışdır. İddiaçı MM QBKT öz öhdəliklərini lazımı qaydada icra etsə də, cavabdeh öhdəliklərini lazımınca icra etməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2019-cu il tarixli **********0485 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqavilələrə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə əsas borc, faiz borcu, dəbbə pulu və məhkəmə xərclərini ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə iddianı əsas borcun tutulması hissəsində əsaslı hesab edir. Lakin iddiaçı 984,34 manat faiz borcu tələb etsə də, ekspert rəyindən görünür ki, faiz borcu 325,42 manatdır. Məhkəmə, o cümlədən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 124,5 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3361 manat məbləğində əsas, 325,42 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3736,42 manat (üç min yeddi yüz otuz altı manat, qırx iki qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat İddiaçı MM QBKT-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3361 manat məbləğində əsas, 325,42 manat məbləğində faiz borcu, 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 3736,42 manat (üç min yeddi yüz otuz altı manat qırx iki qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul tutularaq, İddiaçı MM QBKTnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 100 (yüz manat) manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar