Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-283/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh Əbülhəsən qızına qarşı “mənzilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Əbülhəsən qızına qarşı “mənzilə dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 33 nömrəli evin, 31 nömrəli mənzilinə Cavabdeh Əbülhəsən qızı tərəfindən vurduğu maddi zərərə görə 1500 (bir min beş yüz) manat məbləğində pul və ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüiquqi ilə ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mirəli Sevidov küçəsi 33 nömrəli evin, 31 nömrəli mənzilinə yuxarıda yerləşən Cavabdeh Əbülhəsən qızına məxsus Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi 33 nömrəli evin, 34 nömrəli mənzilindən su axıdılması nəticəsində mənzilinə maddi zərər vurmuşdur. Bu hal əvvəllərdə bir neçə dəfə baş vermişdir, lakin həmin vaxt qonşu olaraq aralarındakı səmimi münasibətləri pozmamaq üçün öz hesabına təmir etmək qərarına gələrək təmir etdirmişdir. Qonşu cavabdehdən xahiş etmişdir ki, bir daha belə bir hal baş verməsin. Lakin buna baxmayaraq cavabdeh bundan nəticə çıxarmamış, bu ilin avqust ayında yenədə mənzilinə su axıtmaqda davam edir. Nəticədə mənzilinə 1500 (bir min beş yüz) manat məbləğində maddi zərər vurmuşdur. Göründüyü kimi, mənzilinə suyun məhz cavabdehin mülkiyyətində olan mənzildən axıdılmasını, cavabdehin təqsirli olduğunu sübut edir. Bakı şəhəri Yasamal rayonu 22 saylı Mənzil Kommunal İstismar Sahəsi araşdırmaları və tərtib etdikləri akt ilə bu hal öz təsdiqini tapmış, başqa sözlə, onun mənzilində qüsurların yaranması həmin qüsurların məhz cavabdehin hərəkətləri, yəni su axıdılması nəticəsində yaranması öz təsdiqini tapır. Cavabdehin mənzilindən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin tavanına, divarlarına dəymiş ziyanı özündə əks etdirən foto şəkilləri və video görüntünü məhkəməyə sübut kimi təqdim etmişdir. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh qonşudurlar. İddiaçı ərizəsində göstərib ki, cavabdehin evindən gələn su nəticəsində onun evinə 1500 manat məbləğində ziyan dəyib. İlk olaraq onu qeyd etmişdir ki, iddiaçının evinə dəyən ziyanın məhz cavabdehin təqsiri ucbatından olmasını təsdiq edən sübutlar iddiaçı tərəfindən təqdim edilməyib. Yalnız Mənzil İstimar sahəsi tərəfindən verilmiş akt var və hesab edir ki, bu akt təkbaşına mötəbər sübut kimi qəbul edilə bilməz. İddiaçı məhkəməyə yalan informasiya təqdim etməklə məhkəməni yanıltmağa çalışır. Belə ki, iddiaçı qeyd edir ki, bundan əvvəl də evə su axan zaman öz hesabına təmir etdirib. Ancaq bu yalandır. Təqdim etdiyi səsdən də görünür ki, cavabdeh usta göndərmiş və su axan yeri düzəltdirmiş və bundan sonra da iddiaçıdan suyun yenidən gəlib-gəlmədiyini maraqlanmışdır. Son baş verən hadisə ilə bağlı da onun təqsiri sübuta yetirilməsə də, cavabdeh insani davranış nümayiş etdirirərək evə dəymiş ziyanın aradan qaldırılması üçün təmir edilməni və həmçinin dəymiş ziyanın ödənilməsini təklif edib. Ancaq iddiaçı dəymiş ziyanı həddindən artıq çox göstərərək cavabdehdən daha çox pul tələb edib. Cavabdeh isə bu şişirdilmiş məbləği vermək iqtidarında deyil. Həyat yoldaşı vəfat edib. Mənzil İstismar sahəsi tərəfindən tərtib edilən aktda da qeyd edilir ki, tavan və divar su axması nəticəsində zədələnmişdir. Təqdim edilən şəkildən də görünür ki, bu dəymiş ziyanın aradan qaldırılması üçün 200-300 manat kifayət edəcəyi halda iddiaçı əsassız olaraq cavabdehdən 1500 manat məbləğində maddi ziyan tələb edir. Vurulmuş ziyanın məhz cavabdehin təqsiri ucbatından olması və zərərin məbləğinin düzgün müəyyənləşdirilməsi üçün məhkəmə-texniki və əmtəəşünaslıq ekspertizası keçirilməli və rəyə əsasən cavabdehin təqsirinin olub-olmaması və real ziyan müəyyən edilməlidir. Qeyd etmişdir ki, iddiaçı bir dəfə bundan əvvəl də iddia edib ki, evə su cavabdehə məxsus mənzildən gəlib, ancaq sonradan məlum olub ki, bu belə deyil. Aşağıdakılara əsasən iddiaya etiraz edirlər. İddia tələbi əsassızdır, təmin edilməməlidir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2) Maddənin normasından da görünür ki, qanun real zərərin ödənilməsini nəzərdə tutur, iddiaçı tərəfindən şişirdilmiş məbləğ deyil. Mülki Məcəllənin 1096-cı maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu səbəbdən də ilk öncə cavabdeh tərəfindən iddiaçıya ziyanın vurulub-vurulmaması müəyyən edilməlidir. Odur ki, qeyd edilənlərə əsasən iddiaçının “mənzilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbi qanunsuz və əsassızdır, iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən iddiaçının “mənzilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia tələbi əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Ona verilən suallara cavab olaraq bildirdi ki, cavabdeh ondan yuxarı mərtəbədə yaşayır. Cavabdehlə aralarında razılıq əldə edilməsi mümkün deyil, çünki bu kimi hadisəni cavabdeh dəfələrlə törətmişdir. Onun mənzili 4-cü mərtəbədə, cavabdehin mənzili isə 5-ci mərtəbədə yerləşir. Sonuncu dəfə məhkəməyə müraciət etməmişdən əvvəl mənzildən su axıdılıb. Dəyən zərər 1000 manatdan çoxdur. Hələ onun keçirdiyi mənəvi iztirablar daha çoxdur. Tam təmir edilmiş evinin təmiri xarab olduqda çox ağır əsəb keçirir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş ekspertiza rəyi ilə tanışdır. Əgər ekspert tərəfindən sızıntının haradan gəlməsini müəyyən edilə bilməyibsə, cavabdehi təqsirli görmək absurddur. Hətta cavabdeh iddiaçıya köməklik edərək, evin təmir edə biləcəyi barədə müraciət etmiş, lakin iddiaçı razı olmamışdır. Ekspertiza rəyində işçilik üçün müəyyən edilmiş məbləğlə iddiaçının tələb etdiyi məbləğ arasında böyük fərq var. Sübutetmə vəzifəsi iddiaçının üzərindədir. Həmçinin ekspertiza rəyində də müəyyən edilməyib ki, cavabdehin mənzilindən su axıdılır. MQİS-in işçiləri isə suyun haradan axdığın bilə bilməz, çünki onların sahəsi deyil. Əgər kanalizasiya da nasazlıq var idisə, iddiaçı bununla bağlı başqa müvafiq qurumlara müraciət edə bilərdi. Ekspert rəydəki avadanlıqlarla bağlı linklər qoymalı idi, amma link sənədlərə əlavə edilməyib. Buna görə də ekspertiza rəyi iş üzrə heç bir əhəmiyyət kəsb etməməlidir. Mənzilə dəymiş zərər maksimum 200-300 manatdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, dəymiş ziyanın məbləği 124 manatdır. Hesab edir ki, iddiaçı əsassız olaraq varlanmaq istəyir. Sədrlik edənin sualına cavab olaraq bildirir ki, cavabdeh mənzilin mülkiyyətçisidir. Cavabdehin mənzili 5-ci mərtəbədə yerləşir. Cavabdehlər mənzilin təmiri ilə bağlı iddiaçıya təklif irəli sürüb, amma razılıq əldə olunmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 33, mənzil 31 ünvanında qeydiyyatdadır. - Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Cavabdeh Əbülhəsən qızı ünvan 2 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 33, mənzil 31 paylı mülkiyyət kimi 1/3 hissədə İddiaçı adına xx.xx.2011-ci il tarixdə qeydiyyatdan keçmişdir və hal-hazırda mülkiyyətindədir. - P.Sadatov, E.Babayev və N.Əsədov tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli akta əsasən vətəndaş İddiaçı müraciət edərək, ünvan 3 ünvana su sızdığını bildirmişdir. Tərəflərindən mənzilə vizual baxış keçirərkən məlum oldu ki, həqiqətən də, vətəndaş Cavabdeh Əbülhəsən qızının yaşadığı 34 saylı mənzildən su axması nəticəsində mənzil 31in dəhlizinin divar və tavanına ziyan dəymişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7949 nömrəli, 13 may 2025-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, 31 saylı mənzilə baxış zamanı su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin dəhlizinin tavan və divar hissələrində emulsiya qatının qopmuş və şişmiş vəziyyətdə olduğu, rənginin dəyişdiyi, susızmaya xarakterik izlərin olduğu müşahidə olunmuşdur. Həmin binada yuxarı mərtəbədə yerləşən 34 saylı mənzilə baxış zamanı sanitar qovşağının su və kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə olunmadığı səbəbdən su axıntısının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd olunur ki, qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. - “X1 Mərkəzi” MMC-nin YDQM 004-130/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən ünvan 4 ünvanda yerləşən 31 saylı mənzildə baş vermiş su sızması nəticəsində zədələnmiş tavan və divar səthlərinin ilkin vəziyyətinə bərpa olunması üçün tələb olunan xərclərin (material və işçilik daxil olmaqla) məbləği 683 (altı yüz səksən üç) manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri olan 200 manat məbləğində olan xidmət haqqı “X1 Mərkəzi” MMC-nin hesabına İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, ev 33, mənzil 31 ünvanında, Cavabdeh Əbülhəsən qızı isə ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı iddia edir ki, ona məxsus mənzilə yuxarıda yerləşən cavabdehə məxsus mənzildən su axıdılması nəticəsində maddi zərər vurulmuşdur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7949 nömrəli, 13 may 2025-ci il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, 31 saylı mənzilə baxış zamanı su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin dəhlizinin tavan və divar hissələrində emulsiya qatının qopmuş və şişmiş vəziyyətdə olduğu, rənginin dəyişdiyi, susızmaya xarakterik izlərin olduğu müşahidə olunmuşdur. Həmin binada yuxarı mərtəbədə yerləşən 34 saylı mənzilə baxış zamanı sanitar qovşağının su və kanalizasiya xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq müşahidə olunmadığı səbəbdən su axıntısının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. “X1 Mərkəzi” MMC-nin YDQM 004- 130/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən ünvan 4 ünvanda yerləşən 31 saylı mənzildə baş vermiş su sızması nəticəsində zədələnmiş tavan və divar səthlərinin ilkin vəziyyətinə bərpa olunması üçün tələb olunan xərclərin (material və işçilik daxil olmaqla) məbləği 683 (altı yüz səksən üç) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən maddi zərərə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. İddiaçıya maddi zərər dəyməsi işin mübahisəsiz halına çevrilib. Mübahisəli hal bu zərərin vurulmasında cavabdehin təqsirinin olub-olmaması ilə bağlıdır. İddiaçının maddi zərərə məruz qalması mövcuddur və bu cür zərər yalnız üst mərtəbədə yerləşən mənzildən su axıdılması nəticəsində baş verə bilir. Üst mərtəbədəki mənzil isə cavabdehin mülkiyyətində olmuşdur. Məhkəmə baxışı zamanı da tərəflərin izahatından bəlli oldu ki, iddiaçı ilə cavabdehə məxsus mənzil üst-üstə yerləşir. Başqa sözlə, iddiaçının mənzilinin su axıdılan hissəsinin üst mərtəbədəki eyni hissəsi və onun kənar(yan)otaqları(hissələri) cavabdehə məxsus mənzilin tərkib hissəsinə aiddir. Bu cür vəziyyətdə suyun axıdılması cavabdehə məxsus mənzildən kənarda baş verə bilməzdi. Ağalaban mühakimə də bunun başqa cür olmasını istisna edir. O başqa məsələ ki, cavabdeh bəyan edə bilər ki, onun mənzilinə də üst mərtəbədən su axıdılmış, nəticədə iddiaçının mənzilinə də onun mənzilindən su sızmışdır. Ancaq cavabdeh bunu iddia etmir, ekspert də cavabdehin mənzilinə üst mərtəbədən su axmasını müəyyən etməmişdir. Demək ki, cavabdehin mülki hüquq pozuntusu törətməsi nəticəsində iddiaçıya zərər dəyməsi özü-özlüyündə sübuta yetirilmiş hesab edilir. Ekspert rəyləri məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Ekspert rəyləri məhkəmə üçün məcburi deyildir, onlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verilir. Məhkəmə üçün qabaqcadan müəyyən edilmiş məcburi qüvvəsi yoxdur. Məhkəmə ekspert rəyləri ilə razılaşmaya bilər. Lakin iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi iddianın rədd edilməsi üçün deyil, iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmə vurulmuş maddi zərərin məbləğinə münasibətdə qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə “X1 Mərkəzi” MMC-nin YDQM 004-130/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatı əsas götürülməklə 683 (altı yüz səksən üç) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin olunmalı, Cavabdeh Əbülhəsən qızından vurulmuş maddi ziyana görə 683 (altı yüz səksən üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh Əbülhəsən qızından İddiaçı xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Əbülhəsən qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. İş üzrə ödənilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın 100 (yüz) manat hissəsi Cavabdeh Əbülhəsən qızından tutularaq İddiaçı ödənilməli, qalan hissədə ekspertiza xərci iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Əbülhəsən qızından vurulmuş maddi ziyana görə 683 (altı yüz səksən üç) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi Cavabdeh Əbülhəsən qızından İddiaçı xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh Əbülhəsən qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İş üzrə ödənilmiş “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manatın 100 (yüz) manat hissəsi Cavabdeh Əbülhəsən qızından tutularaq İddiaçı ödənilsin, qalan hissədə ekspertiza xərci iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-283/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-283/2025
02.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver