Məhkəmə qərarları › İş №2(004)-2835/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2835/2022

09.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2835/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pulun tutularaq dövlət nəfinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. 06.10.2021-ci il tarixdə idarənin icra məmuru Nümayəndə məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. 04.04.2022-ci il tarixdə məhkum Nümayəndə elektron nəzarət vasitəsinə baxış keçirilərkən mobil qurğunun yararsız hala salındığı müəyyən edilmiş, verdiyi izahatında məhkum mobil qurğunun pilləkənlərdən enərkən qəfil təzyiqinin qalxması nəticəsində müvazitəni itirərək yıxılaraq zədələnib yarasız hala düşməsini bildirmişdir. "xxxx" QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən mobil qurğunun dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun ifadə verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək bildirmişdir ki, pilləkənlərdən enərkən qəfil təzyiqinin qalxmış, müvazitəni itirərək yerə yıxılan zaman zədələnib yarasız hala düşmüşdür. Məhkəmə tərəflərin izahatlarını, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Baki Şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (071)-87/2021 saylı, 10.06.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh şübhəli şəxs kimi saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 4 (dörd) gününə əvəz edilməklə üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cavabdeh cəzaçəkmə müddətinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh üzərinə Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan ünvan 1 ünvanda yerləşən evini gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, Cavabdeh üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Neftçala rayon icra və probasiya şöbəsinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Cavabdeh barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilmiş və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 06.10.2021-ci il tarixli elektron nəzarət vasitəsinin tətbiq olunduğu subyektin həmin vasitədən istifadə qaydaları haqqında protokolun surətindən görünür ki, üzərinə qoyulmuş vəzifələrin icrası ilə əlaqədar elektron nəzarət vasitəsini işlək vəziyyətdə saxlanılması, bunun üçün görülməli olan işlər, habelə hər-hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi üzərinə qoyulmuş vəzifələri pozduğu təqdirdə cəzasının azadlıqdan məhrum etmə növü ilə əvəz olunacağı izah edilməklə məhkum Cavabdeh elektron nəzarət vasitəsi tətbiq edilmiş və özü şəxsən protokolla tanış olmuş və imzalamışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh izahatından görünür ki, 02.04.2022-ci il tarixdə üzərinə tətbiq olunmuş aparat yaşadığı evdən çıxıb dükana düşəndə pilləkənlərə çıxdığı vaxt təzyiqi qalxıb yıxılmış və gödəkcəsinin iç cibindən qolbağın aparatı yerə düşərək zədələnərək sönmüşdür. Sonra zaryadkaya qoymuş, aparat yanmış və düzgün işləməmiş, qolbaq açılmış və siqnal gəlmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış 29.07.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (071)-87/2021 saylı, 10.06.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. O, isə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, elektron nəzarət vasitəsini qorumamış və nəticədə elektron nəzarət qurğusu yıxılıb yerə düşərkən sınmışdır. Odur ki, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh təqsirli hərəkəti nəticəsində elektron nəzarət qurğusunun sınması müəyyən olunduğundan, Cavabdeh vurulmuş maddi ziyana görə 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən İddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi təmin edildiyindən, məhkəmə hesab edir ki, 42,77 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq dövlət nəfinə ödənilsin. Cavabdeh 42,77 (qırx iki manat yetmiş yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəfə rəsmi təqdim olunan gündən bir ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar