Məhkəmə qərarları › İş №2(004)-284/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-284/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-284/2022 07.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Elfan oğlunun Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə ona verilmiş 31.555,56 manat borcun, 9861 manat dəymiş zərər və ya əldən çıxmış fayda şəklindəki real zərərin, X5 Mərkəzi MMC-yə ödənilmiş 400 manatın, vəkilə ödənilmiş 112 manatın, ümumilikdə 41.928,56 manatın ödənilməsi üçün ipoteka predmeti olan Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən **********58-10301 reyestr nömrəli torpaq sahəsi 0,0124 ha və ümumi sahəsi 108,6 kv.m olan fərdi yaşayış evinin açıq hərracda satılaraq borcun ödənilməsinə yönləndirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh bir neçə müddətdir ki, tanıyır. 31.08.2017-ci il tarixdə Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən ona 35.500 manat borc pul vermişdir. Həmin razılaşma qarşılıqlı razılaşma əsasında 31.08.2017-ci il tarixdə notarial qaydada kredit müqaviləsi formasında rəsmiləşdirilmiş və cavabdeh ondan aldığı 35.500 manat borc pulu müqavilə ilə müəyyənləşdirilmiş müddət ərzində yəni 01.09.2020-ci il tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. 31.08.2017-ci il tarixli kredit müqaviləsinin 2-ci bəndinin şərtində 01.09.2017-ci il tarixdən başlayaraq borclu Cavabdeh borcunu hər ay 986 manat 11 qəpik olmaqla 36 ay müddətinə yəni 01.09.2020ci il tarixinədək hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. Bundan əlavə 31 avqust 2017ci il tarixində ipoteka saxlayan olaraq İddiaçı, ipoteka qoyan qismində X3 və borclu Cavabdeh arasında Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunda İpoteka müqaviləsi bağlanmışdır. 31 avqust 2017-ci il tarixli ipoteka müqaviləsinin predmeti olan 108,6 kv.m olan daşınmaz əmlak Abşeron rayonu, Xırdalan şəhərində yerləşir və Cavabdeh həyat yoldaşı X1 mülkiyyətindədir. 31.08.2017-ci il tarixli kredit müqaviləsi bağlandıqdan sonra Cavabdeh ardıcılk 4 ay 986 manat 11 qəpik ödəniş etmişdir. Lakin 01.01.2018-ci il tarixdən bugünə qədər cavabdeh heç bir ödəniş etməmişdir və bununla da kredit müqaviləsinin 2-ci bəndinin tələbini pozmuşdur. Dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də cavabdeh borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Elfan oğlu yuxarıdakı məzmunda izahat verərək iddia ərizəsini müdafiə etdiklərini və tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini qeyd edərək izahatında bildirdi ki, o yalnız 15000 manat məbləğində borc pulu evinin təmiri məqsədilə almışdır. Pulu isə ona maşında Daşqın adlı şəxs vermişdir. Sözügedən Hikmət adlı şəxsi isə əvvəllər görməmişdir və tanımır. Borcun 7000 manatını geri qaytarmışdır. Habelə o bildirdi ki, pulu ödəyən zaman Daşqından ona qəbz verməsini tələb etsə də, o müxtəlif bəhanələr gətirməklə ona bununla bağlı heç bir qəbz təqdim edilməmişdir. Bu baxımdan tələbin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ilə Cavabdeh (borc alan) arasında bağlanmış 31 avqust 2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh faizsiz 35.000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinin şərtində 01.09.2017-ci il tarixdən başlayaraq borclu Cavabdeh borcunu hər ay 986 manat 11 qəpik olmaqla 36 ay müddətinə yəni 01.09.2020ci il tarixinədək hissə-hissə ödəməsi nəzərdə tutulmuşdur. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdehə - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. İş materiallarında olan 05.03.2022-ci il tarixli “Əmlak Ekspert Mərkəzi” tərəfindən İddiaçı təqdim olunmuş ekspert rəyinə əsasən 01.09.2017-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə əsas məbləğdən qalıq borcu 31.555,52 manat, 01.09.2020-ci ilə qalıq borc və hesablanmış faizin yekun məbləği 37.866,60 manat, bank depoziti üzrə aylıq faiz gəliri 3549,96 manat (itirilmiş fayda) olmaqla cəmi 41.416,52 manat müəyyən edilmişdir. Beləliklə, cavabdeh – borc alan borcunu vaxtında ödəməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh kredit müqaviləsi üzrə ona verilmiş 31.555,56 manat borcun alınması hissəsində qanuni və əsaslı hesab etsə də, “dəymiş zərər və ya əldən çıxmış fayda şəklindəki 9861 manat real zərərin ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Göründüyü kimi, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09.07.2009-cu il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının pul vəsaitindən faydalanması, gəlirin, artım, bəhər və ya sair maddi xeyir qazanması işin materialları ilə sübuta yetirilmədiyindən, iddia göstərilən hissədə rədd edilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh – borc alanın Bakı şəhəri 50 saylı NK-da bağlanmış 31.08.2017-ci il tarixli 3M-656 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi bağlanmış 31 avqust 2017-ci il tarixli ipoteka müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən öhdəliyin icrasının təminatı kimi X2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evi 31.08.2017-01.09.2020 ilədək ipoteka ilə İddiaçı xeyrinə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 14.12.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evi 05.09.2017-ci il tarixli, ********** saylı ərizəyə əsasən İddiaçı xeyrinə yüklü edilmişdir və 29.03.2019-cu il tarixdə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 02.03.2022-ci il tarixli “X5 Mərkəzi” MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evinin hazırki likvid dəyəri 53.500 manat təşkil edir. Məhkəmə həmçinin iddia tələbini ekspertiza tədqiqatının dəyəri olaraq “X5 Mərkəzi” MMC-yə ödənilmiş 400 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində də əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, 02.03.2022-ci il mütəxəssis rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 400 manat məbləğindədir və İddiaçı tərəfindən “X5 MMC”-nin hesabına ödənilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş 8704 nömrəli qəbzdən görünür ki, “X5 Mərkəzi” MMC-nin hesabına 400 manat pul ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertizanın tədqiqatının dəyəri olaraq ödənilmiş 400 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin iddia tələbini vəkilə ödənilmiş 112 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarına əlavə edilmiş 96037 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən Vəkil Elfan oğluna 112 manat pul ödənilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, vəkilə hüquqi yardımın dəyəri olaraq ödənilmiş 112 manat məbləğində pul vəsaiti də Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdehdan 31.555,56 (otuz bir min beş yüz əlli beş manat əlli altı qəpik) manat, hüquqi yardıma görə vəkilə ödənilən 112 (yüz on iki) manat və ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulmalı, iddia tələbi X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, ilkin satış qiyməti 53.500 (əlli üç min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılmalı, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X2 verilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehdan 31.555,56 (otuz bir min beş yüz əlli beş manat əlli altı qəpik) manat, hüquqi yardıma görə vəkilə ödənilən 112 (yüz on iki) manat və ekspertiza tədqiqatının dəyəri olaraq 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə tutulsun. İddia tələbi X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evinə yönəldilərək, ilkin satış qiyməti 53.500 (əlli üç min beş yüz) manat müəyyən edilməklə açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra X1 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhərindəki 0,0124 ha torpaq sahəsi və üzərində yerləşən 108,6 kv.m sahədən ibarət fərdi yaşayış evinin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi cavabdeh X2 verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar