Məhkəmə qərarları › İş №2(004)-2848/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2848/2021

25.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2848/2021 25.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Babaəli oğlunun iştirakları ilə. İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Nissan Sunny markalı ** KA *** DQN avtomobilə görə ödədiyi 6300 manat məbləğində pulun, avtomobilin yaxşılaşması ilə bağlı xərclədiyi 1500 manat, dövlət rüsumuna görə ödədiyi 30 manat, hüquqi yardıma görə vəkilə ödədiyi 220 manat pulun, notariat kontorunda ödədiyi 50 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 22.12.2019-cu il tarixində ailənin ehtiyacları üçün avtomobil almaq fikrinə düşmüşdür. Bunun üçün Bakı şəhəri Badamdar deyilən ərazidə yerləşən maşın bazarına getmişdir. Araşdırma və müqayisə nəticəsində Səbuhi adlı bir şəxsdən Nissan Sunny markalı 10KA482 X3 avtomobili almaq qərarına gəlmişdir. Aralarında qiymətlə bağlı razılıq əldə olunarkən Səbuhi bildirmişdir ki, avtomobilin mülkiyyətçisi Cavabdehdır. Ona sonuncu zəng edərək avtomobilin dəyəri ilə bağlı məlumat vermiş və razılıq əldə olunmuşdur. Bakı Şəhəri Nərimanov rayonuna gələrək Cavabdeh ilə görüşmüşdür. Avtomobili 6300 manata alacağını ona da, bildirmişdir. O razılıq verdikdən sonra Bakı şəhəri, Xətai rayonunda yerləşən, 6 saylı Notariat Kontorunda Cavabdeh avtomobilə dair bütün hüquqları o cümlədən ona sərəncam vermək hüququ barədə ona etibarnamə vermiş və pulu mülkiyyətçiyə ödəmişdir. O, həmin avtomobili taksi fəaliyyəti göstərmək üçün almışdır. Maşının təmiri ilə bağlı 1500 manata qədər xərc çəkib onu normal vəziyyətə gətirmişdir. Lakin taksi fəaliyyəti ilə məşğul ola bilməmişdir. 12.01.2020-ci il tarixində Sumqayıt maşın bazarında əvvəllər tanımadığı Füzuli rayonundan məcburi köçkün, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 7-ci massiv, ev 6-da, məskunlaşmış İmanov Sərvan Nizami oğluna 8000 manata həmin maşını satmışdır. Avtomobili satdığı müddətdən təxminən 4 ay sonra Sərvan ona zəng vuraraq bildirdi ki, avtomobilinin etibarnaməsi ləğv olunub. O da Sərvana bildirmişdir ki, bundan onun məlumatı yoxdur. Sonradan məlum oldu ki, X2 avtomobilə dair ona verdiyi etibarnaməni ləğv edib. Maşının alınması ilə bağlı X7 müraciət etmişdir. X6 əməkdaşları məhkəmə qərarı olmadan, işi araşdırmadan avtomobili Cavabdeh vermişlər. Hal-hazırda avtomobil və ona ödədiyi pul Cavabdehdır. Hal-hazırda İmanov Sərvan Nizami oğlu Sumqayıt şəhər məhkəməsinə müraciət edərək avtomobilə görə ödədiyi pulu ondan tələb edir. Aralarında faktiki alqı-satqı müqaviləsinə əsasən o, öz üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Cavabdeh isə öz öhdəliyin əvvəlcə yerinə yetirmiş, lakin sonradan bu öhdəliklə bağlı elədiyi hərəkətlərin bir hissəsini ləğv etmişdir. Özünə aid olan hissədə avtomobili geri almış, ona aid olan hissədə isə hər hansı hərəkət etməmiş, pulu geri qaytarmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası ərazisində istər daşınar, istərsə də daşınmaz əmlakın etibarnamə əsasında alqı-satqısının tərəfdarı deyil. Tərəflər arasında alqı-satqıya dair müqavilə yoxdur. İmanov Sərvan Nizami oğlu adında şəxs İddiaçı və Cavabdeh qarşı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırıb, lakin cavabdeh məhkəmə çəkişməsindən yayınıb, dəfələrlə ona məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq iştirak etməyib. Məhkəmənin 30.11.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsində işə baxılaraq müvafiq qərar qəbul edilib. Cavabdeh məhkəmə çəkişməsində iştirak etmiş olsaydı hazırki məhkəmə mübahisəsi mövcud olmazdı. Əvvəli məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, o, özünə məxsus olan “Nissan Sunny” markalı 10KA482 markalı avtomobilini dəyişmək niyyətində olmuşdur, 2019-cu ilin dekabr ayında avtomobilini idarə edərkən nasazlıq səbəbindən idarəetməni dayandırmış və yolda Səbuhi adlı şəxs ona yaxınlaşaraq avtomobilini dəyişmək fikrinin olduğunu biləndən sonra onun şirkəti olduğunu, avtomobillərin dəyişməsi, alqı-satqısı ilə məşğul olduğunu və bu işdə ona köməklik edə biləcəyini dedi. Həmçinin o, ofisə dair məlumatlar olan vəsiqəni ona təqdim etdi, bundan sonra o Səbuhinin dediyi həmin ofisə getmiş, orada görünüşdə normal iş şəraiti olan ofis olduğunu görüb heç bir şübhə yaranmadan avtomobilini dəyişmək istədiyini bildirmişdir. Səbuhi ondan özünə məxsus avtomobili götürərək təmirə gərəkli olub-olmamasını yoxlatdırmaqdan ötrü ustaya verəcəyini bildirmiş və ona müvəqqəti idarə etmək üçün başqa avtomobil verilmişdir. Bundan sonra Səbuhi ona zəng edərək avtomobili yoxlatdırdığını və avtomobilin təmirə gərəkli olduğunu, bunun üçün avtomobilin Sumqayıt şəhərinə aparılmasını bildirərək ona həmin avtomobili idarə etməsi üçün notarial qaydada etibarnamə verilməsinin zəruriliyini bildirmişdir. O, heç bir etiraz etmədən notarial hərəkət etməkdən ötrü Səbuhinin dediyi Notariat Kontorun qarşısına yaxınlaşmış, Səbuhi gəlib onun vəsiqəsini götürmüş, lakin növbədə adam çox olduğunu bildirib özü sənədləşmə işini həll etmiş, ona isə etibarnaməyə imza etdirmişdir. Həmin vaxt Səbuhi ona etibarnaməni onun adına verildiyini bildirmiş, o, razılaşmış və Səbuhi vəsiqəsini götürərək, içəridə adam çox olduğundan, etibarnaməni imzalatdırıb aparmış, o isə zənn etmişdir ki, etibarnaməni Səbuhiyə vermişdir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil Babaəli oğlu iddiaçının iştirakı olmadan işə baxılması və iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2(060)- 4233/2020 saylı qətnaməsindən görünür ki, İmanov Sərvan Nizami oğlu İddiaçı “pul tələbi”nə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı və Cavabdeh 8000 manat məbləğində pulun, Cavabdeh məxsus olan “Nissan Sunny” markalı, **-KA-*** X3 avtomobilə sərf etdiyi 1500 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi qismən təmin edilmiş, İddiaçı 8000 manat məbləğində pul tutularaq İmnaov Sərvan Nizami oğlunun xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2(105)-1209/2021 saylı qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2(060)-4233/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan 08.08.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İmanov Sərvan Nizami oğlunun şikayəti əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı Cəmaləddin oğlu bildirmişdir ki, 22.12.2019-cu il tarixdə Badamdar maşın bazarından 6400 manata Nissan Sunny markalı avtomobili maşın bazarından həmin gün tanıdığı Səbuhi adlı şəxsdən almışdır. Həmin avtomobili Xətai rayonu ərazisində yerləşən və fəaliyyət göstərən 6 saylı notariat kontorunda öz adına rəsmiləşdirmişdir. Həmin notariat kontorunda maşının sahibəsi X2 ona baş etibarnamə vermişdir. Könül Məmmədovun iştirakı ilə 6400 manat pulu Səbuhi adlı şəxsə vermişdir. Aldığı avtomobilin benzin sərfiyyatı çox olduğu üçün Sumqayıt şəhər maşın bazarında tanımadığı Sərvan adlı şəxsə 8000 manata satmışdır. Sonra isə həmin maşını Qaradağ rayonu Lökbatan qəsəbəsi 8 saylı notariat kontorunda İmanov Sərvan Nizami oğlunun adına rəsmiləşdirmişdir. Maşının sahibi Cavabdeh verilmiş etibarnaməni ləğv etdirməsi barədə məlumatsız olduğunu bildirmişdir. Bu barədə Cavabdeh ilə əlaqə saxlayıb baş vermiş hadisəni araşdıran zaman, ona məlum olmuşdur ki, onun maşın aldığı və pulunu ödədiyi Səbuhi adlı şəxs onu qarşı dələduzluq edərək pulu ona ödəməmişdir. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, özünə məxsus olan Nissan Sunny markalı satmaq üçün Səbuhi adlı şəxsə vermişdir. Səbuhi adlı şəxs həmin maşını satmışdır. Lakin Səbuhi maşını satdıqdan sonra maşının pulunu ona vermədiyi üçün onun adından verilmiş bütün etibarnamələri ləğv etdirdiyini bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatlarına və iş materiallarına əsaslanaraq müəyyən edilmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassızdır. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edillməsi haqqında qərarda olan İddiaçı Cəmaləddin oğlunun izahatından da görünür ki, o, 22.12.2019-cu il tarixdə Badamdar maşın bazarından Nissan Sunny markalı avtomobili 6400 manata həmin gün tanıdığı Səbuhi adlı şəxsdən almış və pulu da ona ödəmişdir. Həmin avtomobili Xətai rayonu ərazisində yerləşən və fəaliyyət göstərən 6 saylı notariat kontorunda öz adına rəsmiləşdirmişdir. Həmin notariat kontorunda nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh ona baş etibarnamə vermişdir. Lakin Cavabdeh məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, o, etibarnaməni avtomobili satması üçün Səbuhiyə verdiyini zənn etmişdir. Məhkəmə bir daha qeyd edir ki, məhkəmə araşdırması zamanı İddiaçı tərəfindən “Nissan Sunny” markalı, **-KA-*** X3 nəqliyyat vasitəsinə görə 6400 manat pulun məhz Cavabdeh verilməsi öz təsdiqini tapmamışdır. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nın 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Bundan əlavə iddia tələbinin avtomobilin yaxşılaşması ilə bağlı xərclənmiş 1500 manat pulun cavabdehdən tutulması hissəsi üzrə məhkəmə hesab edir ki, tələb həmin hissədə təmin edilməməlidir. Belə ki, iddia ərizəsi həmin hissədə ümumiyyətlə əsaslandırılmamış və heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dair məhkəməyə sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Həmçinin məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödədiyi 220 manat pulun və notariat kontorunda ödədiyi 50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd edir ki, iddia tələbi həmin hissələrdə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu və digər xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar