Məhkəmə qərarları › İş №2(004)-2851/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2851/2021

18.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2851/2021 18.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə 05.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 162 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 332,40 manat pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli TR 057 saylı və 22 avqust 2011-ci il tarixli TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət- A” hüquq firması arasında 15.05.2008-ci, 15.03.2011-ci, 01.10.2014-cü, 29.03.2015-ci və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən Cavabdeh Bakı şəhəri Yasamal rayonu ünvan 1 ünvanda qeydiyyatdadır. 56 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən MH 01676517 saylı 05.07.2008-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında həmin ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, 28.07.2008-ci il tarixdə həmin ünvanda yaşayan Müsəyyibov Nurəddin ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.09.2012-ci il tarixədək etmiş və həmin ünvan 21.08.2012-ci il tarixdə borcsuz şəbəkədən ayrılmışdır. 12.02.2014-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyalari Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini “K@TV1”-ə baxdıqlarını etiraf etsə də, aktı imzalamaqdan imtina etmiş, bu barədə 0856 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keşirilməsəydi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel şəbəkəsindən ayrıldığı 21.08.2012-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 12.02.2014-cü il tarixə qədər olan müddət 540 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər 162 manat təşkil edir. İddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Fuad Quliyev 17.05.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və işə iddiaçının səlahiyyətli nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.6, 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, rəsmi sənədlər və işin faktiki halları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsindəki 73 nömrəli evin 120 nömrəli mənzili Cavabdeh mülkiyyətindədir. İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 12.02.2014-cü il tarixli 0856 L nömrəli kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktda göstərilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Zərdabi küçəsindəki 73 nömrəli evin 120 nömrəli mənzilinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.12.2005-ci il tarixli 227 saylı qərarı ilə təsdiq olunmuş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, 12.02.2014-cü il tarixli aktın tərtibi zamanı cavabdehin və ya onun ailə üzvünün iştirakı təmin edilməmişdir, aktın tərtib edilməsi zamanı hal şahidlərinin iştirakı olmamış, foto və video çəkilişlər aparılmamışdır. Aktda mənzilin qapısını bir nəfər xanımın açdığı və KTV-yə baxıldığını bildirdiyi qeyd edilsə də, bu şəxsin kimliyi və cavabdehə olan münasibəti müəyyən edilməmiş və aktın tərtibində iştirakı təmin edilməmişdir. Yəni, iddiaçı tərəfindən aktın tərtib edilməsi qaydaları pozulduğuna görə İddiaçı MMC-nin (K@TV1) tərtib etdiyi 12.02.2014-cü il tarixli 0856 L nömrəli akt qüsurlu olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz və cavabdehdən istifadə etmədiyi televiziya kanallarına görə pul tələb edilməsi üçün yetərli deyildir. Çünki, iddiaçı ilə cavabdehin arasında müqavilə mövcud deyildir, cavabdehin hər hansı bir qanunsuz hərəkətləri (dilekt) nəticəsində iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin iddiaçının qarşısında müqavilədən irəli gələn öhdəliyi və ya delekt nəticəsində yaranmış hər hansı bir öhdəliyi mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Çünki, iddiaçı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “Cavabdeh (K@TV1) əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 162 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, ödənilmiş 20 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı olmaqla, cəmi 332,40 manat pul tutularaq İddiaçı MMC-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar