Məhkəmə qərarları › İş №2(004)-287/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-287/2022

06.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-287/2022 06.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurulmuş maddi ziyana görə ümumilkdə 5500 manatın və 30,40 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, cavabdehlər Cavabdeh və X2 tanıyır, onlarla qohumluq münasibətləri vardır. Əvvəllər ticarətlə məşğul olduğu üçün 2018-ci ilin may ayından başlayaraq cavabdehlər ondan müxtəlif vaxtlarda ümümi dəyəri 450 manat olan geyim, 2000 manat dəyərində cehizlik əşyalar almışlar. Eyni zamanda cavabdeh Cavid İbadov avtomobilinin təmiri üçün 550 manat borc pul almışdı ki, həmin avtomobili təmir etdirdikdən sonda satıb pulunu qaytaracaq. X4 avtomobili sata bilmədiyindən əlavə təmirə ehtiyac olduğu üçün ondan əlavə olaraq 2500 manat pul alaraq həmin avtomobili sataraq borcunu tam qaytaracağını bildirdi. Lakin xeyli müddət keçməsinə baxmayaraq cavabdehlər borclarını qaytarmadılar. Bu səbəbdən də onların yaşadıqları evə gedərək borclarını qaytarmalarını xahiş və eyni zamanda tələb etsə də, Cavabdeh ona qarşı etdiyi cinayətkar hərəkətlərin nəticəsində orada xəsarət aldı. Hazırda həmin cinayətkar qəsdin nəticəsi olaraq Bakı şəhər Yasamal rayon məhkəməsinin 12.03.2021-ci il tarixli hökmünə əsasən Cavabdeh ARCM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Eyni zamanda hadisə nəticəsində Çimnaz tərəfindən vurulmuş 603 manat məbləğində mənəvi ziyanın alınıb ona verilməsi qeyd edilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 752, 753 və 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.03.2021ci il tarixli, 1(004)-30/2021 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh 11,03.2020-ci il tarixdə saat 16 radələrində kirayə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava massivi 88 V ünvanında yerləşən evdə İddiaçı cehizlik əşyaların alqı-satqısına və həyat yoldaşı X1 avtomobilin təmiri üçün verdiyi borcu tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı İddiaçı yaşadığı evdən çıxartmaq məqsədi ilə sinəsindən əli ilə itələmiş, sonuncu müvazinətini saxlamaq üçün evin dəmir materialdan olan giriş qapısından tutmuş, Cavabdeh bunu gördükdə qəsdən dəmir materialdan olan həmin qapını örtərək İddiaçı sağ əlini qapı ilə çərçivə arasında qoyaraq sıxmaqla sonuncuya sağ əlin İV barmağının dırnaq falanqasının az yerdəyişən sınığı kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə zərərçəkmişə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Zərər çəkmiş şəxs İddiaçı təqsirləndirilən şəxs Cavabdeh qarşı mülki iddia verərək mənəvi zərərə görə 6000 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir. Maddi ziyanla bağlı mülki iddia olmamışdır. Hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilınıb 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, mülki iddia qismən təmin edilərək, təqsirləndirilən şəxs Cavabdeh mənəvi ziyana görə 600 manat və ödənilmiş dövlət rüsumunun 3 manat hissəsi olmaqla, cəmi 603 manat pulun tutulub İddiaçı verilməsi hökm edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia etmişdir ki, cavabdehlər tərəfindən aldıqları geyim və cehiz əyaların dəyərinin ödənilməməsi, həmçinin borc alınmış pulun qaytarılmaması nəticəsində ona cəmi 5500 manat məbləğində maddi ziyan dəymişdir. Bununla yanaşı müdafiə etdiyi tələbi ümumiyyətlə əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə almışdır ki, cinayət mühakimə icraatı zamanı İddiaçı təqsirləndirilən şəxs Cavabdeh qarşı yalnız mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddia vermiş, maddi ziyanla bağlı isə iddia qaldırmamışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X1 qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. Ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar