Məhkəmə qərarları › İş №2(004)-29/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-29/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-29/2024 13.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 4375 manat pulun və ona vurulan 300 manat ziyan və 65 manat dövlət rüsumunun cavabdehən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində özünə məxsus **-DP-*** dövlət qeydiyyat nişanlı OPEL markalı avtomobili ilə təxminən 50 km/saat sürətində hərəkətdə olmuşdur. Elektrik stansiyasının yanından keçən zaman yolun əks istiqamətindən gur işıqlı avtomobil gəlmişdir. Bu zaman həmin avtomobilin işıqları onun görmə qabiliyyətini məhdudlaşdırmışdır. Həmin vaxt da iddiaçı qarşıda böyük bir çuxurun olduğunun fərqinə varmış, həmin çuxura çox az məsafə qalmış tormoza basmış, buna baxmayaq avtomobil çuxura düşmüşdür. Düşən zaman avtomobilin təkəri partlamış və idarəetməni itirmişdir. Sonra avtomobil yolun əks istiqamətinə çıxaraq yolun kənarındakı ağaca çırpılmış, o, avtomobildən düşərək avtomobilin əzildiyini müəyyən etmişdir. Hadisə yerinə DYP əməkdaşları gələrək baxış keçirmiş, iddiaçı sonradan məlum olmuşdur ki, həmin ərazidə Cavabdeh ASC-nin Ağsu idarəsinin əməkdaşları təmir işləri aparmış və təmir zamanı əraziyə təmirlə bağlı heç bir xəbərdaredici nişan qoymamışdır. İddiaçıya məxsus olan avtomobilə Ağsu Rayon “999” X3 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin aktına əsasən 4357,00 manat ziyan dəymişdir. İddiaçı bildirir ki, avtomobli idarə edərkən o sərxoş vəziyyətdə olmamış, 776 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” ilə təsdiq edilmişdir. Əlavə olaraq iddiaçı bildirir ki, iş yeri Ağsu şəhərində olduğundan hər gün Zərqava kəndindən Ağsu şəhərinə gedib-gəlmək üçün gündəlik 10 manat məbləğində xərc edir və avtomobilinin təmiri müddətində bir aya 300 manat pul xərclənəcəkdir. Ağsu Rayon Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2(016)-1087/2022 saylı qərardadını əsasən İddiaçı Cavabdeh ASC Ağsu Rayon İdarəsinə qarşı “əmlaka vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi X4 iddia tələbini tamamilə rədd edərək bildirmişdir ki, Cavabdeh ASC əməkdaşları hadisə baş verən ərazidə təmir işini heç bir pozuntuya yol vermədən həyata keçirmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiş Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Cavabdeh ASC 2 nömrəli Regional Sukanal İdarəsinin Ağsu sukanal sahəsində sahə rəisi vəzifəsində işləyir. Yol-nəqliyyat hadisəsindən səhəri günü xəbər tutmuş, polisdən bildiriş almış, polis idarəsinə getmiş, maşının sağ tərəfinin əzildiyini görmüşdür. Polis ondan izahat istəməmiş, iş icraçısı izahat verməli olmuş, lakin icraçı məzuniyyətdə olmuşdur. Su qəzası 30 sentyabrda baş vermişdir. İş əmrinə əsasən səhər saatlarında, təqribən saat 11:30 radələrində hadisə yerinə baxış keçirilmiş, ərazi lentlənmiş, xəbərdarlıq nişanları qoyulmuş, əməkdaşlar tərəfindən tikinti-quraşdırma işləri normativə uyğun olaraq görülmüş, axşam saat 17:30 radələrində iş yekunlaşmış, əksdoldurma işləri aparılmış, tam doldurulmuş, doldurulduqdan sonra isə nişanlar yığışdırılmış, bərkitmə işləri aparılmışdır. Ola bilsin ki, su müəyyən çökmələr yaratmış, lakin bu qəzaya səbəb olacaq dərəcədə olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.2022-ci il tarixdə İddiaçı OPEL ASTRA minik markalı **-DP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İddiaçı Ağsu RPŞ-nə verdiyi xx.xx.2022-ci il tarixli izahatın məzmunundan görünür ki, 03 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Ağsu şəhəri, H.Əliyev küçəsində avtomobiliylə təxminən 50 km/saat surətlə hərəkətdə idi və elektrik stansiyasının yanından keçən zaman yolun əks istiqamətindən gur işıqlı avtomobil gəlirdi və avtomobilin işıqları onun görmə qabiliyyətini məhdudlaşdırırdı. Həmin vaxt qarşıda böyük çıuxur olmasının fərqinə varmış, çuxura az məsafə qalmış tormoza basmış, buna baxmayaraq çuxura düşməkdən avtomobili yayındıra bilməmiş və avtomobili həmin çuxura düşmüşdür. Çuxura düşdükdən sonra zərbənin təsirindən idarəetməni itirmiş və bu zaman avtomobili yolun əks istiqamətində olan, yolun kənarındakı ağaca çırpılmışdı. Daha sonra avtomobildən yerə düşərək avtomobilin əzildiyini müəyyən etmişdir. Daha sonra oraya polis əməkdaşları gələrək baxış keçirmişdirlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsi törətməsinə səbəb yolun hərəkət istiqamətində olan çuxur olmuşdur. Qəza törədən vaxt sərxoş olmamışdır. Çuxurun ətrafında təhlükəsizlik yol nişanı yox idi. Ətraflar qazıntıya aid heç bir xəbərdaredici nişan yox idi. Həmin çuxur Su idarəsi tərəfindən aparılmış qazıntı işlərindən yaranmışdr. xx.xx.2022-ci il tarixli 776 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən İddiaçı yol-nəqliyyat hadisəsi baş verən zaman sərxoş olmamışdır. Ağsu RPŞ-nin DYPB-nin inspektoru tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “Yol nəqliyyat hadisəsinin sxemi”nə əsasən müəyyən olunur ki, İddiaçı Keyfiyyət oğlu idarə etdiyi OPEL ASTRA minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu şəhəri, Heydər Əliyev prospektində yolun qazılmış sahəsinə düşərək əks istiqamətə dönmüşdür. Yolda təhlükəsizlik yol nişanları yoxdur. “999” X3 və Avtomobillərə Texniki Xidmət Məntəqəsinin tərtib etdiyi ziyan aktına əsasən İddiaçı məxsus olan OPEL ASTRA minik markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə ümumilikdə 4375,00 manat məbləğində zərər dəydiyi müəyyən olunmuşdur. Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli “201 su şəbəkə xəttində baş vermiş qəza barədə” arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə Ağsu şəhəri, Heydər Əliyev küçəsində 201 su şəbəkə xəttində qəza baş vermişdir. Qəzanın baş vermə səbəbi borunun şəbəkənin təzyiqinə uyğun seçilməməsidir. Qəzanı bərpa etmək üçün 15 kvadrat metr asfalt örtüyü qazıldı. 1 ədəd xamut (d155x165mm/L 400mm) istifadə edildi. Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 04 avqust 2023-cü il tarixli sorğuya cavab məktubunun məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixində səhər saat 09:00 radələrində Ağsu şəhəri, Heydər Əliyev küçəsində su xəttində qəza baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal 201 su xəttində baş vermiş qəza ilə əlaqədar 11839126 nömrəli iş əmri açılmış və su xəttində qəzanın bərpa olunması üçün hazırlıq işlərinə başlanılmışdır. İcazə alındıqdan sonra qazıntı işlərinə başlanılmış və qazıntı zamanı tam təhlükəsizlik tədbirləri görülmüşdür. Qəzalı hissə bərpa olunduqdan sonra xəndək əks doldurulmuş və xəndəkdə bərkitmə işləri aparılmış və həmin ərazidə təhlkəsizliyi təmin etmək məqsədilə nişanlar qoyulmuşdur. Təmir işləri qismən bitdikdən sonra Rayon İcra Hakimiyyətinin nümayəndəsi ilə ərazidə qazılmış hissənin ölçüləri götürülmüş və akt tərtib olunmuşdur. Sözügedən ərazidə təmir işləri tam bitmədiyi üçün asfalt örtüyü bir neçə gündən sonra vurulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2023 saylı mülki iş üzrə 12 may 2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, lakin “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinin tələblərinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materialları icrasız olaraq geri qaytarmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-1355/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli 9/8967 saylı ekspert rəyinə əsasən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş Ağsu rayonu, “999” X2 və Avtomobillərə Texniki Xidmət Məntəqəsi tərəfindən tərtib edilmiş qüsur aktında 2005-ci il buraxılışlı, “OPEL ASTRA” minik markalı, **-DP-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3970,00 manat müəyyən edilmişdir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 2420,00 manat; təmir-bərpa işlərinin qiyməti – 1550,00 manat təşkil edir. Belə ki, Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsininin birinci hissəsinə görə Azərbaycan Respublikası ərazisində avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri sahəsində bütün işlər yol hərəkəti təhlükəsizliyi üzrə beynəlxalq standartlar, qaydalar və normativlər, habelə nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti üçün ayrılmış zolağın yetərliliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla həyata keçirilməlidir. Avtomobil yollarının layihələşdirilməsi, tikintisi, yenidən qurulması və təmiri qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Onuncu hissəsinə görə avtomobil yollarının layihələşdirilməsini, tikintisini, yenidən qurulmasını və təmirini həyata keçirən hüquqi və fiziki şəxslər yol hərəkəti təhlükəsizliyinə dair standartlara, qaydalara və normativlərə əməl edilməməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 62-ci maddəsinin birinci hissəsinə görə Xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Dördüncü hissəsinə görə yolun hərəkət hissəsində qısamüddətli işlər aparılarkən 1.23 nişanı işlərin aparıldığı yerə 10—15 metr qalmış (7.1.1 lövhəciyi olmadan) xəbərdarlıq nişanları quraşdırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 30 sentyabr 2022-ci il tarixdə Ağsu şəhəri, Heydər Əliyev küçəsindəki su xəttində qəza baş vermişdir. Baş vermiş qəzanın bərpa olunması üçün Cavabdeh ASC-nin Ağsu Rayon İdarəsi tərəfindən həmin küçədə asfalt örtüyü qazılmışdır. Qazıntı işləri aparılan zaman cavabdeh qurumun məsul əməkdaşalrı tərəfindən təhlükəsizlik tədbirləri görülməmişdir. Qəzalı hissə bərpa olunduqdan sonra xəndək doldurulmamış və həmin ərazidə təhlükəsizlik nişanları qoyulmamışdır. 03 oktyabr 2022-ci il tarixdə Ağsu şəhəri, H.Əliyev prospektində İddiaçı idarə etdiyi “OPEL ASTRA minik” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən həmin xəndəkə düşməsi səbəbindən yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı bildirdiyinə görə yolun hərəkət istiqamətindəki qazıntı işləri aparılmış sahəyə düşməsi nəticəsində avtomobilin təkəri partlamış və idarə etməni itirib əks istiqamətdəki ağacla toqquşmuşdur. Mülki iş üzrə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, əlavə tədqiqat obyektinin - avtomobilin zədələnmiş sol təkərinin təqdim edilməsi barədə ekspert vəsatəti məhkəməyə daxil olmuş, iddiaçı avtomobilini təmir etdirdiyindən tədqiqat obyektinin ekspertə təqdim edilməsi mümkün olmadığı üçün işdə olan sənədlər əsasında rəy verilməsi xahiş olunmuşdur. Lakin ekspert hazırki ekspertizanın aparılmasından imtina edərək iş üzrə materialları icrasız olaraq geri qaytarmışdır. Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 9 və 62-ci maddələrinin tələblərini pozmuş, nəticədə isə yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu, tərəflərin izahatları, şahidin ifadəsi və təqdim etdiyi fotoşəkillərlə, iş materiallarında olan “Yol-nəqliyyat hadisəsinin sxemi”, hadisədən dərhal sonra çəkilmiş fotoşəkillər və video yazılarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid X5 ifadəsində 30 sentyabr 2022ci il tarixdə saat 11:30 radələrində Ağsu sukanal sahəsinin əməkdaşları tərəfindən tikintiquraşdırma işlərinin normativə uyğun olaraq görüldüyünü, axşam saat 17:30 radələrində işin yekunlaşdığını, əksdoldurma işlərinin aparıldığını və xəndəkin tam doldurulduqdan sonra isə nişanların yığışdırıldığını qeyd etsə də, bu, işdə olan sübutlarla təkzib olunur. Belə ki, şahidin məhkəməyə təqdim etdiyi fotoşəkillərdən qazıntı aparılan sahənin bir hissəsinin doldurulması, digər hissəsinin isə bərpa olunmamış vəziyyətdə qalması, telefonuna baxış keçirilən zaman isə həmin fotoşəkillərin 04 oktyabr 2024-cü il tarixdə çəkildiyi müəyyən olunmuşdur. Beləliklə məhkəmə tərəfindən iddiaçının avtomobilinə ziyan dəyməsi, bunun Cavabdeh ASC-nin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilmişdir. Ona görə də baş vermiş yol-nəqliyyat hadisəsinə görə iddiaçının qarşısında cavabdeh məsuliyyət daşıyır. Dəymiş zərərlə bağlı məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 08 yanvar 2024-cü il tarixli ekspert rəyinə əsasən iddiaçının avtomobilinə dəyən zərər ümumilikdə 3970 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilinə dəymiş ziyanın miqdarı 3970 manat müəyyən edilməli və həmin məbləğdə pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, 300 manat məbləğində pul tələbi hissəsində iddia tələbi təmin edilməməlidir. Belə ki, bu hissədə iddiaçı tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun 59,70 (əlli doqquz manat yetmiş qəpik) manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 3970,00 (üç min doqquz yüz yetmiş) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 59,70 (əlli doqquz manat yetmiş qəpik) manat Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC-dən 3970,00 (üç min doqquz yüz yetmiş) manat məbləğində maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumunun 59,70 (əlli doqquz manat yetmiş qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar