Məhkəmə qərarları › İş №2(004)-2901/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2901/2024

01.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2901/2024 01.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Marif oğluna qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "etibarnamənin verilməsi və pul" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı "etibarnamənin verilməsi və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nissan Tiida markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə tərəfindən sərəncam verilə bilməsi məqsədi ilə ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən həmin avtomobilə “Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair” etibarnamənin onun adına verilməsi; 10 mart 2024-cü il tarixdən 08 may 2024-cü ilə qədər olan dövrdə onun taksi fəaliyyətindən əldə edə biləcəyi 2320 manat gəlirin, Cavabdeh1 alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 04 mart 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsində yerləşən "023" adlı avtomobil salonunun sahibi Cavabdeh2 ilə borc müqaviləsi bağlayaraq, ilkin ödəniş olaraq 7000 manat, hər ay 400 manat olmaqla, ümumilikdə 16.600 (on altı min altı yüz) manat pulu ödəməklə Nissan Tiida markalı avtomobili almışdır. Həmin müddətdə avtomobil onun istifadəsində olmuşdur. Avtomobildən istifadə edə bilmək üçün həmin avtomobil salonunun işçisi ünvan 2 ünvanında qeydiyyatda olan və avtomobilin sahibi olan Cavabdeh1 tərəfindən mənə "nəqliyyat vasitəsindən istifadə edilməsi üçün" etibarnamə verilmişdir. 23 yanvar 2024-cü il tarixdə o, borc müqaviləsinə əsasən sonuncu ödənişi etdikdən sonra, qeyd olunan borc müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən ona "nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair" etibarnamə verilmişdir. 2024-cü ilin mart ayında mən öyrəndim ki, həmin avtomobilin sahibi Cavabdeh1 tərəfindən ona verilmiş "nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair" etibarnamənin ləğv olunmuşdur. Həmin tarixdən etibarən o, avomobildən istifadə edə bilmir. O bir-neçə dəfə Cavabdeh1 və Cavabdeh2 ilə əlaqə saxlamaq istəsə də, bu mümkün olmamışdır. O, borc müqaviləsi ilə nəzərdə tutulmuş ödənişləri aybaay "Unibank" bankına məxsus 5243 7544 1047 2821 hesabına köçürmüşdür. Qeyd olunan ödənişlərin qəbzləri iddia ərizəsinə əlavə olunur. Bundan başqa, qeyd etdi ki, o da qeyd olunan avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün Vüsal Şahlarlıya vermişdir. "Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair" etibarnamə Cavabdeh1 tərəfindən ləğv edildiyi vaxt hal-hazıra qədər o, avtomobildən istifadə edə bilmir və bu müddətdə ona kifayət qədər maddi ziyan dəymişdir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olduğum zaman gündəlik 40-50 manat qazanırdı. Məhkəmə gedişatında iddiaçı tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində əlavə olaraq, Cavabdeh2 Marif oğlunun cəlb edilməsi, habelə cavabdehlərdən müştərək qaydada 2300 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarında olan: 04 mart 2022-ci il tarixli, ƏN-V seriyalı, 991705 saylı Nəqliyyat vasitəsitələrindən istifadə edilməsi haqqında Etibarnamədən görünür ki, həmin etibarnamə ilə Nissan Tiida minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 tərəfindən İddiaçı 01 il müddətinə nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. 23 yanvar 2024-cü il tarixli, ƏN-İX seriyalı, 235635 saylı Nəqliyyat vasitəsitələrinə sərəncam verilməsi haqqında Etibarnamədən görünür ki, həmin etibarnamə ilə Nissan Tiida minik markalı, ** CM *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X1 nümayəndəsi X7 tərəfindən X4 2 ay müddətinə etibarnamə verilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia edir ki, 04 mart 2022-ci il tarixdə onunla Cavabdeh2 arasında borc müqaviləsi (mahiyyət etibarilə alqı-satqı müqaviləsi) bağlanılmış, nəticə etibarilə o, Nissan Tiida markalı, **-CM- *** dövlət qeydiyyat nişanlı avtomobilə görə vaxtaşırı ödənişlər edərək, ümumilikdə 16.600 manat məbləğində pul (avtomobilin tam dəyərini) ödəmiş, əvəzində Veysəl Məmmədov tərəfindən onun adına nəqliyyat vasitəsinin sərəncam verilməsinə dair etibarnamə verilmiş, lakin 10 mart 2024-cü il tarixdən cavabdeh V.Məmmədov tərəfindən etibarnamə ləğv edilmiş və o, avtomobildən məhrum olmuşdur. İddiasının əsasını avtomobildən taksi fəaliyyəti sahəsində əldə etdiyi qazancdan məhrum olduğu dövr üçün (10 mart 2024-cü il tarixdən 08 may 2024-cü ilə qədər olan dövrdə) əldən çıxmış fayda təşkil edir. Məhkəmə hesab edir ki, iddianın əsası, predmeti və iş materialları bir-birinə ziddir. İlk öncə məhkəmə qeyd edir ki, iddianın mahiyyətindən göründüyü kimi, vurulmuş zərər avtomobilə mülkiyyət hüququ verən müqavilə öhdəliyinin yetirilməsinə (dəyərinin tam ödənilməsinə) əsaslanır. Məhkəmə bu məqama xüsusi diqqət yetirərək, qeyd edir ki, “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası qanunun 32-ci maddəsinin 2-ci bəndinə əsasən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, girov qoyulması yalnız nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə” 39 saylı, 15 mart 1999-cu il tarixli qərardan görünür ki, nəqliyyat vasitəsinin alqı-satqısı müqaviləsi nəqliyyat vasitəsinin mülkiyyətçisi və alıcı arasında yazılı şəkildə tərtib edilərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət X8-imtahan məntəqələrində təsdiq olunur. Göründüyü kimi, qanunvericilik nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qaydasını konkret müəyyən etsə də, iş materiallarındakı müqavilə qanunverciliyin tələbinə zidd olaraq, sadə yazılı formadadır. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Habelə, müqavilədə Nissan Tiida markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi qismində Cavabdeh2 göstərilmiş, halbuki iş materiallarından görünür ki, əsl mülkiyyətçi X3r. Mülki qanunvericiliyin tələbinə görə əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. AR Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bütün bu halların məcmusundan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Nissan Tiida markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə mülkiyyət hüququnun yarandığını sübut edə bilməmişdir. İş materiallarından görünür ki, iddiaçıya müəyyən bir müddət üçün etibarnamə verilmişdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının avtomobilin qiymətini tam şəkildə ödədiyini iddia etdiyi tarixdə-23 yanvar 2024-cü il tarixdə Məmmədova Könül tərəfindən X4 avtomobilə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə cəmi 2 ay müddətinə verilmişdir. Bu müddət ərzində maşın iddiaçının adına keçirilməmişdir. AR Mülki Məcəlləsinin 363.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. Məhkəmə onu da qeyd edir ki, mülki əhali arasında avtomobilin “Nəqliyyat vasitəsitələrinə sərəncam verilməsi haqqında Etibarnamə” vasitəsilə faktiki olaraq, satılması hallarına rast gəlinsə də, etibarnamə alqı-satqı müqaviləsi deyil və onu heç bir halda əvəz etmir. Etibarnamə mülkiyyət hüququ yaratmır və maşının dəyərinin tam ödənilməsini təsdiq edə biləcək sübut kimi qəbul edilmir. Bundan əlavə, iddiaçı iş materiallarına (avtomobilin dəyərinin ödənilməsi ilə əlaqədar) qəbzlər əlavə etsə də, vəsaiti əldə edən hesabın sahibini müəyyən edə biləcək sübut təqdim etməmişdir. Habelə, iddiaçı maşını üçüncü şəxsə taksi fəaliyyəti üçün verməsinə dair və taksi fəaliyyəti nəticəsində gündəlik qazancını təsdiq edə biləcək yetərli sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, iddiaçı avtomobilin dəyərini tam ödəməsini iddia etsə də, iddia predmeti qismində yalnız dəymiş zərəri göstərmişdir. Məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Mülki qanunvericilik öhdəliyin yaranma əsası qismində zərər vurma, əsassız varlanma və müqaviləni göstərmişdir. Hazırki iddia üzrə zərər vurma tərəflər arasında bağlandığı iddia olunan borc müqaviləsinə (mahiyyət etibarilə alqı-satqı müqaviləsinə) və həmin müqavilə üzrə öhdəliyin tam ödənilməsi iddiasına əsaslandığından, habelə məhkəmə araşdırılması nəticəsində həmin əqdin əhəmiyyətsiz olduğu müəyyən edildiyindən və iddiaçı tərəfindən ona zərərin dəyməsinə dair yetərli sübutlar təqdim edilmədiyindən hazırki tələbin təmin edilməsi üçün hər hansı bir qanuni əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 Marif oğluna qarşı "pul" tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X2 və Cavabdeh2 Marif oğluna qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar