Məhkəmə qərarları › İş №2(004)-2903/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2903/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2903/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğılundan 3700 manat məbləğində pul, dəymiş mənəvi ziyana görə 1000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh atası Nümayəndə vasitəsilə təxminən üç ilə yaxındır ki, tanıyır və 2018-ci ildə tikinti-təmir işləri və orta məktəb şagirdlərinin təlim-tərbiyəsi haqqında tövsiyə xarakterli məqalə çap etdirmək istədiyini bilən Cavabdeh nəşriyyatda tanışının olduğunu bildirərək bu işi həll edəcəyini vəd vermişdir. Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təmir-tikinti işlərinin aparılması üçün əlaqələrinin olduğunu, bu işi ona verdirəcəyini bildirərək bununla bağlı da ondan pul almışdır. Belə ki, təmir-tikinti ilə bağlı isə 2018-ci ilin fevral ayında 2000 manat, 2018-ci ilin mart ayında 1000 manat, həmçinin mart ayının axırında iki dəfəyə 500 manat olmaqla 1000 manat cavabdeh ondan almışdır və bu işi həll edəcəyini bildirmişdir. Məqalənin çap edilməsi ilə bağlı 500 manat məbləğində pulu 2018-ci ildə may ayı ərəfəsində ondan almış və məqaləni çap etdirəcəyinə söz vermişdir. Cavabdeh ondan ümumilikdə 4500 manat pul almışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq verdiyi vədləri yerinə yetirməmişdir və o, sonda cavabdeh tərəfindən aldadıldığını anlamış və cavabdehdən pulu qaytarmasını tələb etmiş, cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır və sonda qaytarmaqdan imtina etmişdir və onunla əlaqə saxladıqda onu təhqir etməklə hədə-qorxu gəlmişdir. Cavabdehin onu aldatması və pullarını ələ keçirərək mənimsəməsi barədə 2019-cu ilin avqust ayında AR DİN “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. Nəsimi Rayon Polis İdarəsində 25 noyabr 2020-ci il tarixdə fakta görə AR Cinayət Məcəlləsinin 178.1. maddəsi ilə cinayət işi açılaraq istintaqı aparılmışdır və 10 yanvar 2021-ci il tarixdə Cavabdeh barəsində axtarış elan edilmişdir, 08 fevral 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. 15 fevral 2021-ri il tarixdə Nəsimi RPİ-nin İŞnin müstəntiqi K.Kərimli tərəfindən “sübutların qiymətləndirilməsi və cinayət işinin icraatına xitam verilməsi haqqında” qərar çıxarılmış və cavabdehin ondan qeyd edilən pullan alması sübuta yetirilmişdir. İstintaq müddətində cavabdeh tərəfindən ona 800 manat pul qaytarılmışdır, qalan pulları isə qaytarmamışdır. O, cavabdehə dəfələrlə müraciət etsə də müxtəlif bəhanələr gətirərək ona məxsus pulları qaytarmaqdan yenə də boyun qaçırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qismən etiraf edərək bildirmişdir ki, oğlu iddiaçıdan cəmi 2800 manat pul alıb. Həmin pulun 800 manatını istintaq dövründə iddiaçıya ödəyib. İddiaçıya cəmi 2000 manat borcu qalıb. Həmin məbləği də 10 ay ərzində qarşı tərəfə ödəyəcək. Ona görə də o, məhkəmədən iddia ərizəsinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin zahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin İŞ-nin 15.02.2021-ci il tarixli Qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarda Cavabdeh istintaqa verdiyi ifadəsindən görünür ki, Eminağaya məqalənin də pulunu qaytarmalı olmasını, lakin, bunu da qaytarmadığını və onu aldadaraq pulu qaytaracağını dediyini, ona ümumilikdə 3000 manat pul qaytarmalı olmasını, istintaq zamanı atasının 800 manat pulu geri qaytardığını, hazırda Eminağaya 2000 manat qaytarmalı olmasını, 10 ay ərzində hissə-hissə Eminağaya qalan 2000 manatı da qaytaracağını bildirmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin nümayəndəsi Nümayəndə etiraf etdiyi hissədə qanuni və əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməldə haqlıdır. Belə ki, məhkəmə iclasında Cavabdeh nümayəndəsi iddia tələbini 2000 manat pulun ondan alınaraq iddiaçıya ödənilməsi hissəsində etiraf etmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi ziyan hissəsində qismən qanuni və əsaslı olduğundan, həmçinin iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən qismən qəbul edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin qalan hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddiaçı göstərilən iddia tələbi üzrə 1000 mənəvi zərərin vurulmasına dair hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, iddia tələbinin mənəvi ziyanın ödənilməsinə dair hissəsi rədd edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 07 saylı Qərarında göstərilir ki, mənəvi zərər, insanın anadan gəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülür. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə isə ona qarşı törədilmiş qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztrab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar