Məhkəmə qərarları › İş №2(004)-2922/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2922/2023

13.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2922/2023 13.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 880 manat sabit pul məbləğində müəyyən edilməsi və ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olan 50 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 sentyabr 2009-cu il tarixində Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində nikah qeyd etdirməklə evlənmişdir. Həmin nikahdan 14 may 2010-cu il təvəllüdlü X8, 20 sentyabr 2011-ci il təvəllüdlü X7, 27 iyun 2015-ci il təvəllüdlü X6 və 22 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Nikah Yasamal rayon Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, 2(004)- 3355/2022 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə uşaqların iddiaçının yanında saxlanılması və Cavabdeh onun xeyrinə 14 may 2010-cu il təvəllüdlü X8, 20 sentyabr 2011-ci il təvəllüdlü X7, 27 iyun 2015-ci il təvəllüdlü X6 və 22 yanvar 2020-ci il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 772 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda uşaqlar onun himayəsindədir. Mövcud tarixdə ölkədə alimentin məbləği artırılaraq 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Hazırda dolanışıq şərtləri ağırlaşmış, uşaqlar böyüdüyündən tələbatları artmış, ona görə də Cavabdeh uşaqların saxlanılması üçün tutulan alimentin məbləği ölkədə müəyyən edilmiş yaşayış münimumu həddində müəyyən edilməli və cavabdehdən onun xeyrinə bir uşaq üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin məbləğ uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmiş olardı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, hazırda uşaqların normal saxlanılması üçün zəruri olan maddi nemətlərin bazar qiymətləri qalxmış, o, özü övladların qayğısına qalmaq üçün heç bir yerdə işləmir və 4 uşağın təhsil, geyim, qida və sair xərcləri kifayət qədər vəsait tələb edir. Birgə yaşadıqları dövrdə cavabdehin şəxsi biznesi olmaqla əlavə qazanc yeri mövcud olmuş, övladlarının təminatı da yüksək səviyyədə olmuşdur. Hazırda isə cavabdeh həmin biznes fəaliyyəti ilə məşğul olmağa davam edir. Hətta son bir neçə gün öncə hazırda onun istifadəsində olan ev telefon nömrəsinə zəng gəlmişdir ki, cavabdeh məşğul olduğu idman fəaliyyəti ilə bağlı biznesi üçün mal sifariş etmişdir. Göründüyü kimi, cavabdeh aktiv biznes fəalliyyəti ilə məşğul olmaqla əmək haqqı və təqaüddən əlavə qazanc əldə edir. Göstərilənlərlə yanaşı böyük qız övladı “skolyoz” xəstəliyindən əziyyət çəkir və buna görə də onun üzgüçülüyə getməsi həkim göstərişinə əsasən vacibdir. Övladının aylıq xərci 100-120 manat üzgüçülüyə getməsi ilə bağlı artmışdır. Həmin xərcləri ödəməkdə isə çətinlik çəkir. Məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, o, AR Daxili İşlər Nazirliyinin təqaüdçüsüdür və 553 manat təqaüd alır, eyni zamanda AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-də 2023-cü ilin mart ayından sürücü vəzifəsində işləyir, rəsmi əmək haqqı 959 manat təşkil etməsinə baxmayaraq, həmin vəsaitdən 159 manat vergi tutulur və 800 manat vəsait ona qalır. Ona qalan 800 manatın isə 772 manat hissəsini hazırkı iş üzrə iddiaçıya aliment olaraq ödəyir. Nəticədə özünə 28 manat pul qalır. Qalan 553 manat təqaüdü ilə isə öz maddi təminatı üçün istifadə edir. O, Daxili İşlər Nazirliyinin Hospitalında şəkər xəstəsi olaraq qeydiyyatdadır və təqaüddən ona qalan 553 manat heç müalicə xərclərinə çatmır. Hazırda işləməyinin də səbəbi odur ki, 772 manat alimenti ödəyə bilsin. Alimenti isə cəmi 1 ay gecikdirmişdir, buna səbəb isə həmin vaxt 5-6 ay işsiz olmağı olmuşdur. Həmin dövrdə o, 553 manat təqaüd almasına baxmayaraq, həmin ərəfədə işləməsə də 772 manat alimenti hər ay tam şəkildə ödəmiş və borcu yoxdur. İddiaçı uşaqlarını ona qarşı öyrətdiyindən yalnız kiçik övladından başqa digər övladları ilə görüşmür, övladları ona yaxınlıq vermir. İddiaçının onun əlavə qazanc yerinin olması ilə bağlı iddiası ilə razılaşmır. Belə ki, əvvəlki biznesi ilə bağlı VÖEN açdırmasına baxmayaraq, hazırda fəaliyyətini dayandırmışdır. Onun təqaüd və əmək haqqı məbləğindən başqa hər hansı gəliri yoxdur. Heç bir kommersiya fəaliyyəti ilə məşğul olmur. Eləcə də məhkəməyə təqdim etdiyi arayışda onun əmək haqqı məbləğinin 959 manat olması göstərilsə də, həmin məbləğdən vergi tutulduqdan sonra 800 manat kart hesabına köçürülür, 159 manat isə sosial sığorta və vergiyə tutulur. Təqaüd və maaşını nəzərə alaraq ümumi sabit gəliri hazırda 1.353 manat təşkil edir. Sabit gəlirinin yarısını nəzərə aldıqda heç 772 manat da ödəməməlidir. Lakin hazırda həmin məbləği stabil olaraq ödəyir və borcu yoxdur. Gələcəkdə imkanı çox olsa çox ödəyər. Hazırda isə heç bir imkanı yoxdur. Verilmiş suallara əsasən cavabdeh əlavə olaraq bildirmişdir ki, iddiaçı ona məxsus evdən çıxmır, həmin ev isə ona vərəsəlik qaydasında atasından keçmiş və aralarında əmlak bölgüsü ilə bağlı digər məhkəmə mübahisəsi davam edir. Digər evi isə rayondadır. Onların boşanma səbəbi Bakı şəhərində yerləşən evi ilə bağlıdır. Həmin evin bölgüsü ilə bağlı iddiaçıya beş yüz min manat pul təklif etmişdir, o isə razılaşmayaraq bir milyon manat pul tələb edir. O hazırda da iddiaçıya beş yüz min manat pul təklif edir. Onun evini hazırda almaq istəyən var və ona üç milyon manat pul təklif edir. O, əvvəllər 553 manat təqaüd aldığı halda 772 manat aliment məbləğini ödəyə bilməsinin səbəbi ilə bağlı bildirir ki, onun özündə olan vəsaitlər var idi. Belə ki, o, özü AR DİN-nin polis mayoru olmuş və təqaüdə çıxmışdır. Bundan əvvəldə firması olmuşdur. Avto ehtiyyat hissələrinin biznesi ilə məşğul olmuşdur. Avto ehtiyyat hissələrini xaricdən gətirmişdir. Onun şirkəti və işçiləri olmuşdur. Sonra müflis olub və bağlamışdır. Hazırda isə sürücü işləyir və təqaüd alır. Heç bir kommersiya fəaliyyəti göstərmir. VÖEN-i olsa belə dondurulmuşdur, heç bir fəaliyyəti yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh və İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli nikah poulmuş, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 772 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X14 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, PHŞ-6/3-562/2023 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 işə qəbul edilmiş və hazırda İnzibati idarəetmə departamentinin İnzibat idarəetmə və təsərrüfat şöbəsinin sürücüsü vəzifəsində işləyir, əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 959,01 manat təşkil edir. - elektron portal çıxarış məlumatlarından müəyyən olunur ki, Cavabdeh aktiv ********** VÖEN ilə inşaat materiallarının topdan satışı fəaliyyəti ilə məşğuldur. - elektron portal çıxarış məlumatlarından həmçinin müəyyən olunur ki, Cavabdeh adına ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil və ünvan 2ənzil mülkiyyət hüququ ilə adına qeydiyyatdadır. Məhkəmə uşaqların mənafeyini, hazırkı tarixə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, cavabdehin maddi vəziyyətini, alimentin təyin edildiyi vaxtdan 2022-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, cavabdeh cəmi 959 manat maaş və 553 manat təqaüd aldığını və tutulmalardan sonra qalan pulla 772 manat məbləğində aliment ödədiyini, lakin bundan daha artıq aliment ödəməyə maddi imkanın çatmadığını bildirir. Lakin cavabdeh həmçinin öz izahatında iddiaçı ilə aralarında olan əmlak bölgüsü ilə əlaqədar iddiaçıya 500.000 manat məbləğində pul təklif etdiyini də bildirmişdir. Məhkəmə hesab edir ki, 500.000 manat kifayət qədər yüksək məbləğdir ki, cavabdeh həmin məbləği mübahisə predmeti olan mənzillə bağlı iddiaçıya verməyi təklif etmişdir. Həmçinin cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığını və VÖEN-in fəaliyyətinin dayandırıldığını bildirsə də, elektron portal çıxarış məlumatlarından müəyyən olunur ki, cavabdehə məxsus VÖEN (**********) hazırda aktivdir. Bu da onu deməyə əsas verir ki, cavabdeh hazırda əlavə olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olmağa davam edir və onun sabit gəlirindən əlavə qazancı vardır. Bundan əlavə elektron portaldan cavabdehin mülkiyyətində iki ayrı daşınmaz əmlakın mövcud olması müəyyən edilmişdir. İddiaçı isə uşaqlara qayğı göstərməsi ilə bağlı işləmir və qazancı yoxdur. Məhkəmə cavabdehin gəlirlərini, əmlakını, həmçinin digər tələblə bağlı iddiaçıya təklif edilmiş məbləği, həmçinin yetkinlik yaşına çatmayan uşaqların mənafeyini nəzərə alaraq qeyd edir ki, birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 880 manat sabit pul mələğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulması üçün ağlabatan məbləğdir. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2023-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 50 manat və mediasiya xərcinin əvəzi olan 50 manat olmaqla, cəmi 100 manat məbləğində məhkəmə xərcinin ½ hissəsi olan 50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 880 (səkkiz yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-3355/2022 saylı qətnaməsi ilə xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 880 (səkkiz yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar