Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2923/2021 16.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddi ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 28417,71 manat, müqavilə bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 738,07 manat, cəmi 29155,78 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 515/14 nömrəli 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh illik 10 faizlə 60 ay müddətinə 50000 manat kredit verilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 515/14 nömrəli, 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 10% dərəcəsi ilə hesablanmaqla, 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 18.02.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 515/14 nömrəli, 27.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 28417,71 manat, müqavilə bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 738,07 manat borcu vardır. İş materiallarında olan 22.07.2021-ci il tarixli, 9/4433 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 27.11.2019-cu il tarixə əsas borc üzrə 41005,68 manat, faiz borcu üzrə 307,54 manat, 04.06.2021-ci il tarixə (illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 26873,33 manat, faiz borcu üzrə 697,96 manat borcu olduğu müəyyən edilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 515/14 nömrəli, 27.11.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə illik 10% dərəcəsi ilə hesablanmaqla, 50000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 22.07.2021-ci il tarixli, 9/4433 saylı ekspert rəyindən görünür ki, Cavabdeh 27.11.2019-cu il tarixə əsas borc üzrə 41005,68 manat, faiz borcu üzrə 307,54 manat, 04.06.2021-ci il tarixə (iddiaçının tələb etdiyi tarix) (illik 5% dərəcəsi ilə hesablanmaqla) əsas borc üzrə 26873,33 manat, faiz borcu üzrə 697,96 manat borcu olduğu müəyyən edilmişdir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə ekspert rəyini əsas tutaraq hesab edir ki, Cavabdeh 26873,33 manat əsas borc, 697,96 manat faiz borcu (illik 5% dərəcəsi ilə hesablanmaqla), cəmi 27571,29 manat pul tutularaq, iddiaçı "xxxx"ASC-yə ödənilməlidir. Habelə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 26873,33 (iyirmi altı min səkkiz yüz yetmiş üç manat otuz üç qəpik) manat əsas borc, 697,96 (altı yüz doxsan yeddi manat doxsan altı qəpik) manat faiz borcu, cəmi 27571,29 (iyirmi yeddi min beş yüz yetmiş bir manat iyirmi doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli.
Məhkəmə qərarları › İş №2(004)-2923/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2923/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver