Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2938/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əliağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzi olaraq 63.000 (altmış üç min) manat və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Əliağa oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzi olaraq 53.000 (əlli üç min) manat və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində yerləşən “X3” MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 102,4 kv.m. olan 3 otaqlı mənzili xx.xx.2014-cü il tarixdə Cavabdeh1 51.000 manata almışdır. Mənzilin rəsmiləşdirilməsi barədə müqavilə və maliyyə arayışı “X3” MMC-nin direktoru olan digər Cavabdeh2 tərəfindən təsdiq edilmişdir. Lakin, iddiaçıya sonradan məlum olmuşdur ki, sözügedən mənzil daha əvvəl başqa şəxsə satılmışdır. Cavabdeh1 həmin mənzilin başqa şəxsə məxsus olması əsası ilə iddiaçıya digər mənzilin təhvil veriləcəyini bildirmiş və bunun müqabilində 2017-ci ildə iddiaçıdan əlavə 12.000 manat pul almışdır. Lakin, buna baxmayaraq, cavabdehlər tərəfindən mənzil iddiaçıya təhvil verilməmiş və iddiaçı tərəfindən ödənilmiş pul məbləği geri qaytarılmamışdır. Başlanılmış cinayət işi üzrə cavabdehlər vəzifə cinayətləri və dələduzluqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə məhkum edilmişlər. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbinin təmin edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən ddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmünə əsasən müəyyən edilir ki, ................Qədirov X1 Elnur Adil oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı Əliağa oğluna məxsus 63.000 manat pul vəsaitini vahid niyyətlə ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq və təkrarən vəzifə saxtakarlığından təqsirli bilinərək ............... məhkum edilmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmünə əsasən müəyyən edilir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər çoxdur və vurulmuş ümumi zərərin həddi xüsusilə külli miqdarda təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(101)-59/2023 nömrəli hökmündə müəyyən edilmiş hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi zərər (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı əsas götürülməklə 3 (üç ) dispozitiv şərtin hər üçü ödənilir. Bu səbəbdən, iddia maddi zərərin ödənilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. İş materiallarına əsasən müəyyən edilir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçı övladı üçün vicdanlı formada hərəkət etməklə əldə etdiyi mənzilə dair hüquqlardan tam məhrum olmuş, mülkiyyət (gözlənti) hüququ boşa çıxmışdır. Bununla da, iddiaçı 2014-cü ildən etibarən hal-hazıradək mənəvi sarsıntı keçirmiş, həm mülkiyyətində olmuş pul vəsaiti əldən çıxmış, həm də mənəvi zərərə məruz qalmışdır. Lakin, məhkəmə hesab edir ki, mənəvi zərərin 3000 manat məbləğində deyil, 1000 manat məbləğində müəyyən edilməsi qanuni və əsaslıdır. Məhkəmə məbləği müəyyən edərkən mübahisənin xarakterini, məsələnin kökünün əsasən maddi yönünlü olması (mənzillə əlaqədar) hallarını nəzərə alır. Mənəvi zərərin 1000 manatdan yuxarı müəyyən edilməsi cavabdehlər nöqteyinəzərdən, 1000 manatdan az məbləğdə müəyyən edilməsi iddiaçı nöqteyi-nəzərdə əsaslı hesab edilmir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 286 (iki yüz səksən altı) manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 63.000 (altmış üç min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 286 (iki yüz səksən altı) manat dövlət rüsumu tutularaq İddiaçı Əliağa oğluna ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Əliağa oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş maddi zərərin əvəzi olaraq 63.000 (altmış üç min) manat və mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat pulun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 63.000 (altmış üç min) manat, vurulmuş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul və ödənilmiş 286 (iki yüz səksən altı) manat dövlət rüsumu tutularaq İddiaçı Əliağa oğluna odənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2938/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2938/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver