Məhkəmə qərarları › İş №2(004)-2991/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2991/2021

26.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2991/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6603/2017 saylı, 09.08.2017-ci il tarixli qətnaməsini dəyişərək 05.01.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6603/2017 saylı, 09.08.2017-ci il tarixli qətnaməsi ilə aliment tələbi ilə bağlı iddiası qismən təmin olunaraq cavabdehdən 05.01.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 136,60 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Uşağı onunla birlikdə yaşayır və onun himayəsindədir. Onun böyüdükcə tələbatı və müvafiq olaraq həmin tələbatı ödəmək üçün xərclər də artır. Son dövrlərdə onun məktəb ləvazimatları, geyim, ərzaq və s. tələbatları artmışdır. Özü isə işsizdir və aldığı alimentin məbləği övladının artan ehtiyacını ödəmir. Bununla yanaşı, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olur və maddi durumu kifayət qədər yüksəkdir. Məlum olduğu kimi, 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, ayrıldıqdan sonra başqa nikaha daxil olmuşdur və həmin nikahdan uşaqları var və aliment miqdarının tələb olunan miqdarda dəyişdirilməsi onun hazırki ailəsinin maddi təminatına mənfi təsir göstərəcəkdir. Odur ki, məhkəmədən iddia tələbinin rədd ediməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri 2(004)-6603/2017 saylı, 09.08.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddiası qismən təmin edilərək, birgə nikahdan olan 05.01.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 136,60 manat sabit pul məbləği alimentin tutularaq, iddiaçıya verilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb etmişdir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 136,60 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün müəyyən olunmuş alimentin məbləği artırılaraq, hər ay cavabdehdən 05.01.2012-ci il təvəllüdlü X2 üçün 175 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D i: İddia tələbi təmin edilsin. Cavabdeh 05.01.2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 05.01.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar