Məhkəmə qərarları › İş №2(004)-301/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-301/2022

01.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-301/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçıya dəymiş maddi zərərə görə 5031 manat və dövlət rüsumu olan 30 manat, cəmi 5061 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh ona dəymiş maddi zərərə görə 6866 manat və dövlət rüsumu olan 30 manat, cəmi 6896 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində saat 10 radələrində Cavabdeh idarə etdiyi özünə məxsus “Lexus LS 460” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olarkən iddiaçının idarə etdiyi “VAZ-2103” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və iddiaçıya sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və dirsək nahiyələrinin sıyrıqları xasərətləri ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməklə yol nəqliyyat hadisəsini törətmişdir. Bundn sonra iddiaçı xəstəxanaya yerləşdirilmiş və ayağından əməliyyat olunmuşdur. Cavabdeh əməliyyat xərclərinin bir qismini qarşılasa da digər xərcləri ödəməmişdir. Belə ki, iddiaçı əməliyyat olunduqdan sonra bir ay müddət ərzində ayağı gipsdə olmuş və əmək fəaliyyəti ilə məşğul ola bilməmişdir. Digər tərəfdən iddiaçının ayağı gipsdən açıldıqdan sonra ona fizioterapiya və reabitasiya müalicəsi təyin edilmiş və o 1 ay ərzində bu məqsədlə xəstəxanaya getmişdir. Bununla bağlı 300 manat əlavə ödəniş etmişdir. Bundan əlavə iddiaçı 5-12 oktyabr 2019cu il tarixlərində Türkiyə Respublikasında istirahət ilə bağlı oraya getməli imiş Bu səfər üçün “Buta Airways”-dən özünün və həyat yoldaşının adına təyyarə biletləri almışdır. Bu biletlərin ümumi dəyəri 281 manat təşkil etmişdir. Ancaq qəza nəticəsində iddiaçının ayağı 1 ay ərzində gipsdə qaldığı üçün və həyat yoldaşı ona qulluq etdiyi üçün onlar bu səfəri həyata keçirə bilməmişlər. Biletlər üçün ödənilən məbləğ isə ona geri qaytarılmamışdır. Bu baxımdan cavabdehin təqsiri üzündən onlara əlavə olaraq 281 manat zərər dəymişdir. İddiaçı yuxarıda qeyd etdiyi kimi tam fizioterapiya seanslarına qatıla bilməmişdir. Halbuki ona verilmiş arayışa əsasən o, daha 10 gün fizioterapiya seansı keçməli idi. Bu baxımdan hazırda da ayağı ağrıyır və ona əziyyət verir. Bundan əlavə qəza nəticəsində iddiaçının istifadəsində olan və ona verilmiş avtomaşına zərər dəymiş və avtomobil yararsız hala düşmüşdür. Bununla bağlı cavbdehə desə də, cavabdeh maşını təmir etmək istəmir və artıq 2 ildir ki, maşın cərimə meydançasna yerləşdirilib. Maşına dəymiş ziyan 2500 manat təşkil edir. Bundan əlavə 2 il ərzində maşının cərimə meydançasında yerləşməsi səbəbi ilə onlara əlavə olaraq hər günə 1 manat hesablanmaqla 750 manat zərər dəymişdir. Bundan başqa xx.xx.2019 tarixindən xx.xx.2021-ci il tarixə qədər onun ayağında gips olduğu üçün o, müvəqqəti əmək qabiliyyətini itirmişdir. Bununla bağlı iddiaçıya qazancını itirməyi ilə əlaqədar dəymiş zərər də ona geri qaytarılmalıdır. Həmin zərər --- manat təşkil edir. Yuxarıda qeyd edilən maddi zərərlərlə bağlı cavabdehə dəfələrlə bildirsə də, cavabdeh dəymiş zərəri ödəməkdən imtina edir. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak dən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərfindən onlara 3000 manat ödəniş edildiyi doğrudur. Onlar əlavə xərclərin pulunu istəyirlər. Belə ki, cavabdeh tərəfindən verilmiş pul ilə iddiaçı Guvən xəstəxanasında qəza nəticəsində diz qapaqları zədələndiyi üçün əməliyyat etdirmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin bildirmişdir ki, İddiaçı Milli Elmlər Akademiyasında işləyir. Məhkəmə iclasında iştirak edən cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirmişdir ki, onun iddiaçıya heç bir vəsait ödəmək fikri yoxdur. Belə ki, o iddiaçıya 3000 manat məbləğində ödəniş etmişdir. İddiaçı nəyə görə dövlət xəstəxanasında deyil, özəl xəstəxanada əməliyyat olunub. Dövlət xəstəxanasında səhiyyə xidmətlərinin göstərilməsi ödənişsizdir. Onun Güven xəstəxanasında əməliyyat olması öz problemidir. İş materiallarında olan etibarnamənin surətinə əsasən müəyyən olunur ki, X1 VAZ- 2103 markalı nəqliyyat vasitəsini idarə etməyi İddiaçı etibar etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-tədqiqat travmatologiya və ortopediya institutu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və dirsək nahiyyəsinin sıyrılmış yaraları diaqnozu qoyulmuşdur. Xəstə stasionar müalicədən imtina etmişdir. İş materiallarında olan Güven Klinik tərəfindən verilmiş Ambulator, Stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı diz qapağı sümüyünün distal hissəsinin avulsion sınığı, sağ patellar tendonun travmatik cırılması diaqnozu qoyulmuşdur. xx.xx.2019-cu il tarixində xəstəyə spinal anesteziya altında “Sağ dizdə patellar tendon təmiri” əməliyyatı icra olunmuş, əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. İş materiallarında Güven Klinik tərəfindən İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həkim, rentgen müayinəsindən keçmişdir. Ona sağ patella sınığı diaqnozu qoyulmuş, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərində fizioterapiya və reabilitaiya müalicəsi almış, 10 günlük yenidən fizioterapiya müalicəsi məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 10 radələrində Cavabdeh idarə etdiyi özünə məxsus “Lexus LS460” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsi ilə Şərifzadə küçəsi istiqamətində hərəkətdə olarkən İddiaçı idarə etdiyi «VAZ 2103» markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə «VAZ 2103» markalı avtomobilin sürücüsü İddiaçı sağ diz qapağının yerdəyişmiş sınığı, sol qaşüstü və disrək nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirməklə yol nəqliyyat hadisəsini törətmişdir. Bu hərəkəti ilə Cavabdeh Azərbaycan Respublikası CM -nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiqini tapmışdır. Lakin, araşdırma zamanı İddiaçı ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını bildirmiş və araşdırılması aparılan materialın icraatının dayandırılmasını xahiş etmişdir. Belə olan halda İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh ilə barışdığını, heç bir şikayət və tələblərinin olmadığını, göstərməsini nəzərə alıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40.3-cü maddəsinin tələbinə əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan Uniprice tərəfindən təqdim edilmiş dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində yararsız vəziyyətə düşən VAZ 2103, minik markalı, **-GV-*** dövlət qeydiyyat nişanlı olan nəqliyyat vasitəsinin bərpasına tələb olunan vəsait və qəza nəticəsində dəymiş zərərin məbləği 30 sentyabr 2021-ci il tarixə 2500 manat təşkil edir. İş materiallarında olan Güven Klinik tərəfindən ünvanlanmış məktubdan görünür ki, cəmi 875 manat məbləğində ödəniş olunmuşdur. İş materiallarında olan biletlərin surətindən görünür ki, İddiaçı adına olan biletə görə 150,67 manat, Nigar Abdullayevanın adına olan biletə görə isə 131,35 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, VAZ-2103 markalı, 1980-ci il buraxılışlı, mühərrik tutumu 1450 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2019-cu il tarixə orta bazar dəyəri təxminən 3500 manat müəyyən olunur. Nəzəri hesablama yolu ilə “Uniprice” LLC tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1980-ci il buraxılışlı VAZ 2103 markalı 10GV154 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 2300 manat təşkil edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, ekspert rəyinə əsasən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2300 manat, iddiaçının biletlər üçün ödədiyi məbləğ isə 281 manat, yəni zərərin ümumi məbləği 2581 manat təşkil edir, cavabdeh iddiaçıya 3000 min manat məbləğində ödəniş etdiyni bildirmiş, ididaçı isə həmin ödənişi qəbul etdiyini etiraf etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən vurulmuş ziyan qarşılanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının fizioterapiya və reabilitasiya xərcləri üçün 865 manat, 10 gün əlavə reabilitasiya üçün 300 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutulması barədə iddia tələbi əsassızsdır. Belə ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasında səhiyyə xidmətlərinin göstərilməsi ödənişsiz həyata keçirilir. İş materiallarından da göründüyü kimi xəstə Elmi-tədqiqat Travmatologiya və Ortopediya institutunda stasionar müalicədən imtina etmiş və özəl xəstəxanada müalicə almışdır. Məhkəmə maşının cərimə meydançasında saxlanılmasına dair 940 manat tələblə bağlı qeyd edir ki, iddiaçının nəqliyyat vasitəsini cərimə meydançasında uzun müddət saxlamasına görə cavabdeh üzərinə hər hansı məsuliyyət qoyulması əsassızdır. Məhkəmə, həmçinin, əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı 1000 manat itirilmiş qazancın iddiaçıdan tutulması ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında orta əmək haqqı saxlanılmaqla işçiyə əmək haqqı ödənilir və iddiaçının nümayəndəsi də izahatında qeyd edir ki, iddiaçı Elmlər Akademiyasında işləyir. Həmçinin iş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı ərizə ilə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın Cavabdeh tərəfindən ödənildiyini, barışdıqlarını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya 3000 manat zərər ödənildiyindən, cavabdehin təqsirli hərəkətləri nəticəsində, iddiaçıya, maşına və uçuş xərclərinə görə, 2581 manat zərər vurulduğu müəyyən edildiyindən, digər xərclərə görə cavabdehin təqsiri müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin maddənin 2-ci bəndinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh iddiaçıya dymiş maddi zərərə görə 6866 manat və dövlət rüsumu olan 30 manat,cəmi 6896 manat məbləğin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar