Məhkəmə qərarları › İş №2(004)-3010/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3010/2024

04.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3010/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Hüseynova Elnarə Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının saxlanması üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-6181/2022 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan (dini nikah) doğulmuş xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 193 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda Azra Cavabdeh qızının 10 yaşı var. Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildən hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmişdir ki, Azra Cavabdeh qızı allergiyadan əziyyət çəkdiyinə görə mütəmadi olaraq həkim müayinəsindən keçir və əlavə xərclər yaranır. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Buna görə də iddiaçı “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının saxlanması üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh oğlundan tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh oğlu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ 192916 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X4 xx.xx.2013-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası X3r. İş materiallarında olan Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 225357 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, Cavabdeh xx.xx.2013-cü ildə vətəndaş X1 doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6181/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan tutulan alimentin miqdarı dəyişdirilərək 193 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən, uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ və mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin sonuncu dəfə dəyişdirildiyi vaxta - 2022-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla hesab edir ki, iddia təmin edilməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6181/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh oğlundan xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6181/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh oğlundan tutulan alimentin miqdarı artırılsın. Cavabdeh oğlundan xx.xx.2013-cü il təvəllüdlü Azra Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar