Məhkəmə qərarları › İş №2(004)-3015/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3015/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3015/2024 28.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və aliment müddətinin uzadılması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü X1 üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması və uşağın təhsili müddətində aliment öhdəliyinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh həyat yoldaşıdır, onunla aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X4 himayəsində saxlanılmışdır.Yasamal rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 256/2020 saylı qətnaməsi ilə qızı Ayanın saxlanması üçün Cavabdeh 170 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hesab edir ki, hazırkı dövrdə ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərinin artması ilə əlaqədar 170 manat aliment pulu ilə uşağı saxlamaq qeyri- mümkündür. Övladı hazırda səhətində nasazlıq olduğundan və Odlar Yurdu Universitetinin kollecinin maliyyə fakültəsində təhsil aldığından, həmçinin kurslara getdiyi üçün bu əlavə xərclərlə bağlıdır. Cavabdeh rəsmi olaraq heç yerdə işləməsə də fərdi əməklə məşğul olduqundan yaxşı qazanc əldə edir. Ona görə də hesab edir ki, cavabdeh uşağın saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, özü işləmir, övladı təhsil alır, ona görə də onun təhsili davam etdiyi müddətdə alimentin tutulması müddətinin uzadılmasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, övladının saxlanılması üçün həmişə aliment ödəmişdir və bundan sonra da ödəyəcəkdir. İddianın təmin edilməsinə etiraz etmir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

7. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 256/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuş, birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X3 ananın yanında qalması və yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixədək hər ay 160 manat, xx.xx.2020-ci il tarixdən isə hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Elektron portal çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Dövlət Bədən X7 Akademiyasında baş müəllim vəzifəsində çalışır və aylıq əmək haqqı 810 manat təşkil edir.

9. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin təyin edildiyi vaxta – 2020-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi, həmçinin cavabdehin iddia tələbi ilə razı olmasını nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir.

10. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.

11. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.

13. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

15. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

16. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Məhkəmə iddia tələbinin ikinci, yəni iddiaçı övladının təhsil xərcləri ilə bağlı olaraq onun təhsil aldığı müddətdə aliment öhdəliyinin uzadılması barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

19. İlk növbədə qeyd edilməlidir ki, təhsil geniş anlayışdır. Buraya orta təhsil, bakalavr təhsili, magistr təhsili və sair aiddir. Təhsil məcburi olmadığı kimi təhsil alınan ali və orta məktəblər də seçim qaydasında həyata keçirilir. Bu halda iddiaçının öz himayəsində olan övladını ödənişli əsaslarla təsil verilən məktəbdə oxuması üçün seçim etməsi cavabdehin bunu ödəmək öhdəliyini yaratmır.

20. Eyni zamanda qanunvericilik qaydasında yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün nəzərdə tutulmuş aliment öhdəliyinin uşaq yetkinlik yaşına çatdıqdan sonra da davam etdirilərək uzadılması nəzərdə tutulmamışdır. Odur ki, həmin hissədə iddia əsassız olduğundan təmin edilə bilməz.

21. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

V. Nəticə:

22. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-256/2020 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar