Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3029/2024 01.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Əli oğluna qarşı "alimentin artırılması və alimentin əvvəlki tarixdən hesablanması" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: aliment) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Əli oğluna qarşı "alimentin artırılması və alimentin əvvəlki tarixdən hesablanması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh Əli oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1771/2023 saylı qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləğinin miqdarının artılaraq hər ay hər uşaq üçün 235 manat sabit pul məbləğində alimentin Cavabdeh Əli oğlundan onun xeyrinə tutulması və bu günədək ödənilməyən alimentin tam şəkildə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Əli oğlu həyat yoldaşıdır, onunla aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X4 himayəsində saxlanılmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1771/2023 saylı qətnaməsi ilə uşaqların saxlanması üçün Cavabdeh Əli oğlundan hər ay hər uşağa görə 220 manat aliment tutularaq ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Lakin 2024-cü il üzrə uşaqlar üçün müəyyən yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirir ki, alimentin tutulmasının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimunun məbləği dəyişdirildiyi tarixdən hesablanmasını xahiş edir. İddianın təmin olunmasını xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, məhkəmə tərəfindən cavabdehə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməsinə baxmayaraq, iddia ərizəsinə hər hansı etiraz və dəlillərini təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.
8. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1771/2023 saylı qətnaməsi ilə Cavabdeh Əli oğlu ilə İddiaçı birgə nikahından olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Elektron portal çıxarış məlumatlarına əsasən müəyyən edilir ki, Cavabdeh Əli oğlu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Metanol Zavodunda nəzarət ölçü cihazları və avtomatika üzrə aparatçı vəzifəsində çalışır və aylıq əmək haqqı 1275,29 manat təşkil edir.
10. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin sonuncu dəfə dəyişdirildiyi vaxta – 2023-cü ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün tutulan alimentin miqdarı dəyişdirilməlidir.
11. Belə ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur.
12. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur.
14. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
16. Belə ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
17. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. Məhkəmə iddia tələbinin ikinci, yəni iddiaçı uşaqların saxlanılması üçün tutulan aliment məbləğinin uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun artırıldığı vaxtdan hesablanması barədə hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.
20. İlk növbədə qeyd edilməlidir ki, qanunvericiliyin tələbinə əsasən aliment tutulması bu barədə ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan, alimentin həcminin dəyişdirilməsi isə bu barədə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini aldığı tarixdən hesablanır.
21. Qeyd olunanlara əsasən iddia tələbi bu hissədə təmin edilə bilməz.
22. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1771/2023 saylı qətnaməsi ilə Cavabdeh Əli oğlundan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh Əli oğlundan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
23. Həmçinin iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. Nəticə:
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-1771/2023 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün Cavabdeh Əli oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh Əli oğlundan xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dəyişdirilmiş məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Keçirilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul Cavabdeh Əli oğlundan tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ülkər Xəlil