Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3031/2023 25.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzilə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşamış olduğu Nəriman ünvan 1 ünvanında 2-ci mərtəbədə, 806 şərti kodlu, 50,6 kvadrat metr evin üzərində mülkiyyət hüquqlarının tanınması, qeydiyyata alınması və adına çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci ildə Nəriman ünvan 1 ünvanında babasının atasına məxsus olan həyətdəki evdə anadan olmuş, 5 nəfərlik ailə çox çətin şəraitdə 11,7 kvadrat metr 1 otaqlı qəzalı evdə yaşamışdır. Atası Cavabdeh 2-ci qrup əlil kimi 1983-cü ildən Yasamal rayonunda mənzil uçotu qeydiyyatına alınmışdır. Dəfələrlə yuxarı instansiyalara müraciət edilməsinə baxmayaraq Sovet hakimiyyəti dövründə mənzillə təmin edilməmişdirlər. Sovet hakimiyyəti dağıldıqdan sonra 1993-cü ildə atası Cavabdeh yaşadıqları 1 otaqlı evin və ona bitişik mətbəxin sökülərək yenidən inşasına və ikinci mərtəbənin tikintisinə başlamışdır. Evin həm birinci, həm də ikinci mərtəbəsinin inşasında İddiaçı da, bacıları da yeniyetmə olmaqlarına baxmayaraq yaxından iştirak etmişlər. Evin tam təmiri 1998-ci ildə yekunlaşmışdır. 2000-ci ildə Cavabdeh və arvadı 2-ci mərtəbədəki evi İddiaçı bağışlayaraq özləri 1-ci mərtəbədə iddiaçının babasına məxsus evdə yaşamağa başlamışlar. İddiaçı isə 2002-ci ildə 2-ci mərtəbədə sanitar qovşaq və mətbəx tikmişdir. 2012-ci ilin yanvarından 2022-ci il 07 oktyabr tarixədək iddiaçı faktiki olaraq 2-ci mərtəbədə tək yaşamış və bir neçə dəfə evi təmir etdirmişdir. 2014-cü ildən etibarən Sovetski adlanan ərazidə söküntü prosesi başlamışdır. 2-ci mərtəbədəki evin sənədlərinin hazırlanması üçün bir neçə dəfə aidiyyəti uzrə müraciət edilsə də, söküntü ərazilərinə yeni çıxarışlar verilmədiyindən müraciətlər uğursuzluqla nəticələnmişdir. 2018-ci ilin dekabrında Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri iddiaçının faktiki olaraq yaşadığı evi, o işdə olduğu zaman 806 şərti kod yazaraq Cavabdeh adına qeydiyyata almışlar. Halbuki, Cavabdeh həmin evin 1-ci mərtəbəsində digər bir evi və həmçinin, faktiki mərhum arvadı, qızı və ailəsilə birlikdə yaşadığı, məhkəmə yolu ilə vərəsəliyinin müəyyən edildiyi digər bir ata evi də mövcud idi.xx.xx.2022-ci il tarixində bir qrup məmur iddiaçının ailəsinə məxsus olan və böyük ailə ilə faktiki yaşadıqları bir neçə evləri, həmçinin iddiaçının 2-ci mərtəbədəki 50,6 kvadrat metr sahəli evini, guya ki, “qəzalı olduğu və Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən sökülməli olduğu" üçün, məhkəmənin predmeti olmasına baxmayaraq (belə ki, növbəti məhkəmə 02.11 2022-ci il tarixinə təyin edilmişdi), özləri və əşyaları zorla küçəyə çıxarılaraq gözlərinin qarşısında qanunsuz olaraq sökmüşlər. Elə oradaca evi sökəndən dərhal sonra İddiaçı İnşaatçılar pr. 20/A mənzil 22-nin açarları təqdim edilmişdir. Lakin orada faktiki yaşayan Cavabdeh, arvadına və ailəsinə heç bir mənzil sahəsi təqdim edilməmişdir. İddiaçı ona təqdim edilən 2 otaqlı mənzilə dərhal bacısı X1, onun yoldaşını və azyaşlı qızını yerləşdirmişdir. Cavabdeh və İddiaçı həmin tarixdən bu günədək ayrıayrılıqda qohumlarının evlərində və kirayə mənzildə sığınacaq tapmışlar, faktiki olaraq küçəyə atılmışlar. Hal-hazırda açarları İddiaçı təqdim olunmuş, İnşaatçılar pr. 20/A ünvanında yerləşən 22 nömrəli mənzili iddiaçıya məxsus olmuş və sökülmüş 50,6 kv.m evlə əvəzləşdirmək (alqı-satqı) üçün iddiaçıdan çıxarış tələb olunur. İddiaçı evin məhkəmənin predmeti olmasına, qeyri-qanuni sökülməsinə baxmayaraq təklif edilən, adı keçən 2 otaqlı mənzili qəbul etməyə razıdır, bunu teleqramlar vasitəsilə aidiyyəti vəzifəli şəxslərə də bildirmişdir. Lakin Yasamal Rayon İcra Hakimiyyəti süni maneələr yaradır və sözügedən evin sənədlərdə Cavabdeh adına qeyd edilməsini bəhanə edərək, iddiaçı ilə alqı-satqı müqaviləsi bağlamaqdan boyun qaçırır. Məhkəmənin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması və adına çıxarışın verilməsi tələbləri hissəsində mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsin əsasən həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması səbəbindən xitam verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və cavabdehin tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Yasamal Raoyn İcra Hakimiyyəti, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarına əsasən, Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı mübahisəli əmlaka onun mülkiyyət hüquqlarının tanınmasını xahiş etsə də, iddia ərizəsində özünün göstərdiklərinə əsasən evin ikinci mərtəbəsi onun atası - Cavabdeh tərəfindən inşa edilmişdir. Ev inşa olunarkən iddiaçı yetkinlik yaşına çatmamış, ev inşa olunduqdan sonra 2002-ci il tarixdə iddiaçı əmək fəaliyyətinə başlamış və ikinci mərtəbəyə köçərək orada yaşamağa başlamışdır. Göründüyü kimi, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3031/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3031/2023
25.09.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver