Məhkəmə qərarları › İş №2(004)-3053/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3053/2022

28.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3053/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X6 oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-399/2018 saylı qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləğinin dəyişdirilərək hər ay hər uşağa görə 193 manat, ümumilikdə 579 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-399/2018 saylı qətnaməsi ilə üç uşağın saxlanılması üçün cəmi 200 manat məbləğində alimentin tutulması müyyən edilmişdir. Həmin alimentin miqdarı üç uşağın saxlanılması üçün kifayət etmir. Uşaqlar böyümüş və tələbatları artmışdır. Bir uşağın isə sağlamlığında problemlər var. Odur ki, qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hal-hazırda mövcud olan dövlət tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının atası tərəfindən ona yetirilmiş xəsarətlər nəticəsində sağlamlığını itirmişdir, ikinci qrup əlildir. İddiaçının atası tərəfindən ona xəsarətlər yetirilməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 iyun 2018-ci il tarixli 1(101)-595/2018 saylı hökmü ilə təsdiq edilir. Odur ki, iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyildir. Bundan əlavə iddiaçının özünün razılıq ərizəsinə və onunla bağlanmış barışıq sazişinə əsasən məhkəmə tərəfindən üç uşaq üçün alimentin miqdarı 200 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə–qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə alınmış və iş materiallarına əlavə edilmiş məlumatlardan görünür ki, iddiaçı hal-hazırda Azərbaycan Tibb Universitetində təgrübə müəllimi vəzifəsində işləyir və əmək haqqısı 532 manat təşkil edir. Cavabdeh barədə məlumatdan görünür ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur, əlilliyi yoxdur və əlilliklə bağlı pensiya almır. İddiaçı və cavabdehin adına daşınar və daşınmaz əmlaklar qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1.-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşaqların və iddiaçının mənafelərini, eyni zamanda 200 manat alimentin üç uşağın maddi tələbatını ödəməməsini, iddiaçının alimenti sabit pul məbləğində tutulması barədə tələbini, Respublikada 2022-ci ildə müəyyən olunmuş yaşayış minimumunu, uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olmasını nəzərə alır və hesab edir ki, iddia tələbi qismən təmin edilərək məhkəmə qərarı ilə müəyyən edilmiş cavabdehdən tutulan alimentin miqdarı artırılaraq cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 150 manat, cəmi 450 manat aliment tutulmaqla iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçılar aliment alınması barədə iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İddiaçı iddia tələbi qismən təmin edildiyindən, məhkəmə hesab edir ki, 70 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-399/2018 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün hər ay, hər bir uşaq üçün 150 manat, cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar