Məhkəmə qərarları › İş №2(004)-306/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-306/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-306/2022 28.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhər BPİ-nin X3 İdarəsi və Cavabdeh qarşı "maddi ziyan və əmlak" tələbinə dair iddia ərizəsi ilə 01.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 25000 manat məbləğində zərərin Cavabdeh onun xeyrinə tutulması və “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin Cavabdeh alınaraq ona təhvil verilməsi öhdəliyinin Bakı şəhər BPİ-nin X3 İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək İddiaçı məxsus “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə vurulmuş 25000 manat məbləğində zərərin əvəzinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, İddiaçı 13 iyul 2015-ci il tarixdə mülkiyyətində olan “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə Cavabdeh müvəqqəti istifadəsinə vermişdir. Etibarnamənin müddəti 13 iyul 2018-ci il tarixdə bitmiş olmasına baxmayaraq, sözügedən tarixdən bugünədək Cavabdeh tərəfindən “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili iddiaçıya təhvil verilməmişdir. Bununla bağlı cavabdeh ilə dəfələrlə əlaqə saxlamağa cəhd etməyinə baxmayaraq zənglərinə cavab verməkdən və avtomobil barədə məlumat verməkdən boyun qaçırmışdır. Sonra isə iddiaçıya məlum olmuşdur ki, ona məxsus “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh tərəfindən tamamilə yararsız hala salınaraq Bərdə rayonu ərazisində saxlanmışdır. Fotoşəkillərdən göründüyü kimi avtomobil cavabdeh tərəfindən ehtiyyat hissələrinə ayrılmışdır və bu səbəbdən idarə edilməsi mümkün deyildir. Avtomobil Cavabdeh təqdim olunan zaman 25000-30000 manat dəyərində olmuşdur. “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh təhvil alınan zaman təhvil təslim aktı tərtib olunmuş və qeyd olunanlar hadisə şahidləri tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının etibarından açıqaşkar şəkildə istifadə olunmuş və bu hal iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, hazırda Beynəlxalq yükdaşıma ilə məşğul olduğu üçün müəyyən vaxtlarda ölkədə olmadığından əvvəlki məhkəmə iclaslarında iştirak edə bilməmişdir. İddiada göstərilənlər düzgün yazılmamışdır. İddiaçını tanımır, onu bir dəfə ona etibarnamə verərkən görmüşdür. O, iddiaçının həyat yoldaşı ilə əlaqə saxlayıb həmin avtomobili almışdır. İnternet saytında həmin avtomobili satışa qoymuşdular. İlkin ödəniş kimi 5 min dollardan artıq pul verilməli və aylıq ödəniş kimi pul ödənməli idi. O, iddiaçının həyat yoldaşı ilə 4700 dollara razılaşmış və avtomobili götürmüşdür. Sonra Cəmalə xanım notariusda ona avtomobili idarə etmək üçün etibarnamə vermişdir. 4-5 ay həmin avtomobili sürmüşdür. Avtomobil onda olarkən banka və iddiaçıya eyni zamanda pul ödəmişdir. Banka həmin avtomobillə bağlı aylıq 1030-1050 manat civarında pul ödəmişdir. Atasının rəhmətə getməyinin il dönümü olarkən, avtomobili idarə edən zaman tələsdiyindən baş yolda avtomobili idarə edərkən, köməkçi yoldan digər avtomobil çıxmış və avtoqəza olmuşdur. Avtomobil isə bərbad vəziyyətə düşmüşdür. Yanında 2 nəfər xəsarət almışdır. Xəsarət alanlardan biri isə hazırda 2-ci qrup əlildir. Sonra ona bildirdilər ki, avtomobil Qarant sığortada kasko sığorta olunub. O da fikirləşdi ki, əgər avtomobil kasko sığorta olunubsa ona və xəstəyə dəymiş zərəri ödəyər. Sonra avtomobil yol polisinin həyətində yerləşdirildi, xəsarət alanların xəsarətləri isə polis tərəfindən sənədləşdirildi. O dəfələrlə Qarant Sığortaya müraciət etmişdir. Sonra Qarant Sığorta portfeli Paşa Sığortaya təhvil vermişdir Bundan sonra o, Paşa Sığortaya müraciət etmiş, Paşa Sığortadan ona əmlakın sahibi olmadığı üçün ərizə ilə müraciət etmək hüququnun olmadığı bildirilmiş, həm də Qarant Sığorta portfeli Paşa Sığortaya tam təhvil vermədiyi üçün məsələni Qarant Sığorta ilə həll etmək bildirilmişdir. O yenidən Qarant Sığortanın ofisinə yaxınlaşmış, orada isə ona məsələni həll edəcəklərini, lakin mülkiyyətçinin özünün müraciət etməli olduğu bildirilmişdir. Sonra o, banka gəlmiş, bank ondan nömrədən başqa avtomobilin bütün sənədlərini götürmüşdür. Ona bankdan bildirdilər ki, onlar Qarant Sığorta ilə danışıb ona xəbər edəcəklər. Sonra necə oldusa dəymiş zərəri 30 min manatdan artıq pula qaldırdılar. O, iddiaçı olan xanımı axtarmağa başlamış, lakin tapa bilməmişdir. Məcbur qalaraq, 2017ci ildə avtomobili polisdən götürərək, öz həyətinə gətirmişdir. Anası ona şikayətlənirdi ki, avtomobili həyətə yerləşdirib, lakin hər dəfə gedib-gələndə avtomobilə ilişir və ona maneə olur. Hətta anası bir neçə dəfə həmin avtomobilə həyətdə ilişərək yıxılmışdır. Sonra məcbur qalaraq, vuruq vəziyyətdə olan həmin avtomobili sökmüşdür. Avtomobili sökdükdən sonra bütün detallarını zirzəmi kimi istifadə etdiyi otağa yığmışdır. Avtomobili sökməkdə məqsədi isə qardan yağışdan qorumaq, həm də digər adamların onun ehtiyat hissələrini götürməməsi olmuşdur. Keçən il isə o, Almaniyada olarkən anası ona zəng edərək bildirmişdir ki, avtomobilin sahibi olan qadın həbs edilmişdir, onu isə axtarırlar. O, anasına bildirmişdir ki, nömrəsini versin, maralanıb öyrənsin ki, qadını niyə həbs ediblər. O, bir oğlanla danışmış, həmin oğlan ona bildirmişdir ki, xanım həbs edilmişdir. Ondan isə avtomobili təhvil verməyini xahiş etmişdir. O isə ona bildirmişdir ki, onu tanımır, bir halda razı olar ki, xanım özü avtomobilin götürülməsinə etiraz etməməyini yazılı şəkildə yazsın. Əslində isə ona dəymiş ziyan ödənmədən onun heç kimə avtomobili vermək fikri yox idi. Sadəcə olaraq qadının həbs edilməyini eşidəndə bir qadın avtomobilə görə həbs edilməsini istəməmişdir. Bu səbəbdən avtomobili götürmələrinə razılıq vermişdir. Lakin iddia ərizəsində isə göstərilmişdir ki, guya onunla dəfələrlə əlaqə saxlayıblar. Əslində isə onunla heç kim əlaqə saxlamamışdır. Sonradan Nikoyl bankda da ona bildirmişlər ki, avtomobilin sahibi o olmadığı üçün müraciət etmək hüququ yoxdur. Burada pulu o yox, Qarant Sığorta ödəməlidir. Suala cavab olaraq bildirir ki, anası Balakəndə avtomobili təhvil vermişdir. Hadisədə təqsirkar qarşı tərəf olmuşdur. Hadisə 2015-ci ilin avqust ayında baş vermişdir. Hadisəyə əsasən ona sürət həddini aşmağa, qarşı tərəfə isə qəza törətdiyinə görə cərimə yazılmışdır. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏN-İİİ 519481 nömrəli, 13.07.2015-ci il tarixli etibarnamənin surətinə əsasən İsayeva (Abdullayeva) Cəmalə Əfqan qızı tərəfindən “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək səlahiyyəti Cavabdeh etibar edilmişdir. İş materiallarında olan AR DİN Baş X3i İdarəsinin 16.12.2021-ci il tarixli, 016-147715- 1221 nömrəli məktubuna əsasən mülkiyyətçi İsayeva (Abdullayeva) Cəmalə Əfqan qızı tərəfindən “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı minik avtomobil Cavabdeh 13.07.2015-ci il tarixdən 13.07.2018-ci il tarixədək etibar edilmiş və həmin nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin 07.02.2022-ci il tarixli, 02-136/21 saylı ekspert rəyinə əsasən “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 07.02.2022-ci ilə olan bazar dəyəri 19000 manat təşkil edir. Həmin nəqliyyat vasitəsi qəza keçirdiyindən hazırda ehtiyyat hissələrindən ibarətdir. Avtomobilin təmirbərpası mümkün deyildir. Bununla belə ehtiyyat hissələrinin pərakəndə satışını həyata keçirmək mümkündür. Mövcud olan və aşkar edilən ehtiyyat hissələrinin bazar dəyəri 07.02.2022-ci il tarixə 12480 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin 04.04.2022-ci il tarixli, 1455/L saylı məktubuna əsasən “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol-nəqliyyat hadisəsi ilə bağlı hər hansı müraciət şirkət tərəfindən qeydiyyata alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində bildirmişdir ki, onlar 15.08.2015-ci il tarixdə qəzaya düşmüş və həmin qəzada onun sağ ayağı qırılmışdır. Demək olar ki, o ölümdən dönmüşdür. Bir müddət “City” Hospitalda, sonra isə Balakən rayon Xəstəxanasında əlli gün qalmışdır. Ayağında olan aparat bir il açılmamışdır. Sonra avtoqəzanın sığorta ödənişinin arxasınca düşmüş, lakin o da ordan heç nə ala bilməmişdir. O, özü şəxsən yol polisindən sənəd götürərək birinci maşını verən banka müraciət etmişdir. Orada isə ona etibarnamənin müddətinin bitdiyi bildirilmişdir. Bundan sonra Cavabdeh mülkiyyət etibarnaməsi verilmişdir ki, pulu götürə bilsin. Onlar pulu götürüb maşını düzəltməli idi. Lakin pulu ala bilmədiklərinə görə maşın da eləcə qalmışdır. O, polisə şikayətçi olmamışdır. Sonra iddiaçı ona mülkiyyət etibarnaməsi vermiş, onlar həmin etibarnamə ilə banka müraciət edərkən bank imtina etmişdir. Cavabdeh də maşın xarab olmasın, üstünə yağış düşməsin deyə onu hissələrə ayırmışdır. Suala cavab olaraq bildirir ki, onlara sığortadan pulun verilməməsi ilə bağlı rəsmi imtina məktubu gəlməmişdir. Yol nəqliyyat hadisəsi zamanı avtomobili Cavabdeh idarə etmişdir. İşin mübahisəsiz halı odur ki, cavabdeh iddiaçının mülkiyyətində olan “Lexus GS350” markalı, **-HM-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə yararsız hala düşmüşdür. Bundan sonra avtomobilin qalan hissələri iddiaçıya təhvil verilmişdir. Hazırda iddiaçı mülkiyyətində olan avtomobilə cavabdehin təqsirli hərəkətləri nəticəsində dəymiş ziyanın əvəzi olaraq 25000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, mübahisə predmeti olan avtomobilin cavabdehin istifadəsində olarkən yararsız hala düşdüyü müəyyən edildiyindən, avtomobilin mülkiyyətçisinə vurulmuş zərərin əvəzi cavabdeh tərəfindən ödənilməlidir. Lakin ekspert rəyinə əsasən avtomobilin hazırki bazar dəyəri 19000 manat, hazırda iddiaçıda olan və satılması mümkün olan ehtiyyat hissələrinin dəyəri isə 12480 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, yararsız hala düşmüş avtomobilin qalan ehtiyyat hissələrinin satılması mümkündür və həmin hissələr iddiaçıdadır, iddiaçı həmin hissələri sataraq dəyərini əldə edə bilər. Belə olan halda cavabdehdən iddiaçının xeyrinə əmlakın dəyərindən ehtiyyat hissələrinin hazırki dəyəri çıxıldıqda qalıq məbləğ, yəni (19000-12480=6520) 6520 manat məbləğində maddi ziyan tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, caabdeh avtomobili aldığını bildirsə də, buna dair heç bir sübut təqdim etmir. İş materiallarında olan etibarnamədən isə maşının cavabdehə yalnız istifadə etməsi üçün verildiyi müəyyən olunur. Cavabdeh hadisə ilə əlaqədar sığorta şirkətinə müraciət etdiyini qeyd etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etmir. Avtomobilə ziyan vurulma məhz cavabdehin avtomobili idarə etdiyi zaman baş verməsi cavabdehin özünün izahatı və onun tərəfindən dəvət edilmiş şahidin ifadəsi ilə təsdiq olunur. Lakin cavabdeh yol-nəqliyyat hadisəsi zamanı onun deyil, digər şəxsin təqsirli olduğunu qeyd etsə də, bu hal iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 6520 manat məbləğində pul İddiaçı xeyinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci Cavabdeh aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 6520 (altı min beş yüz iyirmi) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Keçirilmiş qiymətləndirmə ekspertizasının xərci olan 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB********************, müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar