Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3063/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3585/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hər ay 175 manat sabit pul məbləğində alimentin məbləğini dəyişdirərək cavabdehdən övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alinmentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 11 iyun 2013-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur, birgə nikahlarından 19 iyun 2014-cü il təvəllüdlü X2 dünyaya gəlib. Bir müddət sonra iddiaçının iddiası ilə nikahları pozulmuşdur. Yasamal Rayon Məhkəməsinin 2(004)-9391/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək anası İddiaçı yanında qalması müəyyən edilmiş, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ramiz oğlundan hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra iddiaçı uşaq böyüdüyü və daha çox tələbat yarandığı üçün məhkəməyə alimentin miqdarının artırılması tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı,xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Yasamal Rayon Məhkəməsinin 2(004)-9391/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Ramiz oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunmuşdur ki, uşaq günü-gündən böyüyür. İddiaçı onun ehtiyac və tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh atalıq məsuliyyətini dərk etmir. Bu səbəbdən də, hesab olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Belə ki, uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa “uşağı saxlamaq” anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağını saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. Alimentin sabit pul məbləği miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Cavabdeh, xx.xx.2024-cü il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-3063/2024 saylı mülki iş üzrə, İddiaçı ona qarşı “sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin artırılması” tələbinə dair iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3585/2021 saylı qətnaməsinə əsasən təyin edilmiş 175 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq 235 manat sabit pul məbləğində alinmentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbin qəbul etmir. Belə ki, iddia tələbi əsassızdır. Cavabdeh cəmi 500 manat əmək haqqı alır. Düzdür, 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat nəzərdə tutulmuşdur. Lakin, uşaqları saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü də işləyir. Tibb bacısıdır. Yüksək əmək haqqı alır. Belə olan halda, iddiaçı ilə birgə nikahdan olan övladlarını saxlamaq həm onun , eyni zamanda, iddiaçının özünün vəzifəsidir. Cavabdeh "xxxx" MMC-də işləyir, cəmi 500 manat əmək haqqı alır, 8 saatlıq iş rejimi var, başqa heç bir yerdən gəliri yoxdur, evi, avtomobili, obyekti, kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq sahəsi yoxdur. İşi Bakıda şəhərində olduğu üçün Bakı şəhərində kirayədə yaşayır. Cavabdehin zəruri xərclərindən əlavə mənzil kirayə pulunu da ödəmək məcburiyyətindədir. Aylıq qazancının faizlər qaydasında aliment tutulması hesabı ilə dəyərləndirsək, tutulmalı olan aliment məbləği 125 manat təşkil edir. O isə oğlu Hüseynov Muhammədin saxlanması üçün 175 manat aliment ödəyir və qeyd edir ki, həmin məbləğdən artıq aliment pulu ödəmək imkanları yoxdur. Çünki, yuxarıda qeyd etdiyi kimi 500 manat əmək haqqı alır və iş rejimi elədir ki, başqa işlə məşğul olub əlavə qazanc əldə edə bilmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İ 395222 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2015-ci il tarixində xitam verilmişdir və nikahın pozulması haqqında akt qeydləri kitabında 576 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ 353383 saylı doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən, X2 xx.xx.2014-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 768 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(031)- 3585/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən, uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Konstitusiyasının 17.2-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu, onun mənafeyini, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, alimentin məbləğinin sonuncu dəfə dəyişdirildiyi vaxta - 2021-ci ilə münasibətdə ümumi sosial həyatda olan dəyişikliyi nəzərə alaraq hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(031)-3585/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3585/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3063/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3063/2024
16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver