Məhkəmə qərarları › İş №2(004)-3068/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3068/2022

21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3068/2022 21.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan **********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq əmək haqqı hesablarından silinmiş ümumilikdə 2652,44 manat məbləğdə pul vəsaitinin Ziraat Bank ASC tərəfindən hesabıına geri qaytarılması, hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdeh Ziraat Bank ASC-dən tutularaq iddiaçının xeyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus olan **********193 nömrəli Ziraat Bank ASC-dən aldığım ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. Ziraat Bank ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabıından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Ziraat Bank ASC-dən xahiş etmişdir. Ziraat Bank ASC tərəfindən müraciətinə cavab olaraq mənə bu vaxta qədər ona hər hansı bir cavab məktubu ünvanlanmamışdır. ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2020-ci il tarixindən, xx.xx.2021 tarixinədək fərqli saatlarda əsassız silinmiş 2652.44 manat məbləğdə olan pul vəsaitinin hansı məqsədlə və nə üçün silindiyi ona məlum olmamışdır. Onun daha əvvəl bu bardə məlumatı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona məlum olan kimi dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Bu barədə Ziraat Bank ASC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməmiş əvəzində isə onun əmək haqqı kart hesabları dondurularaq həmin kartlar üzrə əməliyyatlar həyata keçirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback - müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur. Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçı X1 "xxxx" MMC-də əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Cavabdeh ASC ilə "xxxx"MMC arasında 25 noyabr 2019-cu il tarixli və 10 iyun 2021-ci il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu Müqavilə, onun tərəflərindən biri olan “Sifarişçinin işçisi” n olaraq İddiaçı tərəfindən də imzalanmışdır. Həmin müqaviləyə görə Bank tərəfindən MMC-nin işçilərinə əmək haqqı (debet) kartları təqdim edilir və həmin kartlara xidmət göstərilir. Müqavilənin 3.5.1-ci maddəsinə əsasən Müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizinini təmin etməlidir. Müqavilənin 3.5.2-ci maddəsinə əsasən müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərətindən qanunsuz istifadə edildikdə müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasitəsilə ilə “Azərikard" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi üçün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMCnin tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir. İddiaçı ərizəsində qeyd etmişdir ki, ödəniş kartından əsassız silinmələr xx.xx.2020-ci il tarixindən başlamış və 1 il müddətində davam etmişdir. Əmək haqqı hər ay ödənilən vəsaitdir və debet kartında (kredit kartından fərqli olaraq) 1 (bir) il müddətində cüzi belə azalmanı hiss etməmək mümkün deyildir. Bu müddət ərzində iddiaçı tərəfindən nə Banka nə də "xxxx" MMC-yə əsassız silinmə barədə bir dəfə belə müraciət daxil olmamışdır. Bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. Bu hal onlar arasında bağlanmış müqavilənin 4.4.2-ci maddəsində də aydın şəkildə öz əksini tapmışdır. Həmin maddəyə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə bank sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Digər tərəfdən, məlumat üçün bildirir ki, qeyd edilən əməliyyat texniki baxımdan da bankın təqsiri üzündən baş verə bilməz və iddiaçının ya özünün hərəkətləri ya da səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, müştərinin müraciətindən sonra etiraz əməliyyatlarına (Chargeback), yəni əməliyyatların aparıldığı tətbiqin xidmət olunduğu Bankdan əməliyyat məbləğlərinin geri tələb edilməsi prosesinə başlamazdan əvvəl aparılmış əməliyyatlar təhlil edilmişdir. Araşdırmalara əsasən müştəriyə aid kart hesablarından Apple.Com tətbiqində əməliyyatlar aparılmışdır. Həmçinin, bu tip müştəri müraciətlərində araşdırmaların nəticəsi olaraq Bank tərəfindən zəruri hesab edildikdə etiraz əməliyyatlarına başlanılır, zəruri hesab edilmədikdə isə başlanılmır və müştəriyə bu barədə məlumat verilir. Araşdırmaların nəticəsi olaraq qarşı tərəfə etiraz əməliyyatları irəli sürülməmişdir, çünki bu tətbiqdə əməliyyat aparmaq üçün mütləq şəkildə mobil telefonda AppleStore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı addımda hər hansı xidməti almaq üçün tətbiq tərəfindən müştəridən eyniləşdirmə üsulları (mail parolunu, face İD, biometrik) tələb edilir və yalnız müvafiq məlumatlar daxil edildikdən sonra ödənişin aparılması mümkündür. Nəticə etibarilə, Apple.Com tətbiqində əməliyyat aparmaq istəyən şəxs öncə mobil telefonuna daxil olmalıdır, daha sonra eyniləşdirmə məlumatlarını yazaraq tətbiqdə alış-veriş etməlidir. Yəni qeyd edilənlərdən və etiraza əlavə edilmiş sənədlərdən də belə nəticəyə gəlinir ki bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Applestore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarını daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir və müştəri bu barədə özü məlumat verənədək bankın bu halı bilməsi qeyri-mümkündür. Göründüyü kimi nağdsız hesablaşmalardan biri də elektron hesablaşmalardır. İddiaçının da ödəniş kartından etdiyi əməliyyatlar nağdsız şəklində Apple. com interntet tətbiqindən olmuşdur. Bu halda da hesab üzərində sərəncamvermə yalnız müştərinin bildiyi eyniləşdirmə məlumatlarım daxil etməklə mümkündür. Bu isə iddiaçının ödəniş kartı üzrə hesabından olan silinmələrin guya onun təqsiri (birbaşa və ya dolayı) olmadan həyata keçirilməsi ehtimalını tamamilə istisna edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbinə dair etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Cavabdeh ASC ilə "xxxx"MMC arasında 25 noyabr 2019-cu il tarixli və 10 iyun 2021-ci il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqaviləyə 1 nömrəli əlavəyə əsasən müqavilə "xxxx"MMC-nin işçisi olaraq İddiaçı tərəfindən də imzalanmışdır. Tərəflər arasında bağlanılmış müqaviləyə görə Bank tərəfindən MMC-nin (sifarişçinin) işçilərinə (müştəri) əmək haqqı (debet) kartları təqdim edilir və həmin kartlara xidmət göstərilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, xx.xx.2020-ci ilk tarixdən xx.xx.2021-ci il tarixinədək İddiaçı aid kart hesabından Apple.Com tətbiqində 2403,01 manat məbləğində əməliyyatlar aparılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış ərizədən görünür ki, İddiaçı tərəfindən 2021-ci ilin avqust ayında Cavabdeh ASC-nin Azadlıq filialına əmək haqqı kartından silinmiş vəsaitlərin geri qaytarılması barədə müraciət edilmişdir. İş materiallarında olan Bakı Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)- 604/2022 nömrəli qətnaməsindən görünür ki, müvafiq qətnamə ilə iddianın qismən təmin edilməsi və İddiaçı məxsus olan 5357*******2101 nömrəli ödəniş kartı üzrə 14.01,2021-ci il tarixində və 5357******1933 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci ıl tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli vaxtlarda əsassız olaraq silinmiş 3276,38 (üç min iki yüz yetmiş altı manat otuz səkkiz qəpik) manat məbləğ cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı hesabına geri qaytarılması qət edilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun. Həmin Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Həmin Məcəllənin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 967.1-ci madəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh ASC ilə "xxxx"MMC arasında 25 noyabr 2019-cu il tarixli və 10 iyun 2021-ci il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqaviləyə 1 nömrəli əlavəyə əsasən müqavilə "xxxx"MMC-nin işçisi olaraq İddiaçı tərəfindən də imzalanmışdır. Qeyd edilən müqavilənin müqavilələri 3.5.1-ci bəndinə əsasən müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizinini təmin etməlidir. Müqavilənin 3.5.2-ci bəndinə əsasən müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərətindən qanunsuz istifadə edildikdə müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasitəsilə ilə “Azərikard" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi üçün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMC tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir.Həmçinin müqavilənin 4.4.2-ci bəndinə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə bank sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Hazırkı mübahisədə iddiaçı 2652,44 manat məbləğində olan pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda işarə qoyulmaqla mübahisələndirilmiş silinmələrin məbləği 2361,35 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, mübahisələndirilən dövrlərdə iddiaçının kartından Apple.Com tətbiqində aparılmış əməliyyatlar nəticəsində 2403,01 manat silindiyi müəyyən edilir. Bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Applestore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarını daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı ilə bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir. Bu da iddiaçının bank kartı üzrə hesabından olan silinmələrin birbaşa və ya dolayı yolla onun təqsirinə görə silindiyini təsdiq edir. Bu səbəbdən də, istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləğlərə görə bank məsuliyyət daşımır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıa məxsus müxtəlif banklara aid kartlardan eyni dövrlərdə iddiaçının birbaşa və ya dolayı təqsiri olmadan aparılmış əməliyyatların nəticəsində əsassız olaraq vəsaitin silinməsi inandırıcı deyildir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” barədə tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsassız silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmanın aparılmasına zərurət qalmadığından iddia tələbi “hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin tutulması” hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar