Məhkəmə qərarları › İş №2(004)-308/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-308/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-308/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 1567 manat, ödənilmiş dövlət rüsumuna görə isə 36 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Toyota Prius markalı **-EA-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və Mersedes Benz markalı **-VJ-*** dövlət nömrə nişanlı avtomobili sürücüsü Cavabdeh1 təqsiri üzündən iddiaçıya 5392 AZN məbləğində maddi ziyan dəymişdir. Belə ki, Chevrolet Cruz markalı, **-SN-*** dövlət nömrə nişanlı avtomobil iddiaçıya məxsus olmuşdur. İddiaçı həmin avtomobili BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə etmişdir. O, 21 may 2023-cü il tarixində təxminən 17:30 radələrində həmin avtomobili ünvan 1 ünvanının qarşısında yolun sağ tərəfində saxlayıb, bankomatdan pul çıxartmaq üçün getmiş və təxminən 10 dəqiqədən sonra küçədən avtomobil qəza səsi gəldiyini eşitmişdir. Dərhal avtomobilə yaxınlaşmış və ona məlum olmuşdur ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan gümüşü rəngli Mersedes Benz markalı avtomobil motosikleti vurub, motosiklet isə iddiaçının avtomobilinə dəyib, nəticədə onun avtomobili isə qarşıda olan Toyota Corolla markalı avtomobilə dəymişdir. Sonradan məlum olmuşdur ki, Mersedes Benz markalı avtomobil Toyota Prius markalı avtomobillə toqquşmuş və nəticədə idarə etməni itirərək iddiaçının avtomobilinə dəymişdir. Yasamal RPİ-nin İŞ-nın müstəntiqi X6 tərəfindən araşdırma aparılmış, xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, cavabdehlərin barəsində İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq protokol tərtib olunmasından ötrü həmin qərar Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. Lakin, Mercedess Benz markalı avtomobilin sahibi Cavabdeh1 xx.xx.2024-ci il tarixində Yasamal rayon Məhkəməsinə Yasamal rayon Polis İdarəsinin İ.Ş-nin xx.xx.2023-ci il tarixli qərarından etiraz ərizəsilə müraciət etmiş və Yasamal Rayon Məhkəməsi etirazı təmin edərək, işin yenidən araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə və qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilmişdir. Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru İsmayıl Qurbanovun icraatında araşdırma aparılmış və xx.xx.2024-ci tarixində Toyota Pirus 99EA397 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh2 və Mercedes Benz E markalı 90VJ844 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8 maddəsi ilə qəbul edilmiş qərar qüvvədə saxlanmışdır. X3 filialının xx.xx.2023-cü il tarixli, 188121 saylı rəyindən görünür ki, cavabdehlərin təqsiri üzündən iddiaçının avtomobilinə 5392 manat məbləğində ziyan dəymişdir. Həmin rəy əsasında Paşa Sığorta ASC tərəfindən iddiaçıya 3825 manat məbləğində sığorta ödənişi verilərək ödənilməmiş 1567 manat maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. İddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığını nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan müəyyən edilir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 17:40-da “Toyota Prius (hibrid) minik” markalı 99EA397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 17:40-da “Mersedes Benz E320 minik” markalı 90VJ844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, “Chevrolet Cruze” markalı, 99SN315 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin məbləği 5392 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına 3825.92 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 noyabr 2024-cü il tarixli və 25 aprel 2025-ci il tarixli məlumatlara əsasən iş üzrə məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyul 2025-ci il tarixli, 004-121/2025 nömrəli ekspert rəyinə əsasən “Chevrolet Cruze” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin dəyəri 5392 manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının dəyəri 250 manat İddiaçı tərəfindən “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə, saat 17:40-da ünvan 2 ünvanında toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu yol-nəqliyyat hadisəsinin baş verməsində hadisə baş verdiyi anda “Mersedes Benz E320 minik” markalı 90VJ844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh1 təqsirli bilinmişdir. Hadisə baş verən zaman İddiaçı idarə etdiyi “Chevrolet Cruze minik” markalı, 99SN315 dövlət qeydiyyat nişanlı avtomobilə, Cavabdeh1 idarə etdiyi Mersedes Benz E320 minik” markalı 90VJ844 dövlət qeydiyyat nişanlı avtomobilə, X1 idarə etdiyi “X5” markalı, 12B245 dövlət qeydiyyat nişanlı motosiklə və X2 idarə etdiyi “Toyota Corolla minik” markalı, 77HS415 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17:40-da ünvan 2ndə yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 idarə etdiyi “Mersedes Benz E320 minik” markalı 90VJ844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh2 idarə etdiyi “Toyota Prius (hibrid) minik” markalı 99EA397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuşdur. Nəticədə İddiaçı məxsus “Chevrolet Cruze” markalı, 99SN315 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, saat 17:40da “Mersedes Benz E320 minik” markalı 90VJ844 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərara əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, saat 17:40-da “Toyota Prius (hibrid) minik” markalı 99EA397 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 200 manat məbləğində inzibati cərimə edilmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduqları və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus nəqliyyat vasitəsinə maddi zərər vurulması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə Cavabdeh2 və Cavabdeh1 mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı əmlakına dəymiş zərər cavabdehlər tərəfindən iddiaçıya ödənilməmişdir. Bu səbəbdən İddiaçı vurulmuş zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məbləğlə bağlı məsələyə gəldikdə məhkəmə “X4 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 22 iyul 2025-ci il tarixli, 004-121/2025 nömrəli ekspert rəyində olan məbləği nəzərə alaraq “Chevrolet Cruze” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 5392 manat məbləğində müəyyən edilməsini əsas götürür. Bununla belə, məhkəmə araşdırması zamanı iddiaçının izahatı və iş materiallarında olan hesabdan çıxarış əsasında müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Chevrolet Cruze” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən avtomobilin mülkiyyətçisi olan İddiaçı 3825 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Belə olan halda məhkəmə, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin 1567 manat (5392-3825=1567) təşkil etdiyini nəzərə alaraq, 1567 manat məbləğdə pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Republikası MPM-nin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1567 (bir min beş yüz altmış yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə 22 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1567 (bir min beş yüz altmış yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 (otuz altı) manat tutularaq İddiaçı ödənilsin. İş üzrə 22 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. Cavabdehlər qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar