Məhkəmə qərarları › İş №2(004)-3083/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3083/2024

23.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3083/2024 23.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: hökm, zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8000 manat pulun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2018-ci ilin noyabr ayında qohumunun işə düzəlməsi üçün Baş Prokurorluqda köməkçi vəzifəsində işləyən Cavabdeh 8.000 manat məbləğində pul vermişdir.Belə ki, iddiaçı 2018-ci ilin noyabr ayında dostu ilə Yasamal rayonunda “Baku Mall’’ deyilən yerdə oturub çay içəndə dostu onu Sima ləqəbli (Cavabdeh) bir xanımla tanış etdi və dedi ki, Sima xanım Baş Prokurorluqda önəmli vəzifədə işləyir və hər cür köməklik göstərə bilir. Elə həmin vaxt iddiaçı Sima xanımdan xahiş etdi ki, onun oğlu JEK-də işləyir. Özü baş mühəndisdir, amma maaşı çox azdır. Oğluna köməklik etmək olarmı? O dedi ki, olar. Oğlunun məsələsinə gücü çatmadı, amma qohumunun əhvalatını soruşanda o dedi ki, olar və 8.000 (səkkiz min) manat pul istədi. O, qohumunu göndərdi qəbula və Sima xanım onu Baş Prokurorluqda qəbul etdi. Sənədlərini yoxladı və iddiaçıya dedi ki, hər şey öz qaydasındadır. İddiaçı axşam onların köhnə evlərinin yanına (X13 küçəsi) gedib ona zəng etmişdir. O da düşüb maşına oturdu və iddiaçı ona 8.000 (səkkiz min) pulu verdi. O dedi ki, “ Əli müəllim narahat olmayın, qohumunuz yaxın günlərdə başlayacaq işinə.” Və dedi ki, başqa iş istəyən olsa (ancaq mülki iş) problem yoxdur. Aydın məsələdir ki, çoxlu işsiz qohum-əqrəba var. Ona görə də o, Sima xanıma çox hörmətlə yanaşdı və onlar ayrıldılar. Bir neçə gündən sonra iddiaçının Aslan adlı bir tanışı ona zəng elədi və dedi ki, Əli müəllim, onun bir qohumu var, boylu-buxunlu, 30-a yaxın yaşı var, özü də texnikom təhsillidir, ona iş axtarırlar. Ona nə kömək etmək olar? Onda iddiaçının yadına Sima xanım düşdü və o Simaya zəng edib məsləhət etdi ki, tanışının İlqar adında qohumu var, onu nə işinə kömək etmək olar? Yenə də Sima oğlanı (İlqar Kərimov) çağırdı qəbula və sənədlərini götürdü. xx.xx.2018-ci ildə İlqarın sənədlərini yoxlayıb özünə qaytardı və dedi səhər gələrsən elə bu şəxsiyyət vəsiqəsi ilə birlikdə. Sən demə bu oğlan, yəni İlqar əməliyyat işçisi imiş. Sima xanım da çox adamdan pul aldığı üçün nəzarətdə imiş. Beləliklə, 20 noyabr saat 11-12 radələrində korrupsiya əməliyyatçıları plan qurub hamını, yəni kim Sima ilə əlaqədə olubsa, elə iddiaçını da saxladılar. İddiaçını yoxladılar, sonra 4 nəfərin iştirakı ilə çəkiliş ilə onun evində axtarış etdilər. Axtarışda heç nə tapmadıqları üçün rəhbərliyə telefonla məruzə etdilər ki, heç bir sənəd yoxdur. “Bu Əli müəllimi buraxaq yoxsa nə edək?” Ona dedilər ki, getsin Korrupsiya İdarəsinə, protokollara qol çəkib gedəcək. Onu Korrupsiya İdarəsinə apardılar. O bilmirdi ki, artıq Cavabdeh oradadır. Müstəntiq ondan soruşdu ki, Cavabdeh tanıyırsanmı? O dedi ki, bəli. Dedi ki, ona pul vermisənmi? Onda o (iddiaçı) çox qorxduğu üçün dedi ki, yox! X9 dedi ki, “əgər sən ona pul verməmisənsə səninlə bir işimiz yoxdur. Protokola qol çəkib gedərsən. Yox əgər Simuzər desə ki, sən ona pul vermisən, onda sən həbs olunacaqsan.” Onu Sima ilə üzləşdirəndə Sima dedi ki, “mən yalan danışa bilmərəm. Mənə deyiblər ki, hər şeyi boynuna al, düzünü de, səni buraxaq, get evinə. Sən prokurorluq əməkdaşısan.” Beləliklə, Sima xanım dedi ki, “bəli, Əli müəllim mənə 8.000 (səkkiz min) pul verib.” Buna görə də onu həbs etdilər. İstintaq zamanı o, gördü ki, Sima 10-12 adamdan işə düzəlmək üçün pul alıb və onlar şikayət etməsinlər deyə qardaşı Məmmədov Azərin vasitəsilə zərərçəkənlərin pullarını qaytardılar, ondan başqa. Məhkəmə zamanı o, dəfələrlə ona dedi ki, onun da pulunu qaytar. Onu heç nədən həbs etdirdi. O dedi ki, qardaşı Azərə deyib, onun pulunu verəcək. Hər dəfə onu belə aldatdı. O, hətta məhkəmədə də üzünə durdu ki, ondan 8.000 (səkkiz min) manat pul alıb.Beləliklə, hər ikisinə 5 il iş kəsildi. O, həbsxanada X8 - Simuzərin qardaşı ilə əlaqə saxladı və xahiş etdi ki, onun verdiyi 8.000 manat pulu qaytarsın. O çox kobudcasına cavab verdi ki, onlar əlbəəl aldıqları pulları qaytarırlar. O, (iddiaçı) onu başa sala bilmədi ki, onu həmin o pula görə həbs edib AR CM-nin 312.2-ci maddəsi ilə (rüşvət vermə) 5 il azadlıqdan məhrum ediblər. Dəfələrlə ona zəng etdi, lakin o (iddiaçı) həbsxanada olduğu üçün ona hədə qorxu gəldi. xx.xx.2022-ci ildə 3 il 6 aydan sonra onu 9 saylı Məntəqə tipli Cəzaçəkmə Müəssisəsinə göndərdilər. Və 3-4 aydan sonra Quba rayon Məhkəməsinin qərarı ilə onu şərti olaraq azad etdilər. Beləliklə, o, yenə də Azər Məmmədova zəng edib müraciət etdi ki, onun pulunu qaytarsın. O da cavabında dedi ki, get məhkəməyə ver.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. O, həmçinin onu da qeyd etmişdir ki, X1 alıb cavabdehə verdiyi 8000 manat pulu sonradan “öz cibindən” sonuncuya qaytarmışdır. Nəticə etibarilə, Cavabdeh həmin məbləği ona (iddiaçıya) qaytarmaqdan imtina etməklə, ona 8000 manat məbləğində zərər vurmuşdur. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Bakı Hərbi Məhkəməsində aparılan cinayət işinin istintaqı dövründə Cavabdeh 8000 manat pul almadığını bildirmiş, buna səbəb isə Cavabdeh da həmin halı təsdiq edəcəyi halda onun cinayət məsuliyyətindən azad olunması ehtimalı olmuşdur. Lakin Cavabdeh son iclasadək 8000 manat pulu ona verdiyini bildirdiyinə görə, o, cinayət məsuliyyətinə cəlb edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirrmişdir ki, iddiaçıdan elə bir məbləğdə pul almamışdır. O, istintaq gedişatında həyacandan bu halı etiraf etmişdir. Halbuki, Ə.X6 işə düzəltmək üçün ona 8000 manat pul verməmişdir. Hal-hazırda o, cəzasını çəkib, azadlıqdadır. Onun barəsində işə düzəltmək istədiyi heç bir adam şikayət etməmiş, pul tələbi ilə əlaqədar iddia qaldırmamışdır. O, iddiaçının tələbini tamamilə əsassız sayıb rədd edilməsini məhkəmədən xahiş etmişdir.

İİİ Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)-70/2019 saylı qanuni qüvvəyə minmiş hökmündən görünür ki, “...Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29, 178.2.3, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş;

7. Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.1, 29,178.2.2, 29, 178.2.3, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Cavabdeh qəti olaraq, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir...”

8. Eyni zamanda “...İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş; İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qızına qəti olaraq, 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir...”

9. Eyni zamanda Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)- 70/2019 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, “...İddiaçı qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək, dələduzluq etməyə təkrarən cəhd etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə ayrı-ayrı şəxsləri təkrarən təhrik etmişdir...”

10. Hökmlə müəyyən edilmiş epizodlardan biri də hazrki mülki iş üzrə adı keçən X2 təqsirləndirilən şəxs Ə.Rəşidzadə tərəfindən vəzifəli şəxsə rüşvət verməyə təhrik edilməsidir.

11. Həmin epizodla bağlı müəyyən edilmişdir ki, “...Bundan başqa, o, (İddiaçı) təkrarən tanışı Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsində baş məsləhətçi vəzifəsində işləyən Cavabdeh ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirmək məqsədilə cinayət əlaqəsinə girərək 2018-ci ilin oktyabr ayında X3 Azərbaycan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsinə dair ona etdiyi müraciətinə əsasən, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq sonuncu vasitəsilə X7 Məmmədovanın Prokurorluğun vəzifəli şəxsləri ilə geniş olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu həmin vəzifəyə təyin etdirmək imkanına malik olduğunu yalandan bildirib, inandırmaq üçün S.X4 şəxsiyyət vəsiqəsinin və ali təhsil haqqında diplomunun surətlərini, bir neçə ədəd foto şəklini götürərək sonuncuya istintaqa məlum olmayan şəraitdə əldə etdiyi kadrların şəxsi uçot vərəqəsinin boş blankını verib, həmin blankda şəxsi və ailə üzvlərinə dair məlumatları qeyd etməsini tapşıraraq onun inam və etibarını qazandıqdan sonra İmadəddin İmanovun işə qəbul olunması məsələsini Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar idarəsinin yaxın münasibətdə olduğu məsul vəzifəli şəxsinə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla Cavabdeh vasitəsilə maddi nemət olan 8.000 manat məbləğində pul verilməsi müqabilində həll edəcəyini vəd verib inandıraraq,həmin adla 15 noyabr 2018-ci il tarixdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə İmadəddin İmanovdan şəxsən aldığı 8.000 (səkkiz min) manat məbləğində pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən yaşadığı evin yaxınlığında Cavabdeh ilə görüşüb aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirərək təkrarən dələduzluq etmiş və təkrarən,qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla vasitəçidən istifadə etməklə maddi nemət olan pulu rüşvət qismində verməyə İmadəddin İmanovu təhrik etmişdir...”

12. Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 avqust 2019-cu il tarixli 1-1(103)-13/2019 saylı qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1-1(093)-70/2019 saylı hökmündən İddiaçı və digərləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 05 mart 2021-ci il tarixli 1-1(102)-23/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 14 avqust 2019-cu il tarixli 1-1(103)-13/2019 saylı qərarından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.

14. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

15. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

20. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilir ki, ... cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz.

22. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın (şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.

23. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır.

24. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh tərəfindən ona 8000 manat məbləğində maddi zərər vurulduğunu iddia edir. İddiasını onunla əsaslandırır ki, 2018-ci ilin noyabr ayında qohumu X3 Azərbaycan Respublikası Baş Prokurorluğunda mütəxəssis vəzifəsinə işə düzəlməsində köməklik göstərilməsi üçün Cavabdeh vəzifəli şəxs olduğunu nəzərə alaraq, sonuncuya qohumundan aldığı pulu (8000 manatı) vermişdir. Az bir müddət sonra həm Cavabdeh, həm də, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslər qismində məsuliyyətə cəlb edilmişlər. İstintaq zamanı iddiaçıya məlum olmuşdur ki, Cavabdeh bir neçə adamdan (10-12) işə düzəlmək adı ilə pul alıb dələduzluq etmiş, onlar şikayət etməsinlər deyə pullarını qardaşı Azər Məmmədovun köməkliyi ilə sonunculara qaytarmışdır.İddiaçının pulunu isə qaytarmamış və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə beş il müddətinə azadlıqdan məhrum edilmişdir.

25. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə verdiyi 8000 manat pulun əvəzini cavabdehdən tələb edilə bilməz. Çünki iddiaçı həmin məbləği cavabdehə verməklə zərər çəkməmiş, özü cinayət törətmişdir. Odur ki, hazırki halda iddiaçı rüşvətin predmeti olmuş pul vəsaitini maddi zərərin əvəzi kimi tələb edə bilməz.

26. İş materiallarına əlavə edilmiş Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)-70/2019 saylı qanuni qüvvəyə minmiş hökmü ilə İddiaçı müxtəlif epizodlarla bir neçə şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.2, 29, 178.2.4, 178.2.1, 178.2.2, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə görə təqsirli bilinmişdir. Həmin hökmdən məlum olur ki, İddiaçı iddiasında qeyd etdiyi kimi, tək rüşvət verməyə təhrikə görə deyil, həmçinin əməllərində dələduzluq cinayət əməlinin tərkibi olduğu üçün məsuliyyətə cəlb edilmişdir. Mübahisə predmeti olan məbləğlə əlaqədar hökmdə müəyyən edimişdir ki, Ə.X5 şəxsən aldığı 8.000 (səkkiz min) manat məbləğində pulu həmin gün Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsində yerləşən yaşadığı evin yaxınlığında Cavabdeh ilə görüşüb aralarında bölərək şəxsi ehtiyaclarına sərf etmişdir. Mülki prosessual qanunvericilik məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburiliyini qeyd edir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)-70/2019 saylı qanuni qüvvəyə minmiş hökmü ilə hazırki iş üzrə tərəflərin mübahisə predmetini təşkil edən pulun öz aralarında bölməsi müəyyən edilmişdir. Odur ki, məhkəmənin hökmü ilə müəyyən edilmiş bu hal məhkəmə üçün məcburidir və təkzib edimir. Belə olduğu halda, hazırki iddia üzrə cavabdehin iddiaçıya zərər vurması istisna edilir.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, ...... təqsirkarın digər şəxsi rüşvət verməyə təhrik edib aldatmaqla ona məxsus əmlakı ələ keçirməsi halında əmlakından məhrum olunmuş şəxsin zərərçəkmiş qismində tanınmasının istisna edilməsi mövqeləri onunla əsaslandırıla bilər ki, belə hallarda aldadılan şəxs öz əməli ilə rüşvət vermə cinayətini törətməyə cəhd göstərmişdir. Bunun əksi baş verdikdə, yəni rüşvət verən zərərçəkmiş şəxs qismində tanındıqda, ictimai münasibətlərin cinayət-hüquqi müdafiəsinin məqsəd və vəzifələri heçə endirilir.Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, cinayət qanununun məqsədi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə Cinayət Məcəlləsi yalnız qanuni maraqları və mənafeləri öz mühafizəsi altına alır. Rüşvət verənin maddi maraqlarını isə hətta ona qarşı dələduzluq cinayəti törədildikdə belə, qanuni adlandırmaq olmaz.”

28. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə əsasən “....Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-nin 29,312-ci maddələri ilə tövsif edilir, onların zərər çəkmiş qismində tanınması istisna olunur, CM-nin 312-ci maddəsinin qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.Bu xarakterli işlər üzrə təqsirləndirilən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlak (əmlak mövcud deyilsə, onun dəyəri) CM-nin 99-1.1.2-ci maddəsinin tələbinə əsasən xüsusi müsadirənin predmeti kimi dövlət nəfinə alınır.

29. Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1-1(093)-70/2019 saylı qanuni qüvvəyə minmiş hökmündən də görünür ki, həmin iş üzrə zərərçəkmiş şəxs müəyyən edilməmiş, iddiaçının işə düzəltmək istədiyi İmadəddin İmanov da həmin iş üzrə şahid qismində dindirilmişdir. Eləcə də iddiaçı həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Cavabdeh 8000 manat məbləğində pul vermədiyini qeyd etsə də, məhkəmənin hökmü ilə, o, dələduzluq cinayətinin müxtəlif tərkib əlamətləri, eləcə də rüşvət verməyə cəhd cinayət əməlini törətməyə görə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır.

30. Həmçinin Cavabdeh ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, “......X3 Baş Prokurorluqda işə düzəltmək üçün İddiaçı ona müraciət etdiyini, onun xx.xx.2018-ci il tarixdə İmadəddini qəbul etdiyini, sonra Əllizadə ilə əlaqə saxlayaraq İmadəddinin işə qəbul olunması üçün 8000 manat pul istədiyini, Əlizadənin ona elə həmin gün 8000 manat pul verdiyini, onun həmin puldan 5000 manatını xərclədiyini, çantasında aşkar olunan 3000 manat pulun İmaddəddinin işinə görə Əlizadənin ona verdiyi puldan qaldığını göstərmişdir.”

31. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/37 saylı məktubunda əsasən Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən 3000 manat vəsait cinayət-hüquqi xarakterli tədbir kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə köçürülmüşdür.

32. Göründüyü kimi nə iddiaçı, nə də İmadəddin İmanov zərərçəkmiş şəxs kimi tanınmamış, İddiaçı cinayət yolu ilə əldə etmiş olduğu rüşvət məbləği xüsusi müsadirənin predmeti olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.

V Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar