Məhkəmə qərarları › İş №2(004)-313/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-313/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-313/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkilləri Vəkil1 və Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək: 1) Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 100.000 manat əsas, 23.062,50 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 123.062,50 manat, xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə 120.000 manat əsas, 27.675 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla cəmi 147.675 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 manat əsas, 20.250 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla cəmi 110.250 manat, xx.xx.2017-ci il tarixi kredit müqaviləsi üzrə 140.000 manat əsas, 30.712,50 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla cəmi 170.712,50 manat, əldən çıxmış fayda kimi 200.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 771.700 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması; 2) Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 235.000 manat əsas, 51.553 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 286.553 manat, əldən çıxmış fayda kimi 100.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 406.553 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və Vəkil2 iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək: 1) Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 100.000 manat əsas, 23.062,50 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ, 14.722.22 manat illik 5 faiz hesablanmış məbləğ olmaqla cəmi 137.784,72 manat, xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə 120.000 manat əsas, 27.675 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ. 16.016.67 manat illik 5 faiz hesablanmış məbləğ olmaqla cəmi 163.691,67 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 manat əsas, 20.250 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ,12.762.50 manat illik 5 faiz hesablanmış məbləğ olmaqla cəmi 123.012,50 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 140.000 manat əsas, 30.712.50 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ, 19.133.33 manat illik 5 faiz hesablanmış məbləğ olmaqla cəmi 189.845,83 manat, əldən çıxmış fayda kimi 200.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 834.334,72 manat məbləğində pulun İddiaçı1 xeyrinə tutulması; 2) Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 235.000 manat əsas, 51.553 manat Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış məbləğ, 35.119.44 manat illik 5 faiz hesablanmış məbləğ olmaqla, cəmi 321.672,44 manat, əldən çıxmış fayda kimi 100.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pul vəsaiti, ümumilikdə 441.672,44 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 idda ərizəsinə uyğun izahat verərək izahatında bildirmişdir ki, Cavabdeh 2017-ci ilin yanvar ayında iddiaçılara müraciət edərək, təxminən 1.000.000 AZN məbləğində pul vəsaitinə ehtiyacı olduğunu bildirmiş və borc vermələrini xahiş etmişdir. İddiaçılar nağd qaydada həmin məbləğin 685.000 manatını verə biləcəklərini bildirmişdirlər. Cavabdeh ona pulun qalan hissəsinin də lazım olduğunu bildirmiş, iddiaçılar isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən özlərinə məxsus mənzilləri satmaq istədiklərini, həmin mənzilləri satmaq üçün cavabdehə verə biləcəklərini bildirmişlər. Bunun qarşılığında isə mənzilin satışından əldə olunan əlavə vəsaiti cavabdehə verəcəklərini, əgər çatışmayan məbləğ qalarsa əlavə olaraq ona verəcəkləri barədə razılaşma əldə etmişlər. Cavabdeh həmin mənzilləri müxtəlif şəxslərə satmış, lakin pulunu iddiaçılara verməmişdir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir. Həmçinin birgə iddiaçılarla cavabdeh arasında Bakı şəhəri 38 saylı Notariat kontorundan aşağıdakı kredit müqavilələri bağlanmışdır: 1) xx.xx.2017-ci il tarixli reyestrdə 3M-137 № ilə qevd edilmiş 100.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh Mali oğlu İddiaçı1 100.000 manat məbləğində borc pul almış və həmin borcu hissə-hissə olmaqla (50.000 manat xx.xx.2017-ci il tarixdə, 50.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı öz öhdəsinə götürmüşdür; 2) xx.xx.2017-ci il tarixli reyestrdə 3M-90 № ilə qevd edilmiş 120.000 manat məbləğində borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı1 xx.xx.2017-ci il tarixdə 120.000 manat məbləğində borc aldığını etiraf etmiş və həmin borc məbləğini hissə-hissə olmaqla (xx.xx.2017-ci il tarixdə 30.000 manat, xx.xx.2017-ci il tarixdə 45.000 manat, xx.xx.2017-ci il tarixdə 45.000 manat ) qaytarmağı öz öhdəsinə götürmüşdür; 3) xx.xx.2017-ci il tarixli reyestrdə 3M-261 № ilə qevd edilmiş 90.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı1 90.000 manat məbləğində borc pul almış və həmin borcu hissə-hissə olmaqla (25.000 manat xx.xx.2017ci il tarixdə, 35.000 manat xx.xx.2017-ci il tarixdə, qalan 30.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı öz öhdəsinə götürmüşdür; 4) xx.xx.2017-ci il tarixli reyestrdə 3M-415 № ilə qevd edilmiş 140.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı1 140.000 manat məbləğində borc pul almış və həmin borcu hissə-hissə olmaqla (40.000 manat xx.xx.2017ci il tarixədək, 50.000 manat xx.xx.2017-ci il tarixədək, qalan 50.000 manat isə xx.xx.2017ci il tarixədək) qaytarmağı öz öhdəsinə götürmüşdür; 5) xx.xx.2017-ci il tarixli reyestrdə 3M-467 № ilə qevd edilmiş 235.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı2 235.000 manat məbləğində borc pul almış və həmin borcu hissə-hissə olmaqla (85.000 manat xx.xx.2017ci il tarixdə, 90.000 manat xx.xx.2017-ci il tarixdə, qalan 60.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öz öhdəliklərini yerinə yetirməmiş və birgə iddiaçıların dəfələrlə ondan pulu tələb etməsinə baxmayaraq müqavilə üzrə öz öhdəliklərini icra etməkdən yayınmışdır. Göründüyü kimi, birgə iddiaçılar müqavilə üzrə öz öhdəliklərini yerinə yetirərək cavabdehə pul əsaitini vermiş, lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməyərək, mülki qanunvericiliyin tələblərini pozmaqla birgə iddiaçılara maddi və mənəvi zərər yetirmişdir. Cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyi üçün, birgə iddiaçılar cavabdehə ödədikləri məbləğdən səmərəli istifadə edib, iş qurub gəlir əldə edə bilmədiyi üçün cavabdeh İddiaçı1 200.000 manat, digər İddiaçı2 isə 100.000 manat məbləğində əsas məbləğə hesablanmış nisbətdə əldən çıxmış faydanın əvəzini də ödəməlidir. Belə ki, iddiaçılar həmin pul vəsaitindən istifadə edərək və ya banka əmanət müqaviləsi üzrə yerləşdirib gəlir əldə edə bilərdilər. Bu səbəbdən hesab edir ki, cavabdeh vurduğu maddi ziyanla yanaşı, həmçinin birgə iddiaçıların hər birinə 20.000 manat məbləğində mənəvi ziyanı da ödəməyə borcludur. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun verilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı1 tərəfindən 100.000 məbləğində pul vəsaitinin cavabdehə verilməsindən 41 ay, xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqaviləyə əsasən 120.000 pul vəsaitinin cavabdehə verilməsindən 41 ay, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 90.000 pul vəsaitinin cavabdehə verilməsindən 40 ay, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 140.000 pul vəsaitinin cavabdehə verilməsindən 39 ay, xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı2 tərəfindən 235.000 məbləğində pul vəsaitinin cavabdehə verilməsindən 39 ay keçmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə müəyyən etdiyi uçot faiz dərəcəsinin dəyəri 6.75% təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4908 nömrəli xx.xx.2021 -ci il tarixli rəyindən görünür ki, kredit müqavilələrinin müddəti bitdiyi tarixdən iddia verilən xx.xx.2020-ci il tarixədək. Mülki Məcəllənin 445-ci maddəsinin tələbi nəzərə alınaraq 5 faizlə hesablanmış borc məbləği aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 14.722,22 manat; xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 16.016,67 manat; xx.xx.2017- ci il tarixli kredit müqaviləsi üzrə 12.762,50 manat; xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 35.119.44 manat; xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 35.119.44 manat. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil2 idda ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdeh xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Göründüyü kimi, xx.xx.2017-ci il tarixli reyestrdə 3M-137 № ilə qevd edilmiş 100.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı1 aldığı 100.000 manat məbləğində borcu hissə-hissə olmaqla (50.000 manat xx.xx.2017-ci il tarixdə, 50.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı, xx.xx.2017-ci il tarixli reyestrdə 3M- 90 № ilə qeyd edilmiş 120.000 manat məbləğində borcun etirafı haqqında müqaviləyə əsasən Cavabdeh İddiaçı1 xx.xx.2017-ci il tarixdə 120.000 manat məbləğində borc aldığını etiraf etmiş və həmin borc məbləğini hissə-hissə olmaqla (xx.xx.2017-ci il tarixdə 30.000 manat, xx.xx.2017-ci il tarixdə 45.000 manat, xx.xx.2017-ci il tarixdə 45.000 manat ) qaytarmağı, xx.xx.2017-ci il tarixli reyestrdə 3M-261 № ilə qeyd edilmiş 90.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı1 aldığı 90.000 manat məbləğində borcu hissə-hissə olmaqla (25.000 manat xx.xx.2017-ci il tarixdə, 35.000 manat xx.xx.2017-ci il tarixdə, qalan 30.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı, xx.xx.2017-ci il tarixli reyestrdə 3M-415 № ilə qevd edilmiş 140.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı1 aldığı 140.000 manat məbləğində borcu hissə-hissə olmaqla (40.000 manat xx.xx.2017-ci il tarixədək, 50.000 manat xx.xx.2017-ci il tarixədək, qalan 50.000 manat isə xx.xx.2017-ci il tarixədək) qaytarmağı və xx.xx.2017-ci il tarixli reyestrdə 3M-467 № ilə qevd edilmiş 235.000 manat məbləğində kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh İddiaçı2 aldığı 235.000 manat məbləğində borcu hissə-hissə olmaqla (85.000 manat xx.xx.2017-ci il tarixdə, 90.000 manat xx.xx.2017-ci il tarixdə, qalan 60.000 manat isə xx.xx.2017-ci il tarixdə) qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 9/4908 nömrəli xx.xx.2021 -ci il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixi üçün müəyyən etdiyi uçot faiz dərəcəsinin dəyəri 6,75 % təşkil etdiyini nəzərə alaraq İddiaçı1 və İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 38 saylı notariat kontoru vasitəsi ilə bağlanılmış kredit müqavilələri üzrə kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən iddia verilən xx.xx.2020-ci il tarixədək hesablanmış faiz məbləğləri aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 19687,50 manat (100000,0 x 6,75%/12 ay x 35 ay iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 24320,25 manat (120000,0 x 6,75% /12 ay x 36 ay iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 25200,00 manat (140000,0 x 6,75% /12 ay x 32 ay iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 17212,50 manat (90000,0 x 6,75% /12 ay x 34 ay iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 44944,60 manat (235000,0 x 6,75% /12 ay x 34 ay iddia tarixinədək); Eyni zamanda, kredit müqavilələrinin müddətinin bitdiyi tarixdən iddia verilən xx.xx.2020-ci il tarixədək, Mülki Məcəllənin 445-ci maddəsinin tələbi nəzərə alınaraq 5 faizlə hesablanmış məbləği aşağıdakı kimi müəyyən edilir: xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 14722,22 manat (100000,0 x 5%/360 gün x 1060 gün sayı iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 16016,67 manat (120000,0 x 5% /360 gün x 1081 gün sayı iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 19133,33 manat (140000,0 x 5% /360 gün x 984 gün sayı tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 12762,5 manat (90000,0 x 5%/360 gün x 1021 gün sayı iddia tarixinədək); xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə - 35119,44 manat (235000,0 x 5% /360 gün x 1076 gün sayı iddia tarixinədək); Beləliklə, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçılar verdikləri borcu tələb etməkdə haqlıdır. Həmçinin cavabdeh aldığı borcu vaxtında qaytarmadığına görə illik 5 % hesablanmış faiz məbləğləri və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq cavabdehə verilməldir. Bununla yanaşı, iddia tələbi bank uçot dərəcəsini əsas götürməklə hesablanmış məbləğlərin, əldən çıxmış fayda qismində tələb olunan pulun ödənilməsi və mənəvi ziyan hissələrində təmin edilməməlidir. Belə ki, iddiaçılar tərəfindən iddia tələbləri həmin hissələrdə kifayət qədər əsaslandırılmamış və sübutlar məhkəməyə təqdim edilməmişdir, həmçinin, iddiaçıların mənəvi iztirab keçirdikləri də iş materialları ilə öz təsdiqini tapmır və sübut olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, MM-nin 439.3-cü maddəsinin tələbinə görə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanmasının əsas şərti kimi, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olması göstərilmişdir. Lakin, iddiaçı tərəf cavabdehin həmin məbləğdən faydalanmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Qeyd edilən Məcəllənin 445.7-ci maddəsinə əsasə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “... kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər... Azərbaycan Respublikasının mülki qanunvericilik sistemində vicdanlılıq ümumi prinsip kimi mülki hüquq subyektləri üçün öz hüquq və vəzifələrini vicdanla yerinə yetirmək öhdəliyini nəzərdə tutur və istənilən mülki hüquq normasının tətbiqi zamanı bu prinsipin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu xx xxxxxx 2008-ci il tarixli Qərarının 10-cu bəndində izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü,peşə və sənəti,cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2., 77.1., 78.1.,80., 81-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli, işin gedişində təqdim olunmuş ancaq o sübutlar qəbul edilməli və nəzərə alınmalıdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olsun. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 100.000 manat əsas borc, illik 5 faizlə hesablanmış 14.722,22 manat olmaqla cəmi 114.722,22 manat, xx.xx.2017-ci il tarixli borcun etirafı haqqında müqavilə üzrə 120.000 manat əsas borc, illik 5 faizlə hesablanmış 16.016,67 manat olmaqla cəmi 136.016,67 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 90.000 manat əsas borc, illik 5 faizlə hesablanmış 12.762,50 manat olmaqla cəmi 102.762,50 manat, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 140.000 manat əsas borc, illik 5 faizlə hesablanmış 19.133,33 manat olmaqla cəmi 159.133,33 manat, ümumilikdə 512.634,72 (büş yüz iyirmi iki min altı yüz otuz dörd manat 72 qəpik) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulsun. Cavabdeh xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 235.000 manat əsas borc, illik 5 faizlə hesablanmış 35.119,44 manat olmaqla, cəmi 270.119,44 (iki yüz yetmiş min bir yüz on doqquz manat 44 qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu İddiaçı2 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq, VÖEN **********, m/h: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, MEM VÖEN **********, Hesab AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar