Məhkəmə qərarları › İş №2(004)-3131/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3131/2022

23.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3131/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən, xx.xx.2021-ci il tarixədək 4956,77 manat pul vəsaitinin **********105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021ci il tarixinədək 1640 manat pul vəsaitinin, fərqli saatlarda əsassız olaraq ümumilikdə silinmiş 6596,77 manat pul vəsaitinin "xxxx" ASC tərəfindən hesabına geri qaytarılması və hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun ona ödənilməsi vəzifəsinin "xxxx" ASC-nin üzrəinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan ***********105 və **********103 nömrəli "xxxx" ASC-dən aldığı ödəniş kartı üzrə hesablarından ona məlum olmayan artıq məbləğlər çıxılmışdır. "xxxx" ASC-yə bu barədə müraciət edərək, əsassız olaraq hesabından silinmiş məbləğin hansı səbəbdən silinməsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Həmin silinmiş vəsaitlərin ödəniş kart hesabına bərpa edilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini Ziraat Bank ASC-dən xahiş etmişdir. Ziraat Bank ASC tərəfindən müraciətinə cavab olaraq ona bu vaxta qədər hər hansı bir cavab məktubu ünvanlanmamışdır. Bildirir ki, ***********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021ci il tarixindən xx.xx.2021-ci il tarixədək 4956,77 manat pul vəsaitinin, **********105 nömrəli ödəniş kartı üzrə isə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 1640 manat pul vəsaitinin, fərqli saatlarda əsassız silinmiş ümumilikdə 6596,77 manat pul vəsaitinin hansı məqsədlə və nə üçün silindiyi ona məlum olmamışdır. O, daha əvvəl bu bardə məlumatlı olsaydı hər bir halda banka müraciət edərdi. Qeyd olunan hal ona həmin vaxt məlum olmuşdur ki, o dərhal banka müraciət etmişdir. Lakin bu günə qədər ödəniş kartı hesabından əsassız silinmiş məbləğ geri qaytarılmamışdır. Bu barədə Ziraat Bank ASC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülməmiş, əvəzində isə onun əmək haqqı kart hesablarını dondurularaq həmin kartlar üzrə əməliyyatlar həyata keçirilməsinə məhdudiyyətlər qoyulmuşdur. Kart hesabından pul vəsaitinin əsassız silinməsinə dair ödəniş sisteminin qayda və şərtlərinə uyğun olaraq araşdırma aparılmasını və əsassız silinmiş məbləğin geri qaytarılmasını (charge-back) yazılı qaydada tələb etmək onun hüququdur. Chargeback - müştərinin ərizəsi əsasında kart sahibinin ticarət nöqtəsində (internet-mağazada) apardığı kart əməliyyatının bank tərəfindən mübahisələndirilməsi prosesini özündə əks etdirir. Malların və ya xidmətlərin alınması ilə bağlı hər hansı bir əməliyyat qondarma və ya saxta ola bilər və heç kim bundan qorunmur. Üstəlik, bu, ödəmə kart vasitəsi ilə edildikdə baş verə bilər. Əgər satıcı onu aldadırsa və ya ödəniş onun xəbəri olmadan edilirsə, buna bank cavabdehlik daşımalıdır. Bu vəziyyətdə pul vəsaitini geri ala bilmək onun hüququdur və bunu etmək bankın borcudur. Cavabdeh ASC məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, iddia ərizəsi işin halları baxımından həqiqəti əks etdirmir və bu baxımdan maddi hüquq pozuntusu yaradır. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, “bank tərəfindən ona verilən **********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda 4956.77 (dörd min doqquz yüz əlli altı manat vetmis yeddi qəpik) manat *********105 nömrəli ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarxinədək 1640 (bir min altı yüz qırx) manat, cəmi 6596,17 manat onun iştirakı olmadan əsassız olaraq silinmişdir. Həmçinin iddiaçı bütün bu vaxt müddətində bu əməliyyatlardan xəbəri olmadığını bildirmişdir.” İlkin olaraq onu bildirir ki, iddiaçı X2 "xxxx" Firmasında əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Cavabdeh ASC ilə "xxxx" Firması arasında 06 noyabr 2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlarına dair əməkdaşlıq haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu Müqavilə, onun tərəflərindən biri olan “Sifarişçinin işçisi” olaraq iddiaçı X2 tərəfindən də imzalanmışdır. Həmin müqaviləyə görə Bankımız Firmanın işçilərinə əmək haqqı (debet) kartları təqdim edir və həmin kartlara xidmət göstərir. Müqavilənin 3.5.1-ci maddəsinə əsasən Müştəri kartdan istifadə qaydalarına düzşiin əməl etməli və kartın təhlükəsizliyini təmin etməlidir. Müqavilənin 3.5.2-ci maddəsinə əsasən Müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmavan şəxs tərəfindən qanunsuz istifadə edildikdə. Müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasitəsilə ilə "xxxx" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support Service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi ücün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMC tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir. Göründüyü kimi iddiaçı ərizəsində qeyd etmişdir ki, ödəniş kartlarından əsassız silinmələr bir kart üzrə 5 ay, digər kart üzrə isə 2 aya qədər davam etmişdir. Bildirmək istərdi ki əmək haqqı hər ay ödənilən vəsaitdir və debet kartında (kredit kartından fərqli olaraq) aylar ərzində cüzi belə azalmanı hiss etməmək mümkün deyildir. Bu müddət ərzində iddiaçı tərəfindən nə Banka, nə də "xxxx" MMC-yə əsassız silinmə barədə bir dəfə belə müraciət daxil olmamışdır. Bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə bankar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. Bu hal aralarında bağlanmış Müqavilənin 4.4.2-ci maddəsində də aydm şəkildə öz əksini tapmışdır. Həmin maddəyə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə Bank Sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Digər tərəfdən məlumat üçün bildirir ki, qeyd edilən əməliyyat texniki baxımdan da bankın təqsiri üzündən baş verə bilməz və iddiaçının ya özünün hərəkətləri ya da səhlənkarlığı nəticəsində baş vermişdir. Belə ki, müştərinin müraciətindən sonra etiraz əməliyyatlarına (Chargeback), yəni əməliyyatların aparıldığı tətbiqin xidmət olunduğu Bankdan əməliyyat məbləğlərinin geri tələb edilməsi prosesinə başlamazdan əvvəl aparılmış əməliyyatlar təhlil edilmişdir. Araşdırmalara əsasən müştərilərə aid kart hesablarından Apple Com tətbiqində əməliyyatlar aparılmışdır. Həmçinin bu tip müştəri müraciətlərində araşdırmaların nəticəsi olaraq Bank tərəfindən zəruri hesab edildikdə etiraz əməliyyatlarına başlanılır, zəruri hesab edilmədikdə isə başlanılmır və müştəriyə bu barədə məlumat verilir. Araşdırmaların nəticəsi olaraq qarşı tərəfə etiraz əməliyyatları irəli sürülməmişdir, çünki bu tətbiqdə əməliyyat aparmaq üçün mütləq şəkildə mobil telefonda Apple store tətbiqinə daxil olmaq lazımdır. Sonrakı addımda hər hansı xidməti almaq üçün tətbiq tərəfindən müştəridən eyniləşdirmə üsulları (mail parolunu, face İD, biometrik) tələb edilir və yalnız müvafiq məlumatlar daxil edildikdən sonra ödənişin aparılması mümkündür. Nəticə etibarilə, apple.com tətbiqində əməliyyat aparmaq istəyən şəxs öncə mobil telefonuna daxil olmalıdır, daha sonra eyniləşdirmə məlumatlarını yazaraq tətbiqdə alış-veriş etməlidir. Yəni qeyd edilənlərdən və etiraza əlavə edilmiş sənədlərdən də belə nəticəyə gəlinir ki bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Apple store tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarım daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və/və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir və müştəri bu barədə özü məlumat verənədək bankın bu halı bilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 972-ci maddəsinə görə Nağdsız hesablamalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara irıkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir. Göründüyü kimi nağdsız hesablaşmalardan biri də elektron hesablaşmalardır. İddiaçının da ödəniş kartından etdiyi əməliyyatlar nağdsız şəklində Apple com internet tətbiqindən olmuşdur. Bu halda da hesab üzərində sərəncamvermə yalnız müştərinin bildiyi eyniləşdirmə məlumatlarını daxil etməklə mümkündür. Bu isə iddiaçının ödəniş kartı üzrə hesabından olan silinmələrin guya onun təqsiri (birbaşa və ya dolayı) olmadan həyata keçirilməsi ehtimalını tamamilə istisna edir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək etirazda qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisə olunmayan tərəfi ondan ibarətdir ki, Cavabdeh ASC ilə "xxxx" Firması arasında xx.xx.2019-cu il tarixli “Bank hesabı (Fiziki şəxsin cari hesabı), debet kartın verilməsi və istifadəsi, əmək haqqı kartlaına dair əməkdaşlıq, fərdi müştərilər üçün internet və mobil bankçılıq xidməti haqqında” Qarışıq Müqavilə imzalanmışdır. Bu müqavilə onun tərəflərindən biri olan Sifarişçinin işçisi olaraq iddiaçı X2 tərəfindən də imzalanmışdır. Qeyd edilən müqavilənin müqavilələri 3.5.1-ci bəndinə əsasən müştəri kartdan istifadə qaydalarına düzgün əməl etməli və kartın təhlükəsizinini təmin etməlidir. Müqavilənin 3.5.2-ci bəndinə əsasən müştəri kartı itirdikdə, kart oğurlandıqda və ya səlahiyyətli olmayan şəxs tərətindən qanunsuz istifadə edildikdə müştəri dərhal bu fakt barədə mümkün kommunikasiya vasitələrindən (ən azı telefon, mobil, internet) istifadə etməklə Bankı məlumatlandırmalıdır. Müştəri aşağıda göstərilən telefon və internet saytı vasitəsilə ilə “Azərikard" MMC ilə əlaqə saxlaya bilər: əlaqə tel (customer support service): (994 12) 194; internet sayt: www.azericard.com. Bank kartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən qanunsuz istifadə edilməsi üçün məsuliyyət daşımır və bu bənddə göstərilən məlumatlandırma ilə bağlı xəbərdarlıq "xxxx" MMC tələbləri üzrə müəyyən edilən müddətdə qüvvəyə minir. Həmçinin müqavilənin 4.4.2-ci bəndinə əsasən Bank tərəfindən verilmiş plastik kartların itirilməsi, oğurlanması nəticəsində və ya hər hansı digər səbəbdən plastik kartlardan qanunsuz istifadə edilməsinə görə bank sifarişçi və ya onun işçiləri və digər şəxslər qarşısında məsuliyyət daşımır. Hazırkı mübahisədə iddiaçı 6596.77 manat məbləğində olan pul vəsaitinin geri qaytarılmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışda işarə qoyulmaqla mübahisələndirilmiş silinmələrin məbləği 3945.03 manat təşkil edir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş iddiaçıya məxsus hesabdan çıxarışdan görünür ki, mübahisələndirilən dövrlərdə iddiaçının kartından Apple.Com tətbiqində aparılmış əməliyyatlar nəticəsində 3945.03 manat silindiyi müəyyən edilir. İlk növbədə qeyd edilməlidir ki, bu tətbiqdə əməliyyat aparmaq üçün 2 şərt olmalıdır. Birincisi bu tətbiqdə əməliyyat aparmaq üçün şəxsin mobil telefonunda Applestore tətbiqinə daxil olmaq lazımdır. Sonrakı mərhələdə isə eyniləşdirmə məlumatlarını daxil etmək və əməliyyat aparmaq lazımdır. Nəticə etibarı ilə bu əməliyyat yalnız şəxsə aid olan mobil telefon və yalnız şəxsin bilməli olduğu eyniləşdirmə məlumatlarını daxil etməklə aparıla bilər. İddiaçı tərəfindən mobil telefonunun və ya eyniləşdirmə məlumatlarının başqası tərəfindən bu və ya digər yollarla ələ keçirilməsi birbaşa onun məsuliyyətindədir. Bu da iddiaçının bank kartı üzrə hesabından olan silinmələrin birbaşa və ya dolayı yolla onun təqsirinə görə silindiyini təsdiq edir. Bu səbəbdən də, istifadəçiyə məxsus plastik kartdan çəkilmiş məbləğlərə görə bank məsuliyyət daşımır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıa məxsus müxtəlif banklara aid kartlardan eyni dövrlərdə iddiaçının birbaşa və ya dolayı təqsiri olmadan aparılmış əməliyyatların nəticəsində əsassız olaraq vəsaitin silinməsi inandırıcı deyildir. Mülki Məcəllənin 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. Qanunvericiliyin mənasından göründüyü kimi hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi və öz əli ilə imza analoqlarından istifadəsi ilə yanaşı, eyni zamanda elektron ödəmə vasitələri, kodlardan, parollardan da, üztanıma sistemindən istifadə edilməklə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yəni hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun verilməsi üçün mütləq qaydada müştərinin yazılı tapşırığına (ödəniş tapçırığına) zərurət olmamaqla, bu hal sərancam hüqunun həyata keçirilməsi vasitələrindən biri kimi müəyyənləşdirilmişdir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” barədə tələbi əsassızdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Həmin Məcəllənin 954.3-cü maddəsinə əsasən bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz, habelə müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. Həmin Məcəllənin 957.1-ci maddəsinə əsasən hesabdan vəsaitin köçürülməsi və verilməsi haqqında müştərinin adından sərəncamlar verən şəxslərin hüquqları qanunda nəzərdə tutulmuş, qanuna əsasən bank qaydaları və bank hesabı müqaviləsi ilə müəyyənləşdirilmiş sənədlərin müştəri tərəfindən banka təqdim olunması yolu ilə təsdiq edilir. Həmin Məcəllənin 957.2-ci maddəsinə əsasən üçüncü şəxslərin tələbi ilə, o cümlədən müştərinin bu şəxslər qarşısında öhdəliklərini yerinə yetirməsi ilə bağlı tələbi üzrə müştəri pul vəsaitinin hesabdan silinməsi haqqında banka sərəncam verə bilər. Bank belə sərəncamları bu şərtlə qəbul edir ki, müvafiq tələb irəli sürülərkən onu irəli sürməyə hüququ çatan şəxsi eyniləşdirməyə imkan verən lazımi məlumatlar həmin sərəncamlarda yazılı formada göstərilmiş olsun. Həmin Məcəllənin 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Həmin Məcəllənin 964-cü maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir. Müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Həmin Məcəllənin 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. Həmin Məcəllənin 967.1-ci madəsinə əsasən bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Həmin Məcəllənin 967.3-cü maddəsinə əsasən bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə iddia tələbini bu hissədə təmin etməyərkən onu da nəzərə alır ki, iddiaçı tərəfindən məhkəməyə, onun bank hesablarına hər hansısa formada müdaxilə edilərək ona qarşı kiber cinayətin həyata keçirilməsi ilə bağlı hər-hansısa sübutlar; bu barədə polisə müraciət (şikayət) ərizəsi, cinayət işinin başlanılması və ya başlanılmasının rədd edilməsi barədə qərar və s. sübutları təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilmədiyindən, prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılmanın aparılmasına zərurət qalmadığından iddia tələbi “hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin tutulması” hissəsində də, əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı əsassız silinmiş məbləğin geri qaytarılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar