Məhkəmə qərarları › İş №2(004)-316/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-316/2022

14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-316/2022 14.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pulun və ya malın qaytarılması tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun və ya malın qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən alqı-satqı müqaviləsində "xxxx" markalı mobil telefonun alınması üçün xərclənmiş pulun geri alınması və ya cavabdeh tərəfindən mobil telefonun yenisi ilə əvəz edilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04.09.2019-cu il tarixdə onunla "xxxx" MMC arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müaviləsinə əsasən, "xxxx" markalı mobil telefon almışdır ki, MMC həmin mobil telefonla bağlı qızıl zəmanət təqdim etmişdir. Bir müddət mobil telefon istifadəsində olduğu zaman müəyyən qüsurlar meydana gəlmişdir ki, həmin qüsurların aradan qaldırılması üçün mobil telefonu 10.10.2019-cu ıl tarixdə düzəldilməsi üçün "xxxx" MMC “Servis Link”ə təqdim etmişdir. Telefon 2 həftəyə yaxın servisdə qaldıqdan sonra 28.10.2019-cu il tarixdə ona zəng olunaraq mobil telefonun hazır olduğunu və telefonu götürə biləcəyini qeyd etdilər. Servisə mobil telefonun qəbul edilməsi üçün getdikdə tələbi nəticəsində görülən işlər barəsində rəsmi məlumat aldı. Belə ki, telefonunun nasazlığı aradan qalxmamışdı və o, telefonu yenidən düzəldilməsi üçün servisə təhvil vermişdir. Lakin servis rəsmi qaydada yazılı olaraq ona nasazlığın və qüsurun aşkar olmadığını yazsada mobil telefon hələdə nasaz olaraq qalmışdır. O, son olaraq 06.11.2019-cu ildə mobil telefonu götürməyə getdikdə, mobil telefonda onun tərəfindən qüsurun aşkar olunduğunu yazılı olaraq bildirmişdilər. Baxmayaraq ki, bundan öncə servis yazılı arayışlarında qüsurun aşkarlanmadığını və mobil telefonun saz vəziyyətdə olduğunu möhürlü təsdiq etmişdirlər. O, hüququnun pozulması barədə şirkətin hüquqşünası Vüqar Həsənova dəfələrlə şikayət etsə də şikayətinə baxılmamışdır. Poçt vasitəsi ilə şikayət ərizəsini göndərsə də ona cavab gəlməmiş, şikayətinə baxmaq əvəzində ona xəbərdarlıq bildirişi göndərmişlər. Hazırki vaxta qədər həmin mobil qurğu istifadəyə yararsızdır, yəni qüsur həmin vaxtan bugünədək aradan qaldırılmamışdır. Mobil telefonu aldıqda qızıl zəmanəti olmasına baxmayaraq mobil telefon təmir edilməmiş və ya yenisi ilə də əvəz edilməmişdir. 07.04.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, qarşı tərəf telefonun onun tərəfindən xarab edildiyini iddia edir. Lakin qarşı tərəfin 2 ədəd ərizəsi var ki, orada qüsurun aşkar edilmədiyi, heç bir problemin olmadığı qeyd olunub. Əgər onun tərəfindən hər hansı qüsur olsaydı elə birinci yoxlanışda yazılardı. Lakin bu haqda heç nə yazılmayıb. Digər bir məsələ isə, qarşı tərəf ona deyir ki, "xxxx" MMC-nin servisinə getsin. Ancaq “Kontakt Home” ondan da böyük şirkətdir və onların özünün texniki olmalıdır. Onun işinə digər şirkətlərin texnikləri baxa bilməz. Telefonu hansı şirkətdən alıbsa, həmin şirkətin də texniki baxmalıdır. Hazırki məsələdə böyük bir məbləğdən söhbət getmir. Sadəcə onun işin üzərində durmağında səbəb “Kontakt Home”-un dövlətin qanunlarına əməl etməməsidir. Dövlətin qanunu var ki, 14 iş günü ərzində telefon düzəlmirsə, yenisi ilə əvəz olunur. Lakin buna da əməl olunmur. Əlavə olaraq cavabdeh tərəfindən qeyd olunub ki, dinamiklər dəyişilib. Əgər hər hansı bir qüsur olmamışdısa niyə dinamiklər dəyişirdi. O, bilirdi ki, telefonun sesi gəlmir, özləri yoxladılar və həqiqətən də gördülər ki, problem var və problemi aradan qaldırdılar. Onun 50 manatlıq telefonunun qızıl zəmanəti olub. O, aylığı 4 manat olan telefon üçün qızıl zəmanət alıb ki, telefon xarab olanda “Kontakt Home” telofonu düzəltməsin?! Mütəxəssis baxışına qəti şəkildə razı deyil, heç bir digər mütəxəssisə getməyəcək. Əgər qarşı tərəf istəyirsə telefonu düzəltmək, o, razıdır. İstər yenisini versinlər, istər düzəltsinlər, istərsə də ona yaxın başqa telefonla əvəz etsinlər. Lakin başqa mütəxəssiə getməyə qəti şəkildə narazılığını bildirir. Ele anlaşılmasın ki, telefon onun günahından qırılıb. Sadəcə, 50 manatlıq telefonda olan problemin böyük şirkət tərəfindən baxılmaması və düzəldilməməsi onda narazaşılıq yaradır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyanədəsi X2 izahat verərək bildirdi ki, şirkət müştərilər arasında fərq qoymur və müştəriyə yüksək keyfiyyətdə xidmət göstərmək üçün əlindən gələni edir. Burda telefonun istehlakçı tərəfindən xarab edilməsini onların əməkdaşlıq etdiyi sevis xidməti bildirib. Onlar da buna əsasən fikir bildiriblər. Əgər bunun belə olmadığını iddiaçı tərəf deyirsə, sübut etmək onun öhdəliyinə düşür. Sadəcə hazırda iddiaçının xeyrindən ötrü tövsiyyə edirlər ki, əgər servis tərəfindən deyilənlərlə razı deyilsə, o zaman istədiyi digər servislərə müraciət edib baxış keçirə bilər. O ki qaldı 14 gün məsələsinə, qeyd edilməlidir ki, zəmanətin davam etdiyi müddətdə telefonun düzəlməsi mümkün olmadıqda telefon yenisi ilə əvəz olunur. Yəni burda da problem istehsalçı tərəfindən olmadığına görə biz zəmanətlə bağlı hər hansı köməklik edə bilmirik. Sadəcə ödənişli şəkildə xidmət göstərə bilərik. Bundan əlavə "xxxx" MMC-nin İddiaçı qarşı pul tələbinə dair iddiası Səbail Rayon Məhkəməsində baxılmış və iddia təmin olunmuşdur. Həmin qətnamədən İddiaçı vermiş olduğu apellyasiya şikayəti təmin olunmamış və qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində hazırki iddiaya hüquqi qiymət verilmişdir. Belə ki, həmin şikayətdə də İddiaçı hazırki iddia tələbində qeyd etdiyi və əsaslandığı eyni fikirləri bəyan etmiş, lakin apellyasiya instansiya məhkəməsi şikayəti əsassız hesab etmiş və Səbail Rayon Məhkəməsinin "xxxx" MMC-nin xeyrinə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, hesab edir ki, həmin qətnamə hazırki işdə hüquqi əsas kimi qəbul oluna bilər. Telefonun istehlakçı tərəfindən xarab edilməsini onların əməkdaşlıq etdiyi sevis xidməti bildirib. Onlar da buna əsasən fikir bildirir. Beləliklə, sadalananlara əsasən iddianın əsassız hesab edilib, rədd edilməsi baradə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6896/2021 saylı, 17.07.2021-ci il tarixli qətnaməsindən müəyyən etmək olur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1272/2021 saylı, 30.04.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı 37 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinin predmenti olan "xxxx" markalı mobil telefonun qızıl zəmanət talonunundan görünür ki, məhsul 04.09.2019-cu il tarixdə alıcıya satıcı tərəfindən satılmış və bunun əsasında alıcıya iki illik zəmanət talonu verilmişdir. İş materiallarında olan 28.10.2019-cu il tarixli texniki rəylərdən görünür ki, cihaz diaqnostika edilmiş, malın ekranında, korpusunda dərin cızıqların, zədələrin, rənggetmələrin, qopuq, batıqların mövcudluğu aşkar edilmiş, texniki qüsur aşkarlanmamışdır. İş materiallarında olan 06.11.2019-cu il tarixli texniki rəydən müəyyən olunur ki, malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlıq, mexaniki təsir aşkar edilmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində avadanlığın eyni modelli yenisi ilə əvəz olunması və ya 50 manat dəyərində ona dəyən maddi zərərin ödənilməsi üçün Cavabdehn üzərinə öhdəlik qoyulması ilə əlaqədar qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıran hallara dair məhkəməyə hərhansı bir tutarlı sübut təqdim etməmiş, yalnız təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş zəmanət talonu, servis xidmətinin aktları ilə kifayətlənmişdir. Halbuki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Belə ki, iş materiallarında “Servis Link” texniki xidmət mərkəzinin təqdim etdiyi rəylər mövcuddur. Həmin rəylərdə də malda istehlakçı tərəfindən istifadə nəticəsində yaranmış nasazlığın, mexaniki təsirin aşkar edildiyi, ekranda, korpusda dərin cızıqların, zədələrin, rənggetmələrin, qopuq, batıqların mövcudluğu və eyni zamanda da tərəflər arasında bağlanmış texniki zəmanət talonunda da qeyd olunanların zəmanətə daxil olmayan hal olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 581.2-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: Həmin Məcəllənin 587.2.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; Həmin Məcəllənin 587.2.2-ci maddəsinə əsasən, lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Həmin Məcəllənin 587.3-cü maddəsinə əsasən, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir: Həmin Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsasən, istehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir əsaslı sübut təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar