Məhkəmə qərarları › İş №2(004)-3174/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3174/2021

17.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3174/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə 20.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(004)-7284/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, 26.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahdan 26.11.2015-ci il təvəllüdlü X3 adlı bir övladı var. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15.08.2019-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, X3 anasının yanında saxlanılmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(004)-7284/2019 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə uşağın saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilmişdir. Cavabdeh ata kimi yüksək qazanc əldə etməsinə baxmayaraq, azyaşlı uşağın maddi ehtiyaclarını ödəmək üçün iddiaçıya heç bir köməklik göstərmir. Onun uşağın saxlanılmasına, xəstəliyinin müalicəsinə və ehtiyaclarının ödənilməsinə (yemək, digər və dərmanlar) hər ay 300 manata qədər xərci çıxır. Bu səbəbdən hesab edir ki, Cavabdeh azyaşlı uşağının saxlanması üçün tutulan alimentin miqdarı dəyişdhirilməli və uşağın saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəmə iclasında gəlməmiş və gəlməməsinin səbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(004)-7284/2019 nömrəli qətnaməsinə əsasən ondan uşağın saxlanması üçün İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq 170 manat müəyyən edilmişdir. O, hər ay 170 manat alimenti ödəmişdir. Onun əlavə pul ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(004)-7284/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18.09.2018-cu il tarixli 2(004)-7092/2018 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh 26.11.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.12.2020-ci il tarixli 2(004)-5830/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Cavabdeh onun xeyrinə azyaşlı uşağının saxlanması üçün hər ay sabit pul məbləği şəklində 200 manat aliment tutulması” tələbinə dair iddiası rədd edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 175 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, 26.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi qalan hissədə, yəni cavabdehdən 25 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 17.12.2019-cu il tarixli 2(004)-7284/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 170 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin, 26.11.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar