Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3188/2022 14.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə açıq mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1030 (min otuz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 26 saylı evin 95 nömrəli mənzili xüsusi mülkiyyətindədir. Həmin binanın 96 nömrəli mənzili onun mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. xx.xx.2021-ci il tarixdə o, mənzilində olarkən səhər saatlarında 09:15 radələrində yataq otağının tavanından döşəməyə su axması səsini eşidib dərhal həmin otağa keçmişdir. Bu zaman o, həmin otağın, balkonun, mətbəxin və hamamın tavanından və divarlarından üst qonşudan su axdığını görmüşdür. O dərhal yuxan mərtəbəyə qalxıb mənzilin sakinlərinə xəbər etmiş və oradan ona bildirmişlər ki, mətbəxdə olan paltaryuyan maşına gedən su borusu deşilib və su axmağa başlayıb. Mənzilə daxil olan su kranının bağlanmasına baxmayaraq paltaryuyan maşınına gələn borudan su dayanmamış, saat 12:00 da “Azərsu" ASC-nin qəza xidməti gəlib mənzildə paltaryuyan maşına gedən su borusunu bağlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin səhlənkarlığı nəticəsində mənzilindən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin tavan, divar və döşəməsi istifadəyə yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, ona məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulmuşdur və cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Cavabdehin təqsiri üzündən mənzilinə su axıdılması nəticəsində ona dəymiş zərər təxminən 1000 manat təşkil edir. Hesab edir ki. cavabdeh mənzilimə çəkilən xərci ödəməkdən qəsdən boyun qaçırdığıdan ondan mənzilinin tavanı, divarları və döşəməsinin təmiri üçün dəymiş 1000 manat maddi zərər məhkəmə qətnaməsi ilə tutulub ona ödənilməlidir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə əsl olmayan cavabdeh X2 əsl olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə protokola (yerində müşavirə edilməklə) qeyd edilməklə iş üzrə əsl olmayan cavabdeh X2 əsl olan Cavabdeh ilə əvəz edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onun qızına məxsus evə qonşunun evindən su sızmış və sızma nəticəsində onların mənzili yararsız hala düşmüşdür. Bu hal müvafiq mənzil kommunal təsərrüfat birlinin aktı ilə də öz təqsdini tapmışdır. Eyni zamanda qeyd edir ki, ekspert tərəfindən dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, evə dəymiş ziyanın miqdarını 1000 manat qeyd etsələr də, ziyanın əsl məbləği 1500 manat civarındadır. Mənzilin hazırki qiymətlərlə təmiri üçün onun tərəfindən smeta tutulmuş və həmin smetaya əsasən 1500 manat xərc tələb olunur. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. İddiaçı onlara məxsus mənzilə hüquqlarını müdafiə etdiyi şəxsə məxsus mənzildən su sızmasını bildirsə də, bu belə olmamışdır. Belə ki, cavabdehin də mənzilinə həmin vaxt su sızmış və bu barədə müvafiq akt da tərtib edilmişdir. Cavabdeh yaranmış ziyanı öz hesabına aradan qaldırmışdır. İddiaçıya da məxsus mənzilə axıdılmış su məhz elə həmin vaxt baş vermiş sızmanın nəticəsidir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: DƏDRX-nin RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 26, mənzil 95 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. 5 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli aktından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 26, mənzil 96-nın mətbəx hissəsində su xətti sıradan çıxdığından axan su alt mərtəbədə yerləşən 95 nömrəli mənzilə axmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 26, mənzil 96 Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/207 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 26 nömrəli evin, 95 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 921 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə ekspert rəyi ilə ünvan 1 ünvanda yerləşən və cavabdehə məxsus 96 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 921 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 921 (doqquz yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qimsən təmin edilsin. Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 921 (doqquz yüz iyirmi bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-3188/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3188/2022
14.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver