Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3190/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 21.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 13.11.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 17000 manat borc, 390 manat əlavə faiz, 6000 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirir ki, Cavabdeh on üç noyabr iki min iyirminci il tarixində Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıdan on min ABŞ dollarının manatla məzənnəsini təşkil edən on yeddi min manat məbləğində borc pul almışdır. Cavabdeh göstərilən həmin məbləği 01.12.2020-ci il tarixinədək qaytarmağı öz üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq, cavabdeh bu günə kimi müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Borcun geri qaytarılması ilə bağlı çoxsaylı xəbərdarlıqlarına baxmayaraq, cavabdeh hələ də iddiaçıya məxsus pul vəsaitini qanunsuz olaraq öz istifadəsində saxlamaqla iddiaçıya maddi və mənəvi ziyan vurmaqdadır. Belə olan halda iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, iddia tələbi tam əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunan həmin kredit müqaviləsinin 9-cu bəndinə əsasən, borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir xəbər verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 50 saylı notariat ofisində bağlanmış 13.11.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 01.12.2020-ci il tarixədək qaytarmaq şərti ilə 10000 ABŞ dollarının manatla məzənnəsini təşkil edən 17000 manat məbləğində borc verilmişdir. İş materiallarında olan 13.11.2020-ci il tarixli qəbzə əsasən İddiaçı tərəfindən 50 saylı Notariat şöbəsinə 17000 manat məbləğində pul köçürülmüşdür. Beləliklə, iş materialları ilə sübut olunur ki, tərəflər arasında 17000 manat verilməsi barədə borc müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Məhkəmə o cümlədən qeyd edir ki, borc müqaviləsindən görünür ki, borc manatla verilmiş, eyni zamanda manatla ödəniş edilmişdir. Məhkəmə iddia tələbini cavabdehdən 17000 manat borcun tutulması hissəsində əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, iddia İddiaçı xeyrinə 17000 manat məbləğində pulun tutulması hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddiaçı eyni zamanda əlavə faiz və əldən çıxmış faydanın ödənilməsini də tələb edir. Məhkəmə qeyd edir ki, iddia bu hissədə təmin edilə bilməz, çünki bu tələbin təmin edilməsi üçün əsas yoxdur. Həmçinin kredit müqaviləsində kreditin faizlə ödənilməsi və faiz dərəcəsi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13.11.2020ci il tarixli kredit müqaviləsi üzrə 17000 (on yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 13.11.2020-ci il tarixli kredit müqaviləsi üzrə 17000 (on yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3190/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3190/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver