Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3195/2025 27.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: avtomobil alqı-satqı müqaviləsi, pul) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X1 qarşı pulun tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı “Toyota Prius” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. Etibarnamə 4 il, 6 ay, 21 gün müddətinə verilmişdir.
2. “Zaur prius” adlı şəxslə “Whatsapp” sosial mesajlaşma platformasında yazışmalardan çıxarışdan görünür ki, “İlkin ödəniş 3300 manat verdim, 36 ay 550 manatla götürdüm. 200 manat borclu qaldım, 2 günə verirəm” mesajına qarşı tərəf “Düzdür qardaş” cavabını vermişdir.
3. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərin kart mütəmadi olaraq, əksəri 190 manat məbləğdə olmaqla ödənişlər edilmişdir.
4. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 ********** VÖEN üzrə təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı ilə məşğuldur.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
5. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 22300 manat manat məbləğdə pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, 2021-ci ilin dekabr ayında avtomobil almaqla bağlı turbo.az saytında axtarış zamanı qarşısına Cavabdeh2 elanı çıxmış, onunla telefonla danışdıqda bildirmişdir ki, “Tayota Prius” markalı, **-DU-*** nömrəli avtomobili satır. Daha sonra Zaurla görüşmüş, avtomobili kreditlə 23300 manata satdığını bildirmiş, ilkin ödəniş 3500 manat, 36 ay müddətində aylıq ödənişlər 570 manat məbləğə razılaşmışlar. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində onun adına avtomobili idarə etmək üçün etibarnamə vermişdir və həmin vaxtdan ödənişlərə başlamışdır. xx.xx.2024-cü il tarixə kimi cavabdehlərin müxtəlif bank kartlarına cəmi 22300 manat pul ödəmişdir. 2024-cü ilin noyabr ayında o cavabdeh Zaura ödənişlərin artıq bitdiyini, razılaşmaya uyğun olaraq maşını onun adına keçirməsini bildirmiş, Meyvəli bazarı yaxınlığında qeydiyyat şöbəsində rəsmiləşmənin aparılacağı yerə onu götürməyi ondan xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh Zaurla görüşərək polis qeydiyyat şöbəsinə yollanmış, lakin həmin yerə çatanda iş vaxtı bitdiyinə görə avtomobili onun adına keçirmək mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə onunla görüşəcəyinə söz versə də gəlib çıxmamışdır. Elə həmin gün yol polisi avtomobili idarə edərkən onu saxlamış, onun adına olan maşını sürmək üçün olan etibarnamənin ləğv edildiyini, avtomobili cərimə meydançasına aparacağını bildirmişdir. Başına gələnlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişdir. 102 xidmətinə zəng etmiş, ilk dəfə araşdırma Nəsimi RPl-nin 19-cu PŞ-də olmuş, izahatı alınmışdır. Toplanmış material istintaq aidiyyəti üzrə Bakı şəhəri Nəsimi RPl-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə iş Yasamal RPİ-nin istintaq şöbəsinə göndərilmişdir. Cavabdehlər ona münasibətdə dələduzluq edərək pulu ələ keçirmişlər. Cavabdehlərə 22300 manat pul ödəməyinə baxmayaraq maşını idarəetmə üçün verilmiş etibarnamə qəsdən ləğv edilmiş, maşın ondan alınmışdır. Belə çıxır ki, cavabdehlərin əslində avtomobili ona satmaq niyyətləri olmamış, məqsədləri onun 22300 manat pulu ələ keçirmək olmuşdur. Nəticədə o 22300 manat məbləğində maddi ziyana məruz qalmışdır.
b) iddiaya etiraz
7. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları
8. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, iddiaçıya avtomobili icarəyə vermiş, satmaq məqsədi olmamışdır. İddiaçının qeyd etdiyi gün qeydiyyat şöbəsinə getmişlər, lakin məqsədi avtomobili iddiaçının adına keçirmək yox, avtomobilin qeydiyyat şəhadətnaməsində mühərrik nörməsinin yazılması olmuşdur. Bu hadisələrdən təxminən bir həftə qabaq Sadıx avtomobili daha ucuz qiymətə ona satmağı təklif etmiş, o isə razılaşmamışdır.
10. Əvvəlki məhkəmə iclasında şahid qismində dinidirilmiş Şahidh oğlu ifadəsində bildirmişdir ki, İddiaçı onun bacısı qızının əridir. Sadıx ona avtomobilin iki aylıq pulunu ödəyib, öz adına rəsmiləşdirməyə onunla getməyi təklif etmişdir. Meyvəli ərazisi yaxınlığında idarəyə Sadıxla getmiş, axşam saatları getdiklərinə və saat gec olduğuna görə rəsmiləşdirməni həyata keçirə bilməmişlər, işlər səhəri günə qalmışdır. Səhəri gün avtomobili polis əməkdaşları saxlamışdır.
11. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X4 ifadəsində bildirmişdir ki, Zaurla birlikdə avtomobil işi ilə məşğuldur. Zaur icarəyə avtomobillər verir. Sadıxı təxminən 2 il əvvəl Zaurdan icarəyə avtomobil götürəndə görmüşdür. Həmin gün Sadıxın günün hansı saatı gəldiyi yadında deyil. Sadıxı əvvəllər tanımamış, sonradan heç vaxt görməmişdir. Həmin gün Zaurdan avtomobil götürməyə gələn başqa heç kim yadında deyil.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, Zaurla birlikdə maşınların təmiri işinə baxır. Sadıxı indiyə kimi təxminən 1 il əvvəl bir dəfə görüb. O, Zaurla birlikdə avtomobilin texniki pasportunda düzəliş edilməsi məqsədi ilə getmişdir. Sadıxı orada görmüşdür. Həmin vaxt texniki pasportun nömrəsi dəyişilib. X7 danışığı olmuş, Sadıx Zaurdan maşını almaq istəmiş, Zaur 9000 manat istəyərək maşını onun adına keçirməyi təklif etmişdir. Sadıx isə 5000-6000 manatla razılaşacağını bildirmişdir. Tərəflər arasında bununla bağlı razılıq olmamışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
Məhkəmə baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
16. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “Toyota Prius” markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçının sahibliyinə verilmişdir. Avtomobil cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmuş, iddiaçıya Cavabdeh2 tərəfindən verilmişdir. Avtomobilə dair verilmiş etibarnamə cavabdeh tərəfindən ləğv edilmişdir.
17. Mübahisəli məqam ondan ibarətdir ki iddiaçı avtomobili hissə-hissə ödəmək şərti ilə, nisyə alqı-satqı müqaviləsi ilə əldə etdiyini, cavabdeh isə avtomobili icarəyə verdiyini bildirir.
18. İşdəki mövcud sübutları kompleks şəkildə qiymətləndirdikdə məlum olur ki, tərəflər arasında avtomobilə dair alqı-satqı müqaviləsi bağlanmışdır.
19. İş materiallarına əlavə edilmiş “Whatsapp” sosial mesajlaşma platformasında yazışmalardan çıxarışdan görünür ki, iddiaçı və Cavabdeh2 arasındakı avtomobilə dair baş tutmuş yazışmaların ümumi məzmununu avtomobilin alqı-satqısı barədə olmuşdur. Belə ki, avtomobillə bağlı ilkin danışıqlar zamanı iddiaçının Cavabdeh2 ilkin ödəniş olaraq 3300 manat verməsi ilə bağlı mesaja cavabdehin təsdiqləyici xarakterli cavab verməsi, sonralar iddiaçının bir neçə dəfə qalıq ödənişlərini yekunlaşdırdığını bildirib, avtomobilin adına rəsmiləşdirilməsini tələb etməsi tərəflər arasındakı münasibətin avtomobilin hissəli ödənişlə alqı-satqısı barədə olduğu yöndə qənaət formalaşdırır.
20. Cavabdeh bu sübutla bağlı, iddiaçı ilə arasında olan yazışmaların məzmununu dəqiq xatırlamadığını, lakin iddiaçının bu yazışmaların mətnini texniki əməliyyatlarla dəyişə biləcəyini fərziyə olaraq irəli sürmüşdür. Lakin məhkəmə cavabdehin qeyri-real fərziyədən ibarət olan, hər hansı əsaslı şübhə yaratmayan bu dəlillərini qəbul etmir.
21. İddiaçı və cavabdeh arasındakı razılaşmanın avtomobilin mülkiyyətə verilməsi yönündə olması ilə bağlı iddiaçının digər dəlili ödənişlər bitdikdən sonra avtomobilin mülkiyyətə keçirilməsi üçün cavabdehlə birlikdə qeydiyyat idarəsinə getmələri, lakin iş saatı bitdiyinə görə qeydiyyatın tamamlanmaması, səhəri gün isə etibarnamənin cavabdeh tərəfindən ləğv edilməsi barədədir.
22. İşin faktiki halına münasibətdə iddiaçı tərəfindən təqdim edilən Şahid həmin gün idarəyə avtomobilin iddiaçının adına keçirilməsi məqsədi ilə gedildiyini, cavabdeh tərəfindən təqdim edilən şahid Çingiz Hacıyev isə avtomobilin texniki pasportunda mühərrik nömrəsinin dəyişdirilməsi ilə bağlı gedildiyini, yəni məqsədin avtomobilin iddiaçının adına rəsmiləşdirilmək olmadığını bildirmişdir.
23. Görünüyü kimi, eyni faktiki halla bağlı hər iki tərəfin şahidlərinin ifadələri mahiyyətcə bir-birinə ziddir. Bu halda adı çəkilən şahidlərin ifadələri bu faktın təsdiqi və ya təkzibi baxımından yetərli deyil.
24. Lakin, işin digər halları hadisələrin iddiaçının dedikləri yöndə cərayan etdiyini deməyə əsas verir.
25. İş materiallarında olan iddiaçıya avtomobili idarə etmək üçün verilmiş xx.xx.2022-ci il tarixli etibarnamənin müddəti 4 il 6 ay 21 gün müəyyənləşdirilmişdir. Cavabdeh isə iddiaçı ilə aralarındakı şifahi icarə müqaviləsinin müddətini xatırlamadığını, lakin 2 ya 3 il müddətinə bağlandığını bildirmişdir. Əgər tərəflərin razılaşması cavabdehin qeyd etdiyi formada olmuşdursa, yəni müddət bitdikdən sonra avtomobilin iddiaçıya qaytarılması razılaşdırılmışdırsa etibarnamənin nəyə görə daha uzun müddətə verilməsi müəmmalıdır. Bu barədə tutarlı dəlil irəli sürülməmişdir. Bu ehtimalda etibarnamənin razılaşdırılmış müddətə uyğun verilməsi daha məntiqə uyğun olardı ki, sonradan etibarnamənin ləğv etdirilməsinə də zərurət olmasın.
26. Digər tərəfdən mübahisə obyekti avtomobil cavabdehlərdən Cavabdeh1 mülkiyyətində olmuşdur və “Elektron məhkəmə” informasiya sistemindən sonuncu barəsində əldə edilmiş məlumatdan görünür ki, o təzə və istifadə olunmuş minik avtomobillərinin pərakəndə satışı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur.
27. Məhkəmə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Sahib Qurbanovun ifadəsinə isə təndiqi yanaşaraq, mötəbər sübut qismində qəbul etmir. Belə ki, X8- Hənifəzadəni əvvəllər tanımadığını, sonradan da heç vaxt görmədiyini, ümumiyyətlə yaddaşının hazırda yaxşı olmadığını bildirməsinə baxmayaraq bir neçə il əvvəl Sadıxın Zaurun yanına gələrək avtomobil götürdüyünü, onların danışığının avtomobilin icarəyə götürülməsi barədə olmasını xatırladığını qeyd etmişdir. Lakin, şəxsin əvvəllər ümumiyyətlə tanımadığı, sonradan isə heç vaxt görmədiyi, yəni onun üçün heç bir xüsusi əlaməti olmayan bir şəxsin bir neçə il əvvələ aid bir epizodunu dəqiq xatırlaması inandırıcı və ağlabatan deyil. Xüsusi ilə Sahib Qurbanovdan həmin vaxt Zaurun yanına gələn tanımadığı digər şəxslər barəsində də məlumatların yadında qalıb-qalmaması soruşulmuş, o bu suala digər şəxslərin yadında qalmadığı bildirərək cavab vermişdir.
28. Göründüyü kimi, tərəflər arasında hissə-hissə ödəmək şərti ilə alqı-satqı müqaviləsi bağlandığı formal həqiqət olar işin halları sübut olunur. Lakin, avtomobil rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşya olduğundan, avtomobilə dair şifahi alqı-satqı müqaviləsinin bağlanması qanuni təminat altında deyil. Forma şərtinə əməl edilmədiyindən bu əqd etibarsızdır və etibarsızlığın nəticəsi olaraq hər bir tərəf əqd üzrə aldıqlarını digər tərəfə qaytarmalıdır.
29. İddiaçı tərəfindən cəmi 22300 manat məbləğdə ödənişlər edildiyi qeyd olunsa da iş materiallarında olan qəbzlərlə və ilkin olaraq 3300 manat ödənildiyi barədə “Whatsapp” mesajlaşma platformasından çıxarışla iddiaçı tərəfindən cəmi 21101,10 manat məbləğdə ödəniş həyata keçirildiyi təsdiq edilir.
30. Ödəniş qəbzlərindən pulların bir hissəsinin Cavabdeh1 hesabına köçürüldüyü görünsə də Cavabdeh2 ödənişlərin hamısının onun hesabına daxil olduğunu bildirmişdir.
31. Ona görə də, iddia qismən təmin edilməli, Cavabdeh2 21101,10 manat məbləğdə pul İddiaçı xeyrinə tutulmalıdır.
32. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 21101,10 manat məbləğdə pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməlidir.
33. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 21101,10 manat məbləğdə pul Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə