Məhkəmə qərarları › İş №2(004)-3201/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3201/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3201/2024 28.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "Lifan X-60 markalı avtomobilin və ya ödənilmiş 8383 manat pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "Lifan X-60 markalı avtomobilin və ya ödənilmiş 8383 manat pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə Cavabdeh MMC-dən nisyə alqı-satqı müqaviləsinə əsasən Lifan X-60 markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. İddiaçı alıcı qismində 2000 manat, qalıq məbləği isə 36 ay müddətinə aylıq 491 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 2000 manat ilkin və 13 ay ərzində 491 manat olmaqla ümumilikdə 8383 manat pul Cavabdeh MMC-yə ödəmiş, ödənişdə hər hansı gecikmə olmamışdır. 2015-ci il tarixdə həmin avtomobil qəzaya düşmüş və cavabdehin tələbi ilə avtomobil cavabdehə təhvil verilmişdir. Cavabdeh bildirmişdir ki, yeni avtomobil və sığorta ödənişi iddiaçıya veriləcəkdir. Lakin, indiyə kimi iddiaçıya avtomobil və ya müvafiq ödəniş edilməmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 8383 manat pulun və ya Lifan X-60 markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, sadəcə məhkəməyə yazılı etiraz təqdim etmişdir. Etirazda qeyd edilmişdir ki, 26 aprel 2014-cü il tarixində Cavabdeh MMC ilə İddiaçı arasında nisyə alqı-satqı müaviləsi bağlanmışdır və bu muqaviləyə görə Cavabdeh MMC-nin mülkiyyətində olan buraxılış ili 2014-cü il, ** PT *** dövlət qeydiyyat nişanlı Lifan X-60 markalı nəqliyyat vasitəsi İddiaçı təhfil verilmişdir. Müqavilə şərtlərinə görə Lifan X-60 markalı nəqliyyat vasitəsinin ümümi dəyərinin yəni 19676 manatın 2000 manatını ilkin ödəniş, qalan məbləğin isə 36 ay müddətinə aylıq ödəniş 491 manat olmaqla nisyə satılmışdır. İddiaçı qeyd etdiyi kimi müqaviləyə əsasən onun tərəfindən 2000 manat birdəfəlik və 13 (on üç) ay müddətində hər ay 491 manat olmaqla cəmi 8383 manat ödəniş olunmuşdur. 2015-ci il tarixində Cavabdeh MMC-nin mülkiyyətində olan buraxılış ili 2014-cü il, ** PT *** dövlət qeydiyyat nişanlı Lifan X-60 markalı nəqliyyat vasitəsinə İddiaçı tərəfindən 13500 manat məbləğində zərər vurulmuş və nəqliyyat vasitəsi Cavabdeh MMC-nin servis mərkəzinə İddiaçı tərəfdən könüllü olaraq təhvil verilmişdir. Bildirmək istəyirik ki, sözü gedən nəqliyyat vasitəsinə vurulan zərərin məbləği Cavabdeh MMC-yə edilən ödənişlərdən 5117 manat az olduğu üçün (13500-8383=5117) Cavabdeh MMC-yə İddiaçı tərəfdən 5117 manat məbləğindən zərər vurulmuşdur. İş materiallarına tərəflər arasında bağlanmış 26 aprel 2014-cü il tarixli 43 nömrəli alqı-satqı müqaviləsi, ödəniş cədvəli, qəza nəticəsində avtomobil barədə tərtib edilmiş qüsur aktı və təhvil-təslim aktı əlavə edilmişdir Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış 26 aprel 2014-cü il tarixli 43 nömrəli alqı-satqı müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. MM-in 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Cavabdehin yazılı etirazda qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla 26 aprel 2014-cü il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır və bu muqaviləyə görə Cavabdeh MMC-nin mülkiyyətində olan buraxılış ili 2014-cü il, ** PT *** dövlət qeydiyyat nişanlı Lifan X-60 markalı nəqliyyat vasitəsi İddiaçı təhfil verilmişdir. Müqavilə şərtlərinə görə Lifan X-60 markalı nəqliyyat vasitəsinin ümümi dəyərinin yəni 19676 manatın 2000 manatını ilkin ödəniş, qalan məbləğin isə 36 ay müddətinə aylıq ödəniş 491 manat olmaqla nisyə satılmışdır. İddiaçı qeyd etdiyi kimi müqaviləyə əsasən onun tərəfindən 2000 manat birdəfəlik və 13 (on üç) ay müddətində hər ay 491 manat olmaqla cəmi 8383 manat ödəniş olunmuşdur. 2015-ci il tarixində Cavabdeh MMC-nin mülkiyyətində olan buraxılış ili 2014-cü il, ** PT *** dövlət qeydiyyat nişanlı Lifan X-60 markalı nəqliyyat vasitəsinə İddiaçı tərəfindən 13500 manat məbləğində zərər vurulması xüsusatı mülki işin mübahisəsiz halıdır. Məhkəmə tərəflər arasında yaranmış müqavilə münasibətlərini lizinq münasibəti kimi deyil, alqı-satqı münasibəti kimi qiymətləndirir. Müqavilə öhdəlikləri üzrə Alıcı aylıq ödənişləri həyata keçirməklə avtomobilə mülkiyyət hüququ əldə edir. Cavabdehin etirazda qeyd etdiyi xüsusatlar sübuta yetirilmir, sadəcə mülahizə xarakteri daşıyır. Baş vermiş yol nəqliyyat hadisəsi sözügedən avtomobilin Satıcı tərəfindən geri tələb edilməsinə əsas ola bilməz. Satıcı yalnız müqavilə üzrə ödənişlərin davam etdirilməsini Alıcıdan tələb etməli və ya müqavilənin ləğvi (tərəflərdən biri və ya hər ikisi tərəfindən) həyata keçirilməlidir. Avtomobilin təmiri ilə bağlı proseslər (sığorta və s.) Alıcı tərəfindən həyata keçirilməlidir. Həmçinin, müəyyən edilir ki, sözügedən qəza avtomobilin zədələnməsinə səbəb olmuş, tam məhvi və ya yararsız vəziyyətə düşməsi ilə nəticələnməmişdir. Hazırki mülki iştə situasiyanın təhlili nəticəsində müəyyən edilir ki, sözügedən müqavilənin ləğvi artıq baş tutmuşdur (2015-ci ildə). Avtomobilin fiziki olaraq artıq mövcud olmaması xüsusatı əsas götürülməklə avtomobilin geri qaytarılmasının təmin edilməsi praktik və mümkün hesab edilmir. Belə ki, Azərbaycan Respublikası adından qəbul edilən məhkəmə qərarının icrası mümkün olmalı, qərar formal əsaslarla qəbul edilməməlidir. Odur ki, iddia tələbi üzrə müqavilə üzrə ödənilmiş müvafiq pul vəsaitinin cavabdehdən tutulması əsaslı hesab edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, üzərinə düşən sübutetmə funksiyasını təşkil etməmişdir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMCdən 8383 (səkkiz min üç yüz səksən üç) manat pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı "Lifan X-60 markalı avtomobilin və ya ödənilmiş 8383 manat pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən 8383 (səkkiz min üç yüz səksən üç) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar